Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:45

«Bircə YAP-dır. Başqa kimi qoyurlar danışmağa…»


«İndi xalqın sözünü deyən yoxdur»

«İndi xalqın sözünü deyən yoxdur»

- İndi xalqın sözünü deyən yoxdur. Deyən olsa, xalq bu kökə düşməz. Nə ziyalı danışır, nə də fəhlə.
- Bəs partiyalar, vətəndaş cəmiyyəti institutları?
- Onlar da özləri üçün çalışırlar, sağ olsunlar.
- Bircə YAP-dır. Başqa kimi qoyurlar danışmağa…
- Xalqın sözünü deyən çoxdur.
- Məncə də yoxdur. Bir Müsavat idi, indi o da keçib o tərəfə.
Bakı küçələrində söhbət etdiyimiz sadə insanlar belə söyləyir.
Jurnalist Məmməd Süleymanov isə deyir ki, indi xalqın sözünü yalnız 5-10 jurnalist və bir qrup gənc dilə gətirir. Onun sözlərinə görə, təzyiq və məhrumiyyətlər bu 5-10 jurnalistin da dairəsini getdikcə qapatmaqdadır. Gənclər isə sırf vizual fəaliyyətlə məşğuldurlar. M.Süleymanov deyir ki, həmkarlar təşkilatı da zəhmətkeş təbəqənin yox, hakimiyyətin yanındadır:
- Bu, o qurumdur ki, hamıdan əvvəl Heydər Əliyev və İlham Əliyevin namizədliyini müdafiə etdi. Bu, o deməkdir ki, həmkarlar Azərbaycanda hakimiyyətinin tərkibinə çevrilib.
Həmkarlar Təşkilatları Konfederasiyasının təşkilat şöbəsinin müdir müavini Əli Cəfərov isə deyir ki, əgər onlara müraciət edilərsə, hər bir şəxsin hüquqlarını müdafiə etməyə hazırdılar:
- Məsələn, keçən il 85 nəfər qeyri-qanuni işdən çıxarılan şəxs bizə müraciət etmişdi, onlar öz işlərinə bərpa edildilər.
Ə.Cəfərov deyir ki, həmkarların fəaliyyətinin sırf tətil və etiraz aksiyaları ilə ölçülməsi düzgün deyil.
Son üç ildə sosial tələblərlə bağlı bir aksiya belə keçirməyən Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Həsən Kərimov isə bunu hakimiyyətin sərbəst toplaşmaq azadlığına imkan verməməsi ilə izah edir:
- Sosial tələblərlə bağlı kütləvi aksiyaların keçirilməməsinə səbəb hakimiyyətin «Azadlıq» blokuna müvafiq yerlər ayırmamasıdır.

2007-ci ildə qiymətlərin bahalaşmasına etiraz məqsədi ilə üç mitinq keçirən Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı da deyir ki, hakimiyyət artıq kütləvi aksiyalara imkan yaratmır. Bununla belə, o, yaxın vaxtlarda yenidən sosial tələblərlə kütləvi aksiyaların gündəliyə gətiriləcəyini istisna etmir. A.Hacılı deyir ki, dünya iqtisadiyyatında yaranan böhranın Azərbaycana təsiri bunu qaçılmaz edir.
Jurnalist Məmməd Süleymanov isə deyir ki, indi həm xalq siyasi partiyalardan, həm də siyasi partiyalar xalqdan kənar düşüb. Onun sözlərinə görə, xalqın pessimizmə qapılmasında hakimiyyət qədər müxalifət də məsuliyyət daşıyır. M.Süleymanov bildirir ki, bundan sonra hadisələrin iki istiqamətdə inkişaf edəcəyi gözləniləndir:
- Ya tədricən çürümə baş verəcək, onda bu çürümədən üfunət doğacaq və aşağılar təşəbbüsü ələ alacaq. Ya da yeni qüvvə meydana çıxacaq.

Ancaq Azərbaycan cəmiyyətində yeni qüvvənin meydana çıxacağına da ümidlər çox azdır. Bu məsələdə pessimist olanlar düşünürlər ki, cəmiyyətdə alternativ fikrə dözümsüzlük şəraitində yeni sağlam qüvvənin meydana çıxması çox çətindir.
XS
SM
MD
LG