Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:11
Həsən Məmmədov paytaxta Bərdədən gəlib. Səkkiz ildir ki, Bakıda tikintidə işləyir. Deyir ki, fəhləlikdən başlaya-başlaya bənnalığı, suvaqçılığı öyrənib. Amma dünyada neftin qiymətinin düşməsiylə bağlı söz-söhbət onun və həmkarlarının narahatlığına səbəb olub:

«İndi tikinti var, evimizə bir tikə çörəkpulu aparırıq. Amma tikinti dayansa, nə edəcəyimizi bilmirik».

Rəsmi statistikaya görə, bu ilin ilk üç ayı ərzində ölkədə ümumi sahəsi cəmi 95 min kvadratmetrlik yaşayış sahəsinin tikintisinə icazə verilib. Halbuki 2006-cı ilin birinci rübündə ümumi sahəsi 540 min kvadratmetrlik olan yaşayış sahəsi tikilib.

Bəzi ekspertlərin fikrincə, ev bazarında təklifin çoxalması, tələbin isə baha qiymət üzündən azalması tikinti sektoruna təsir göstərən amillərdən biri olub. Hərçənd onlar bu sahədəki inhisarçılığı da istisna etmirlər. Amma iqtisadçılar deyirlər ki, ölkəyə gələn neft gəlirləri yol-körpü tikintisini sürətləndirdiyindən, iri həcmli layihələr həyata keçirilməyə başlandığından işsizlik bir o qədər nəzərə çarpmadı. İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlunun sözlərinə görə, dünya bazarında neftin qiymətinin ucuzlaşması tendensiyası Azərbaycanda yol-körpü tikintisinə, o cümlədən digər sahələrə ciddi təsir göstərə bilər və bu zaman işsizlər ordusunun yaranması qaçılmaz olacaq.

«Azəryolservis» Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı Vaqif Hacıyev də istisna etmir ki, yol-körpü tikintisinə ayrılan vəsait azalarsa və ya nəzərdə tutulan layihələrin həyata keçirilməsi təxirə salınarsa, iş sarıdan ciddi problemlər yaşana bilər:

«Siz təsəvvür edin, iş dayansa, nə qədər işsiz olacaq».

Artıq bəzi tikinti materialı istehsal edən yerli şirkətlərin fəaliyyətində problemlər yaranıb. Bəzi müəssisələr isə öz fəaliyyətlərini dayandırmağa məcbur olublar.

İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlunun fikrincə, dünyada xammalın ucuzlaşması da yerli istehsala təsir edir, yəni məhsulun maya dəyəri baha başa gəldiyindən idxal artır. Bu proses isə təkcə tikinti materialları istehsal edən müəssisələrə yox, qeyri-tikinti sahələrinə də təsirsiz ötüşmür:

«Azərbaycanda tikinti bazarında qiymətlərin ucuzlaşması səbəbindən bəzi müəssisələr metal, armatur istehsalını dayandırıblar. Hətta onların bir neçəsinin bütünlükdə dayanması ehtimalı var».

Ekspertlər işsizlik dalğasının ilk növbədə neft şirkətlərini ağuşuna ala biləcəyini ehtimal edirlər. Onların fikrincə, neft gəlirlərinin azalması yerli və ölkədə fəaliyyət göstərən xarici neft şirkətlərinin mövcud layihələrinin fəaliyyətini məhdudlaşdıra, yeni layihələri isə təxirə sala bilər. Bu isə işçilərin ixtisarına səbəb ola bilər. Ekspertlər onu da istisna etmirlər ki, neft gəlirlərinin azalması neft şirkətlərinin sosial layihələrini də arxa plana keçirə bilər.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı isə deyir ki, artıq bir çox neft şirkətləri təqaüd yaşına çatmış işçilərini pensiyaya göndərməyə başlayıblar. Yeni təqaüdçülərin yüksək məbləğli pensiyasını isə hökumət ödəməli olacaq.

Millət vəkili Pənah Hüseyn isə hesab edir ki, hökumət ilk növbədə infrastruktur layihələrinə maliyyə ayırmalıdır. Hətta o, təklif edir ki, gözlənən işsizliyin qarşısını almaq üçün iri həcmli layihələrə geniş yer verilməlidir:

«Çünki iri layihə iş yeri deməkdir. Neft Fondundan götürülmüş transferlər hesabına olsa belə, iri dövlət sifarişlərinin, tikintilərin, digər infrastruktur layihələrinin həyata keçirilməsinin tərəfdarıyam».

2009 ilin dövlət büdcəsində infrastruktur layihələri üçün təxminən 2,6 milyard manata qədər, yəni ötən ilkindən 200 milyon az vəsait ayrılması nəzərdə tutulub. Amma ekspertlər nəzərdə tutulan vəsaitin də olacağını şübhə altına alırlar. Çünki büdcəni təsdiq edənlər neftin bir barelini 70 dollardan hesablayıb. Beynəlxalq ekspertlərsə neftin hətta 30 dollara qədər ucuzlaşacağını deyirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG