Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:19

Bu rayonda YAP-çılar da narazıdır


Yerli imkanlar hesabına rayondakı abadlıq işlərinə 3 milyon manatdan çox pul xərclənib

Yerli imkanlar hesabına rayondakı abadlıq işlərinə 3 milyon manatdan çox pul xərclənib

Zaqatalanın müxalifətçi fəalları deyirlər ki, hazırda rayonda elə vəziyyət yaranıb ki, burada fındıq yox, lap başqa üsyan da ola bilər…

«Zaqatalada «Fındıq üsyanı» ola bilər»

Zaqatalalılar builki fındığı heç cür sata bilmirlər. İndi burda fındığın bir kiloqramı 60-80 qəpikdir. Sakinlər qiymətlərin inhisarçılar tərəfindən süni şəkildə aşağı salındığını deyirlər.

Hər şeyin bahalaşdığı bir zamanda fındığın təbii ucuzlaşması adamlara inandırıcı gəlmir. Onlar vəziyyətin bu həddə çatmasında fındıq emalı müəssisələrinin sahiblərini və bir də rayon İcra Hakimiyyətini günahkar sayırlar. Hətta deyirlər ki, onlarda olan məlumatlara görə, fındıq bazarına ölkə məmurlarından bir neçəsi himayədarlıq edir. Adamlar ad çəkməsə də deyirlər ki, rayondakı yanacaqdoldurma məntəqələrindən birinin yanında fındıq emalı müəssisəsi fəaliyyətə başlayandan sonra onların vəziyyəti daha da çətinləşib. Halbuki onlar rayonda fındıq emalı zavodlarının çoxalmasına əvvəllər seviniblər. Məhsulun əhalidən yaxşı qiymətə alınacağını düşünüblər. Amma bu sevinc elə də uzun çəkməyib. Adamların dar günə saxladığı fındıq indi onları dərdə salıb. Hazırda Zaqatalada bir neçə iri müəssisə ilə yanaşı 50-dən artıq fındıq emalı sexi olsa da camaatdan fındığın bir kiloqramı 60-80 qəpikdən yuxarı alınmır. Camaat isə deyir ki, bu fındığa yox, heç şora verilən qiymət deyil.

Rayonun Aşağı Tala kənd sakinləri vəziyyətin günü-gündən ağırlaşdığını görüb noyabrın 3-də prezidentə müraciət ediblər. Sakinlər adından müraciəti kənd bələdiyyəsinin üzvü Mustafa Mustafayev yazıb. Müraciətdə prezidentdən istənilir ki, yeganə gəlir mənbələri inhisarçıların əlindən alınsın. Həm müraciəti yazan, həm də ona imza atanlarla Aşağı Tala kəndində görüşdüm.

«Bizə deyirlər 80 qəpikdən baha götürmürük. Deyirlər bizə belə göstəriş veriblər. Soruşuruq kim verib, deyirlər sizə nə var?

Adamların dediyinə görə, bu il xurmanın vəziyyəti fındığa baxan yerdə xeyli yaxşıdı
-Mustafa müəllim, prezidentə məktubda nə yazmısınız?

-Mən də camaatın fikirlərini yazmışam. Bəziləri də deyir müraciətin nə mənası. Amma mən deyirəm hər halda bu ictimai müqavimətdir. Bir neçə gün əvvəl icra başçısı fındıq sexlərinin rəhbərlərini bir yerə yığıb, amma bu məsələ sex və icra başçısı səviyyəsində olan məsələ deyil. Bir də ki bu problem təkcə 7 minə yaxın əhalisi olan Aşağı Tala kəndinin yox, bütün bölgənin problemidir».

Rayon sakinləri deyirlər ki, vəziyyət belə davam etsə Zaqatalada «fındıq üsyanı» qaçılmazdı.

Dünya bazarının nisyə dəftəri

Amma Zaqataladakı fındıq emalı müəssisələrində deyirlər fındığın şordan da ucuz olması inhisarçılıqla və ya kiminsə tapşırığı ilə deyil, dünya bazarındakı vəziyyətlə bağlıdır. Rayondakı «AzərStar»fındıq emalı müəssisəsinin icraçı direktoru Zülfüqar Qurbanov deyir ki, dünya bazarında fındığa olan illik tələbat 750 min ton olduğu halda bu il tələbatdan xeyli artıq məhsul toplanıb: «Avropa bazarlarını fındıqla Türkiyə təmin etdiyindən Azərbaycan hazırda öz məhsulunu yalnız Rusiyaya göndərə bilir. O da nisyə».

