Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:00

«Azərbaycanda heç nəyə inam yoxdur»


İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin yaradılması Nazirlər Kabinetinə həvalə olunub

İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin yaradılması Nazirlər Kabinetinə həvalə olunub

«İcbari tibbi sığorta haqqında» qanun təqribən 10 il əvvəl qəbul edilsə də, müəyyən texniki və maliyyə problemlərindən onun tətbiqi mümkün olmayıb. Prezidentin 2007-ci ildə imzaladığı sərəncamla isə qanunun tətbiqinə bu il başlanıb.
İqtisadi Tədqiqatlar Mərkəzində tibbi sığorta prosesinin monitorinqi layihəsinin koordinatoru Dünya Camalova da deyir ki, Azərbaycanda icbari tibbi sığortaya keçid prosesi çox ləng gedir. Onun sözlərinə görə, hökumət bunu xarici təcrübəni öyrənməklə izah etsə də, bu, ləngiməyə əsas vermir. D.Camalova bildirir ki, elə bu səbəbdən də yanvar ayından icbari tibbi sığortaya keçid o qədər də real görünmür:
«İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin yaradılmasını gözləyirlər. Yəni bu agentlik formalaşacaq, strukturlaşacaq, bina ilə təmin olunacaq, ştat vahidi təsdiqlənəcək və s. Bundan sonra agentliyin özü prosesə rəhbərliyi həyata keçirəcək. Bu gedişlə yanvardan qanunun tətbiqini real saymıram».
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Qədirli isə bildirir ki, Dövlət Agentliyinin yaradılması Nazirlər Kabinetinə həvalə olunub və bu səbəbdən onlar məsələ ilə bağlı nəsə deyə bilməyəcəklər. Dünya Camalova isə deyir ki, icbari tibbi sığorta layihəsinin pilot rayonda, yəni Siyəzəndə tətbiqi üçün 2008-ci ilin dövlət büdcəsindən 4 milyon manat vəsait ayrılıb.
Ekspertin sözlərinə görə, avqust ayında Maliyyə Nazirliyinin verdiyi məlumata əsasən, həmin vəsait üzərində sərəncamverici səlahiyyət Səhiyyə Nazirliyinə verilib. Lakin icbari tibbi sığorta ilə bağlı Dövlət Agentliyi hələ yaradılmadığından vəsaitdən istifadə olunmayıb.
Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri Akif Əli isə «Azadlıq» radiosuna deyir ki, səhiyyənin maliyyələşdirilməsinin sistemli islahatı və icbari tibbi sığortanın tətbiqi konsepsiyasında tibbi sığortaya keçid prosesi 2008-2012-ci illər üçün nəzərdə tutulub. Tibbi sığorta ilə bağlı Dövlət Agentliyinin yaradılması isə Nazirlər Kabinetinə tapşırılıb. A.Əlinin sözlərinə görə, hazırda proses qiymətləndirmə mərhələsindədir. Səhiyyə və Maliyyə nazirlikləri tibbi xidmətin necə maliyyələşməsi, səhiyyənin maddi-texniki bazası ilə bağlı monitorinq keçirirlər. Akif Əlinin deməsinə görə, monitorinq ilin sonuna qədər başa çatdırılmalıdır:
«Gələn il keyfiyyətcə tamam başqa, məsələn, islahat prosesinin hüquqi tənzimlənməsi həyata keçiriləcək. Tibbi sığorta üzrə Dövlət Agentliyinin potensialının inkişafı növbəti illərdə gedəcək. Bura tədris, maarifləndirmə, səhiyyənin maliyyələşməsi sisteminin təkmilləşməsi və s. daxildir. Bu işlər tədriclə həyata keçiriləcək. Amma əsas odur ki, prezident tapşırıb ki, bu iş baş tutmalıdır».
Akif Əlinin sözlərinə görə, əməkhaqqı sisteminin qiymətləndirilməsi hələ başa çatmadığından icbari tibbi sığortanın məbləği haqqında bir şey demək mümkün deyil. Lakin burada aztəminatlı və güzəştə ehtiyacı olan insanlar nəzərə alınacaq.
Gələn ildən icbari tibbi sığortaya keçidə Bakı sakinləri heç də pis baxmırlar. Amma:
- Kimin imkanı varsa keçəcək. İmkansızlar da kənardan baxacaqlar.
- Yaxşı olar. Maaşlar qalxsın, hərə öz istədiyi kimi əməkhaqqı alsın, onda sığortalasınlar.
- Əla. Mən onu Türkiyədə görmüşəm. Çox yüksək qiymətləndirirəm. Amma gözləyirik ki, maaş yüksək olacaq.
- 70 manat əməkhaqqı alıb, 20 manatını ora vermək sərf eləməz.
- Əlbəttə sağlamlıq üçün lazımdır.
- Məncə, Azərbaycanda heç bir şeyə inam, etibar yoxdur. Təcrübə keçməmişik axı, bilmirik nə olan şeydir. Hökumət məcburi sığorta üçün pul alacaq da. Onun nə marağı var ki, məcburi sığorta ilə məni sığortalayır. Pul üçün…

Şərhləri göstər

XS
SM
MD
LG