Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:26

Gənclər Nazirliyi kimindir?


Gənclərin Gənclər Nazirliyinə münasibəti fərqlidir

Gənclərin Gənclər Nazirliyinə münasibəti fərqlidir

Gənclər və İdman Nazirliyinin gənclərlə işbirliyi nədən ibarətdir? Nazirlikdə gənclərə qarşı ayrı-seçkiliyin olduğunu iddia edən müxalifət gəncləri nə dərəcədə haqlıdırlar?

Bu mövzunu gənclər «Azadlıq» radiosunun «14-24» proqramında Gənclər və İdman Nazirliyi Gənclər Təşkilatları ilə İş Sektorunun müdiri Fuad Babayev, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Ramin Həsənov müzakirə ediblər.

Nazirliyin nümayəndəsi Fuad Babayev deyir ki, çalışdığı qurumun nəzdində gənclərlə işləmək üçün ictimai şura fəaliyyət göstərir. İctimai Şuranın əsas məqsədi də ölkədə fəaliyyət göstərən gənclər strukturlarını bir araya gətirmək, müxtəlif fikir mübadiləsi aparmaq, gənclərə tribuna vermək, onların fikirlərini dinləmək, onların nədən razı, nədən narazı olduqlarını öyrənməkdir: «Buna uyğun olaraq da, ölkənin gənclər siyasətini həyata keçirərkən o problemlər nəzərə alınır».

Son 3 ildə 101 gənclər təşkilatı dövlət qeydiyyatından keçib. Fuad Babayev deyir ki, gənclər təşkilatlarının layihələrinə, onların beynəlxalq təşkilatlarda üzvlüyünə, eyni zamanda gənclərin müxtəlif beynəlxalq tədbirlərdə iştirakına nazirlik təxminən 500 min manatdan artıq pul xərcləyib.

YAP Gənclər Birliyinin sədri Ramin Həsənov Gənclər və İdman Nazirliyi ilə münasibətlərinin 1995-ci ildən davam etdiyini bildirir: «Müxtəlif yerli və beynəlxalq layihələrdə gənclərimizin iştirakının təmin olunmasını, birliyimizlə nazirliyin birgə layihələrinin həyata keçirilməsini buna misal göstərmək olar. YAP Gənclər Birliyinin öz tədbirlərində də Gənclər və İdman Nazirliyinin nazir səviyyəsində, gənclər siyasətini həyata keçirən yüksək dövlət vəzifəliləri səviyyəsində iştirakı edib. Bu onu göstərir ki, nazirliklə səmərəli və sıx əməkdaşlığımız var».

Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı hesab edir ki, hakim partiyanın gənclər təşkilatı Gənclər və İdman Nazirliyi ilə sıx əməkdaşlıq etməsində təəccüblü heç nə yoxdur. «Gənclər Nazirliyi özünü Azərbaycan Respublikası gənclərinin nazirliyi deyil, YAP-ın naziri hesab etdiyi üçün o, YAP-ın gənclər təşkilatı ilə əməkdaşlıq edir, hətta nazir səviyyəsində onların tədbirlərinə qatılırlar».

Tural Abbaslı nazirliyin tədbirlərinə qatılmaqda ayrı-seçkiliyin olduğunu bildirir və Azad Rəhimovun nazir olduğu ilk illərdə cəmi 3 tədbirdə iştirak etmək üçün dəvət aldıqlarını açıqlayır: «O tədbirlərin ikisi banket xarakterli idi. Bir dəfə də nazirliyin nəzdindəki İctimai Şuraya Gənclər Qanunu ilə bağlı müzakirəyə dəvət olunmuşduq. Orda da təklifləri eşitdilər, təbii ki, nəzərə almadılar. Ondan sonra nə mən, nə də müxalifətdə təmsil olunan digər gənclər təşkilatları dəvət almayıb. Bizim dəfələrlə müraciətimizə baxmayaraq, nəinki nazir, heç şöbə müdirləri, şöbə işçiləri belə təşrif buyurmayıblar».

Nazirliyin rəsmisi Fuad Babayevin sözlərinə görə, Müsavat Partiyası gənclərinin tədbirində nazirliyin iştirakı etməsi barədə heç bir rəsmi məlumat verilməyib: «Yeni Azərbaycan Partiyası isə öz beynəlxalq tədbirlərinə bizi dəvət edib, nazirin iştirakını xahiş ediblər, böyük məmnuniyyətlə iştirak etmişik. Siz nə vaxt nazirlə görüşə can atmısınız? Və ya nə vaxt hər hansı təkliflə nazirliyə gəlmisiniz ki, ölkədə filan problemlər var, gəlin bunun həllində birgə çalışaq?»

Müzakirələrin davamını izləmək üçün verilişi dinləyə bilərsiniz.
XS
SM
MD
LG