Zülfüqar Qurbanova görə, bu gün Azərbaycanda istehsalçıların maraqları çox pis qorunur. O, bu məsələdə günahı parlamentdə görür: «Biz nədən gedib xeyli ucuz da olsa, Qazaxıstandan, Rusiyadan taxıl alırıq, amma yerli istehsalçını bu işə cəlb etmirik. Elə qanunlar işləmək olar ki, onlar kəndlinin torpağa marağını artırsın».

Car kəndinin sakinləri deyirlər ki, qurudulmuş xurma qat-qat baha olur
Fermerlərə dövlət büdcəsindən edilən yardımlara gəlincə, Zülfüqar Qurbanov bu yardımları susuzluqdan yanan səhraya verilən bir qab suya bənzədir. Sahibkar bildirir ki, onlar iki ay əvvəl Rusiyaya göndərdikləri 160 tona yaxın fındıq ləpəsinin pulunu hələ də tam ala bilməyiblər: «Biz Rusiyaya 140-160 ton fındıq ləpəsi göndərmişik, ən yaxşı halda onun indiyə qədər 20-22 faiz pulunu ala bilmişik. Əvvəlki illərdən fərqli olaraq indi Rusiya bankları vasitəsilə pul almaq xeyli çətinləşib».

İndi ucuz olsa da Zülfüqar Qurbanov fındığın Novruz bayramına doğru bahalaşacağına inanır.

Zaqatalanın bağları xurma-xurmadı

Zaqatalada indi az-çox yaxşı satılan xurmadı. Adamların dediyinə görə, bu il xurmanın vəziyyəti fındığınkından xeyli yaxşıdı. Buna səbəb xurmanın Rusiyaya daşınmasıdı. Bu baxımdan da ötən il 10 qəpiyə satılan xurmanın bir kilosu bu il 30-40 qəpikdən aşağı düşməyib.

Mən Car kəndində bir həyətə girəndə ailənin bir neçə üzvü xurma yığırdı. Özü də Aşağı Tala kəndindən fərqli olaraq bu kənddə sakinlər xurmaya verilən qiymətdən narazı deyillər: «Biz indi satdıqlarımızı satırıq, qalanını da qurudub qışa saxlayırıq, bir də bəhməz bişiririk. Kənd sakinlərinə görə, qurudulmuş xurma qat-qat baha olur».

Car kəndinin xurma ilə bağlı problemi olmasa da, başqa bir dərdi var – odun. Dörd bir tərəfi meşəliklə əhatə olunan kənddə adamlar qışda yandırmağa odun tapmırlar.
«Ləzzət» istirahət düşərgəsini Hacıbəy Zaqatalskinin şüarları bəzəyir. Bir yerdə Heydər Əliyevin də şüarı var
Kənd sakinləri deyirlər ki, bu kənddə odun od qiymətinədir - bir kub metrin qiyməti 14 manatdır.

«Ləzzət»in ləzzətini kim qaçırıb?

Zaqatalanın Car kəndinə getmişkən burda dağın ətəyində, meşəliyin içərisində və bir müddət əvvəl sahibi həbs olunmuş «Ləzzət» istirahət düşərgəsinə də baş çəkdim. Burda 13-14 yaşlı oğlandan başqa heç kim yox idi. Dediyinə görə, o, düşərgəyə qarovulçuluq edən kişinin oğludur. Bir vaxtlar yay-qış qələbəlik olan bu düşərgədə indi tam sakitlikdi. Burda hər yeri düşərgənin sahibi Hacıbəy Zaqatalskinin şüarları bəzəyir. Bir yerdə isə Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin «Bizim hamımızın bir vətəni var o da Azərbaycandır» şüarı var.

Zaqatalada Hacıbəy Zaqatalskinin özü və həbsinin səbəbləri haqqında müxtəlif məlumatlar, ehtimallar səslənir. Kimisi deyir onun istirahət düşərgəsinə məmurlardan birinin gözü düşübmüş və həmin düşərgəni ondan almaq istəyirmiş, amma o buna razı olmayıb və sonda həbsinə qərar verilib. Zaqatalski haqqında rayonda danışılan digər bir məsələ də onun separatçı vərəqələr paylamasıyla bağlıdır. Guya o, prezident seçkilərindən bir gün qabaq rayonda Zaqatalanın Dağıstana birləşdirilməsilə bağlı vərəqələr paylayıbmış. Elə həbsi də bununla bağlıdır.

