Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:44

Bu neftim-qazım, bu da milli cazım…


Mərkəzin ilk tədbiri - Xəzər dənizinin təhlükəsizliyi konsepsiyası adlı konfrans

Mərkəzin ilk tədbiri - Xəzər dənizinin təhlükəsizliyi konsepsiyası adlı konfrans

Keçən həftə Çexiyada Azərbaycan cazı çalındı. Konsertdə məqsəd…yumaq idi. Necə ki, Azərbaycanda təzə evi yumaq, təzə maşını yumaq dəbdir, yəni yenilik münasibətilə qonaqlıq təşkil etmək adəti var, Brno şəhərində də azərbaycanlılar Tünzalə Ağayevanın konsertilə bu yaxınlarda yaradılan bir təşkilatı yudular.

Sualınız yarana bilər ki, bu nə təşkilatdır ki, ondan ötrü Bakıdan tanınmış bir müğənni və caz qrupu dəvət edilib. İlk baxışda adi bir təşkilatdır - Azərbaycan və Xəzər Araşdırmaları Mərkəzi.

Mərkəz Azərbaycan səfirliyinin təşəbbüsü ilə Brnodakı Masarik Universitetinin sosial elmlər kafedrasında yaradılıb.
Tahir Tağızadə
Mərkəzin rəhbəri Eltay Dilbazi mənə otağındakı boş rəfləri göstərir və deyir ki, tezliklə həmin rəfləri Azərbaycandan gətirilən kitablarla dolduracaqlar. Amma təkcə elmi əsərlərlə yox, həm də Azərbaycan incəsənəti haqda kitablarla. Eltay Universitetin doktorantıdır.

Tünzalə Ağayevanın konsertindən bir saat əvvəl isə yeni elmi mərkəz özünün ilk tədbirini - Xəzər dənizinin təhlükəsizliyi konsepsiyası adlı konfransı başa çatdırdı. Tədbirdə dünyanın tanınmış enerji şirkətlərinin nümayəndələri, ekspertlər, Çexiyadakı xarici səfirlər iştirak etdi.

Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə deyir ki, təşkilatı yaratmaqda məqsəd Çexiyada Cənubi Qafqaz, xüsusən də Azərbaycan haqda biliklərin genişləndirilməsidir. Azərbaycanın təkcə neft-qaz ölkəsi kimi yox - hərçənd bu, çox vacibdir və
Eltay Dilbazi
Çexiya üçün də birinci dərəcəli əhəmiyyətə malikdir - həm də zəngin mədəniyyətə, musiqiyə malik bir dövlət kimi tanıdılmasıdır. Səfir sözarası deyir ki, işlər yaxşı getsə, elmi mərkəz gələcəkdə kafedraya da çevrilə də bilər. Amma hələ ki, universitet rəhbərliyi ilə bu haqda ancaq ümumi söhbətlər aparılıb.

Tünzalə Ağayeva
Mərkəzin sədri Eltay Dilbazi bildirir ki, onlar aylıq bülleten də buraxacaqlar, tələbələr arasında Azərbaycanla bağlı esse müsabiqəsi keçirəcəklər. Elmi mərkəz olsa da, üç aydan bir Brnoda Azərbaycan kinosu gecəsi keçiriləcək, tədbirə dünya şöhrətli azərbaycanlı kinodramaturq Rüstəm İbrahimbəyov da dəvət ediləcək.

Bəs niyə elmi mərkəz paytaxt Praqda yox, əyalət şəhəri olan Brnoda yaradılıb? Səfir Tahir Tağızadə xatırladır ki, Brno tələbə şəhəridir, şəhərdə yaşayan 360 min adamın 75 mini - yəni hər 5 nəfərdən biri tələbədir. Burada təkcə çexlər oxumur, dünyanın bir çox ölkələrindən oxumağa gələnlər var. Səfir deyir ki, gələcəyin ixtisaslı kadrlarında Azərbaycan haqda biliklərinin çox olması vacibdir.

Tünzalə Ağayevanın Brnoya dəvət edilməsi də elə elmi mərkəzin həm də Azərbaycan incəsənətini təbliğ etmək istəyindən irəli gəlib. Yaxın vaxtlarda Çexiyaya tanınmış cazmen Şahin Növrəsli və Azərbaycanın folklor qruplarından birini dəvət etmək planları da var.
XS
SM
MD
LG