Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:31

Müxalifətin birlik problemi…


Müxalifətin birgə əməkdaşlığı barədə danışıqlar hələ ki effekt vermir

Müxalifətin birgə əməkdaşlığı barədə danışıqlar hələ ki effekt vermir

Müxalifətin Əməkdaşlıq Mərkəzində bir araya gəlib seçkinin nəticələrini tanımayan partiyaların daha sıx əməkdaşlıq göstərmək istiqamətində müzakirələri hələ ki, effekt vermir. Müzakirələrin mərkəzində yenə Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyası dayanır. AXCP - AMİP və Demokrat, Müsavat isə Liberal və Vətəndaş və İnkişaf partiyalarını müxalifətin gələcək əməkdaşlığında görmək istəmir.

AXCP sədrinin müavini Həsən Kərimovun fikrincə, Müsavatın Azərbaycan Demokrat Partiyasını da bu müzakirələrə qatmaq istəyi əməkdaşlığa ciddi şəkildə mane olur. Onun fikrincə son prezident seçkilərində hakimiyyətin maraqlarına xidmət edən bir siyasi qüvvə ilə prinsipial əməkdaşlıq mümkün deyil.
Həsən Kərimov: «Demokrat partiyası hakimiyyətlə əməkdaşlığa, daha doğrusu bazarlığa can atırsa hansı əməkdaşlıqdan söhbət gedə bilər. Biz hamıya və o cümlədən Müsavata da demişik ki, ancaq real müxalifətlə əməkdaşlığa gedəcəyik».

Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə deyir ki, əgər cəbhə və Müsavat əməkdaşlığa getmək istəmirsə, onların adını heç hallandırmasınlar. ADP-nin heç bu əməkdaşlığa ehtiyacı yoxdur. Sərdar Cəlaloğlunun fikrincə onun partiyası bazarlığa getməyib, sadəcə hakimiyyətlə konstruktiv əməkdaşlığa çalışaraq real siyasət aparır:
«Biz də AXCP kimi bazarlığa getsəydik səs toplamaya-toplamaya 2 dönəm gedib parlamentdə oturar, cah-cəlal içində yaşayardıq».

Azərbaycan Xalq Cəbhəsi Partiyası əməkdaşlıqla bağlı Müsavata bir layihə təklif edib. Həmin layihədə yeni vahid bir blokun yaradılması zəruri sayılır. Üstəlik bloka daxil olan partiyalar bir-biri qarşısında öhdəlik götürməlidir. Müsavat partiyası İcra Aparatının Rəhbəri Arif Hacılı isə hesab edir ki, yeni seçki blokunun yaranması tezdir:

«İkincisi həm xarici, həm daxili məsələlərlə bağlı birgə mövqe ortalığa qoymağı, bir blokda gücündən, mövqeyindən aslı olmayaraq bütün partiyalarla bir-biri qarşısında qarşılıqlı öhdəlik götürməyi biz düzgün saymırıq».

«Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirov isə deyir ki, əgər müxalifət cəmiyyətin müqavimət imkanlarını özünə qaytarmaq istəyirsə, mümkün qədər bir yerdə olmalıdır. Üstəlik o, qarşılıqlı öhdəlik olmadan əməkdaşlıq göstərməyi qeyri mümkün sayır: «Əməkdaşlıq yalnız müəyyən prinsiplər ətrafında qarşılıqlı öhdəlik götürməklə mümkün olur. Yəni nə üçün, hansı məqsədlə və hansı üsullarla mübarizə aparmaq istəyirsən. Əks halda o nə əməkdaşlıq olacaq?..»

Rauf Mirqədirovun sözlərinə görə, bu məsələnin nə qədər sadə olduğunu müxalifət partiyalarının rəhbərləri də bilməmiş deyil. Onun fikrincə sadəcə bəzi müxalifət partiyaları ya indi, ya da ümumiyyətlə real əməkdaşlıq istəmir.

Şərhləri göstər

XS
SM
MD
LG