Ancaq nə Milli Təhlükəsizlik, nə də Daxili İşlər Nazirliklərində belə bir adamın həbs olunması və barəsində cinayət işi açılması haqqında məlumat yoxdu. Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev deyir nazirlikdə belə bir adam haqqında cinayət işi açılmayıb. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov da belə bir adamın həbsindən xəbərsiz olduğunu bildirir.
Car kəndində odun od qiymətinədir
Amma deyir ki, əgər həbs olunubsa demək o hansısa cinayəti törədib.

Müxalifət də narazıdı, YAP-çılar da…

Zaqatalada müxalifət partiyalarından heç birinin qərargahı yoxdu. Görüşlər, yığıncaqlar, müzakirələr əsasən çayxanalarda keçirilir. Elə mən də müxalifətçilərin bir neçəsilə çayxanada görüşüb-söhbətləşdim. Özü də hakim YAP-ın Zaqatala təşkilatının ikimərtəbəli, müasir qərargahından cəmi bir neçə metr aralıda.

Onu deyim ki, qərargahları olmasa da müxalifətçiləri tapmaq elə də çətin olmadı. İlk tapa bildiyim Müsavat partiyasının yerli təşkilat sədri Saleh Soltan oldu. AXCP rayon təşkilatının sədri Hikmət Mahmudov rayondan xeyli uzaqlarda olduğunu bildirdi. Bir partiyanın yerli təşkilatının sədri bizim söhbətimizə qoşulacağını bildirsə də nədənsə sonra gəlib çıxmadı. Bir partiyanın yerli təşkilat sədri isə ölkəni 2003-cü il prezident seçkilərindən sonra tərk edib, hazırda İsveçdə mühacirətdədir. Elə o vaxtdan da təşkilat sədrsiz qalıb. Çayxanada söhbətləşdiyim müxalifətçilərin dediyindən o da bəlli oldu ki, onların hamısı işsizdi:

«Amma bu o demək deyil ki, müxalifətçilərin hamısı işsizdi, elələri var hətta vəzifəyə də çəkilib, özünün biznesini də qurub».
Zaqatala müxalifətçiləri deyir ki, paytaxtda bir araya gələ bilməsələr də bölgədə partiyalararası münasibətlər normaldır: «Hətta bizim yerli «YAP»çılarla münasibətlərimiz pis deyil. Bəzən onlarla oturub dərdləşirik də.

-Bəs dərdləşəndə deyirsiznizmi ki, sizin qərargahınız yoxdu?

-Bu məsələ onlarlıq deyil, bu daha çox icra başçısından asılı məsələdir. Burda YAP da rayondakı vəziyyətdən narazıdır. Bu baxımdan rayonda elə vəziyyət yaranıb ki, fındıq yox, lap başqa üsyan da ola bilər».

Müxalifətçilər deyir ki, YAP-çılarla münasibətlərimiz pis deyil. «Arada oturub dərdləşirik»
Zaqatala müxalifətçiləri deyir ki, onlara siyasətlə məşğul olmağa imkan verilmədiyi kimi heç tikinti quruculuq işlərinə ayrılan vəsaitlərin necə xərclənməsini araşdırmağa da imkan vermirlər. Müxalifətçilərə görə, ancaq hər şey göz qabağındadır: «Rayon icra hakimiyyətinin illik hesabatında bir rəqəm səsləndi ki, yerli imkanlar hesabına rayondakı təmir-abadlıq işlərinə 3 milyon manatdan çox pul xərclənib. Bu hamısı yerli sahibkarlardan vəsaitlərdi. Seçkidən əvvəl prezidentliyə namizəd İlham Əliyev Zaqatalaya gələndə hətta divarlarla yanaşı səkiləri də rəngləyiblərmiş, amma birinci yağışdan sonra hamısı yuyulub gedib. Yağış yağanda elə bil küçə ilə qıp-qırmızı qan axır».

Müasir qərargah, «ceyran sobası» və 107 manat maaş

İndi bir qədər də hakim Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilatından danışım. Mən müxalifətçilərlə söhbətimizə yekun vurandan sonra onlarla söhbət etdiyim çayxananın lap yaxınlığında yerləşən hakim partiyanın yerli təşkilatına bir neçə dəfə baş çəkdim, amma hər dəfə də qərargahın qapısı bağlı idi. Yaxınlıqdakı qəzet köşkünün qarşısında dayanan qoca kişidən qərargahın nə vaxt açılacağını öyrənəndə məlum oldu ki, elə o da məni kimi qərargahın açılmasını gözləyir. Deyir ki, sədr müavinin axtarır ki, iki aydı ala bilmədiyi maaşını alsın: «Mən idman müəllimiyəm. YAP yenə də o biri partiyalardan yaxşıdı, amma onun da nümayəndəsini tapa bilmirəm. Burda müavin idman məktəbinin direktorudur, indi ona demək istəyirəm ki, hələ keçən ayın maaşını ala bilməmişik».

Təxminən yarım saatdan sonra Yeni Azərbaycan Partiyasının Zaqatala təşkilatına bir də baş çəkməli oldum. Bu dəfə təşkilat sədri və ya onun müavinlərindən heç kim olmasa da qaz sobasının gurultu ilə yandığı otaqların birində baş təlimatçı və bir sıravi üzvlə danışa bildim. Baş təlimatçıdan digər rəqib partiyaların necəliyini, harada yerləşdiyini, qərargahlarının olub –olmadığını soruşdum.
Hakim YAP-ın Zaqatala təşkilatının ikimərtəbəli, müasir qərargahının qapısı həmişə açıq olmur
O, bir neçə müxalifət partiyasının adını çəksə də onların qərargahlarının olub-olmaması və necə fəaliyyət göstərmələrilə maraqlanmadığını bildirdi. Amma bir qədər söhbətdən sonra o da aydın oldu ki, bayaqdan mənimlə söhbət edən YAP-çıların da xeyli problemləri var imiş. Misal üçün 11 il əvvəl hakim partiyanın üzvü olan baş məsləhətçinin bir aylıq maaşı 107 manatdır. Valideynləri kömək eləməsə, bu onun heç yeməyinə çatmaz.

Puldan asılı asma körpü

Zaqatala yaxın vaxtlarda bir məsələ ilə də tarixə düşə bilər. Bu tarixi Tala çayının üstündən salınmaqda olan asma körpü yarada bilər. Amma hələ bir müddət əvvəl istifadəyə verilməli olan asma körpüdə yeni problemlər üzə çıxıb. Belə ki, tikilib başa çatana yaxın məlum olub ki, körpünü asılı vəziyyətdə saxlayan kanat düz çəkilməyib, yəni yük körpünün ağırlığını saxlayan kanat üzərində düzgün bölünməyib. Bu da o deməkdi ki, əgər körpü hazır olandan sonra onun altındakı müvəqqəti dirəklər götürülsə asma körpü uça və ya dalğavarı şəkil ala bilər. Mən həmin körpüyə baxmağa gedəndə orda fəhlələr gərgin işləyirdilər, körpünün altına yeni dəmir dirəklər quraşdırılırdı.

Həmin körpünü tikən 17 saylı yol-istismar idarəsinin baş mühəndisi Məmməd İbrahimxəlilov körpünün tikintisində problem yarandığını etiraf etsə də o həmin problemlərin elə də ciddi olmadığını bildirdi.

Amma baş mühəndis deyir ki, Nəqliyyat Nazirliyindən gəlib körpüyə baxıblar işi müsbət qiymətləndiriblər. 160 metr uzunluğu, 8 metr eni bu körpüyə büdcədən 2 milyon manat pul ayrılıb. Baş mühəndis bildirir ki, yenidən pula ehtiyac var. Hələ ki zaqatalalılar Tala çayının o tayına keçmək üçün kiçik və olduqca köhnə bir körpüdən istifadə edirlər.
Tikintisi qurtarana yaxın məlum olub ki, körpünü asılı vəziyyətdə saxlayan kanat düz çəkilməyib
Yeni körpü isə ən tezi iki aya istifadəyə verilə bilər.

Zaqatalada babtistlər…

Zaqatala rayonunun Əliabad qəsəbəsində yaşayan və Əliabad babtist kilsəsinin pastoru Zaur Balayevi və hazırda ev dustağı olan Həmin Şabanovu tapmaq elə də asan olmadı. Mən bu qəsəbəyə çatanda artıq qaranlıq düşmüşdü. Elə bu səbəbdən də qəsəbənin ortasından keçən yol boyu onları kimdən soruşurdumsa tanıdım deyən tapılmadı. Nəhayət iki yeniyetmənin bələdçiliyilə mən 5-6 ay əvvəl həbsdən azad edilən Zaur Balayevginin evini tapa bildim. Yeniyetmələrin dediyindən məlum oldu ki, əslində hər iki şəxsi qəsəbədə hamı tanıyır, sadəcə mənim onları gecə vaxtı axtarmağın adamlarda müəyyən şübhə doğurub. Zaur Balayev Əliabad xristian-babtist kilsəsinin pastorudu. O ötən ilin martında polisə müqavimət ittihamı həbs edilib və 2008-ci ildə əfv edilib. Dediyinə görə, indi onu heç kim narahat etmir.

Zaur Balayevlə söhbətdən sonra mən bu ilin iyununda qanunsuz silah saxlama ittihamı ilə həbs edilən Xristian –Babtist dini icmasının Əliabaddakı lideri Həmid Şabanovla görüşmək istəsəm də bu mümkün olmadı. Məlum oldu ki, o Gəncədəki 2 saylı istintaq təcridxanasında beş aya yaxın saxlanılandan sonra bu il noyabrın 5-də həbsdən buraxılıb və ev dustağı edilib. Ona telefonla danışmaq, kiminləsə görüşmək qadağan edilib.

Daxili İşlər Nazirliyində hesab edirlər ki, Həmid Şabanovun həbsinin polis zorakılığı kimi qiymətləndirilməsi və onun şərlənərək həbs edilməsi haqqında deyilənlər absurddur. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Zaqatala polisinə daxil olan məlumatdan sonra polis Şabanovun evində axtarış aparıb. Axtarış zamanı onun evindən qanunsuz saxladığı bir ədəd «naqan» tipli tapança, 6 patron və 40-a yaxın təbliği qadağan olunmuş dini kitab, jurnal və video kaset tapılıb.

İndi camaat Tala çayının üzərindəki köhnə körpünün ümidinə qalıb
Hələ də ev dustağı olan 52 yaşlı Həmid Şabanov «Forum 18» təşkilatına deyib ki, bu ilin iyununda polislərin onun evindən tapdığı silahı o birinci dəfə imiş görürmüş. («Forum-18» dini azadlığının vəziyyəti ilə bağlı mütəmadi nəşrlərlə çıxış edən mərkəzi ofisi Norveçin paytaxtı Osloda yerləşən təşkilatdır- red.)

Bu il əfv edilən pastor Zaur Balayev də öz həbsi kimi həmkarı Həmid Şabanovun da həbsinin ədalətsiz, onun haqqında açılan cinayət işininsə qondarma olduğunu deyir:

«Mən necə beş polisi «vurmuşamsa», Həmidin də evindən silahı və qadağan olunmuş kitabları elə tapıblar. Özü də silahı mətbəxdən qazanın içindən tapıblar. Sizcə elə bir şey ola bilərmi adam silahı mətbəxdə açıq yerdə gizlətsin. Özləri qoymuşdular, özləri də tapdılar».

Noyabrın 18-də Zaqatala Rayon Məhkəməsində Həmid Şabanovun məhkəməsi başlayıb. Şahid qismində polislər dindirilib. Proses hələ davam edir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən «Azadlıq» radiosuna verilən məlumata görə, baptistlər adlı dini icma Azərbaycanda 2002-ci ildə dövlət qeydiyyatından keçib. Ancaq icmaya yalnız Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərməyə icazə verilib. Baptistlər Zaqatalada fəaliyyət göstərmək üçün Komitəyə heç bir müraciət etməyiblər. Əliabaddakı babtist dini icmasının nümayəndəsi pastor Zaur Balayevsə deyir ki, onlar qeydiyyatla bağlı neçə illərdi müraciət edirlər, amma onları qeydiyyata almırlar. Zaur Balayevin sözlərinə görə, hətta qeydiyyata alınmamalarıyla bağlı məhkəməyə də müraciət ediblər, ancaq bunun müsbət nəticəsi olmayıb.

Zaqataladan bu qədər. Mən Zaqatalanın Əliabad kəndindən sonra Şəkiyə yollandım… Bu barədə sonra söhbət açacağam.

Şərhləri göstər

XS
SM
MD
LG