Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:54

«Bakıda kiçik Çernobıl ola bilərmiş»


«Sivil düşüncəsi olan adam, vəzifəsindən asılı olmayaraq, bu vandalizmi törətməz, özü də səhiyyəyə qarşı»

«Sivil düşüncəsi olan adam, vəzifəsindən asılı olmayaraq, bu vandalizmi törətməz, özü də səhiyyəyə qarşı»

Heydər Əliyev prospektində uçurulmuş 17 saylı poliklinikaya çatanda ilk rastlaşdığım pasiyent Behbud Məmmədov oldu. O, neçə vaxt imiş dişindəki problemlə bağlı bu poliklinikaya, diş həkimi Ramiz Həsənovun yanına gəlirmiş. Sonuncu dəfə gələndə hələ də inana bilmədiyi mənzərəni görüb:

«Bu nədir, belə şey olar, dövlətə gör nə qədər ziyan vurulub…»

Poliklinika noyabrın 23-ü gecə ağır texnikanın köməyilə uçurulub. Həkimlərin dediyinə görə, yerləşdiyi ərazidə 40 minə yaxın adama xidmət edən poliklinikanın uçurulmasından ilk xəbər tutanlar bazar günü işləyən həkimlər olub.

Onlar qapını açanda, dəhlizin su içində, otaqların isə hamısının dağıdıldığını görüblər:

«Sivil düşüncəsi olan adam, vəzifəsindən asılı olmayaraq, bu vandalizmi törətməz, özü də səhiyyəyə qarşı».

Poliklinikanın baş həkimi Tofiq Hacıyev səhiyyə obyektinin ağır texnikanın köməyilə yerlə-yeskan edilməsini heç cür qəbul etmir:

Poliklinika noyabrın 23-ü gecə ağır texnikanın köməyilə uçurulub
«Dünyanın hər yerində səhiyyəyə humanizmlə yanaşırlar, çünki bu təşkilat özü ən humanist təşkilatdır».

Baş həkim deyir ki, xoşbəxtlikdən ağır texnika rentgen otağını uçura bilməyib, əgər həmin otaq da uçurulsaymış, yaxınlıqda yaşayan adamlar ciddi şüalanmaya məruz qala bilərmiş: «Bir sözlə, Bakıda kiçik Çernobıl hadisəsi ola bilərmiş».

Poliklinikanın bütün otaqları qarət edilib. Baş həkimin sözlərinə görə, əvvəlcə elektrik xətləri kəsilib, sonra otaqdakı bütün avadanlıqlar, kondisionerlər aparılıb. Sonda isə bütün otaqlardakı su xətləri qırılıb və otaqlar su ilə doldurulub:

«Əvvəlcə elektrik xətlərini açıblar, sonra laboratoriya otağındakı tibbi avadanlığı səliqə ilə çıxarıblar və otağı uçurublar».

Biz poliklinikada olanda da otaqların hamısı su içərisində idi.

Poliklinikada 70 nəfərə yaxın tibb işçisi işləyir. İşçilər deyirlər ki, onları heç olmasa işlə təmin etsinlər. Baş həkim Tofiq Hacıyevsə bildirir ki, Səhiyyə Nazirliyi onların işlə təmin olunacağına söz verib və bu, gec-tez baş verəcək.

Baş həkim poliklinikanın uçurulmasında Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin rəhbərliyini günahlandırır:

«Sözsüz ki, poliklinika Komitənin rəhbəri Kərəm Həsənovun göstərişilə uçurulub. Mən ona deyirəm: səhiyyəyə qarşı bu cür davranmırlar, yoldaş!»

Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəsmisi Nurməmməd Yarıyev
Baş həkim deyir ki, uçqunlar altında qalan və ya oğurlanan tibb avadanlıqlarının hamısı yenisilə əvəzlənə bilər, amma onları narahat edən xeyli sənədlərin yoxa çıxmasıdır:

«Burda dövlətdən imtiyazlar alan adamların, əlillərin, xəstələrin sənədləri vardı, bu sənədlərin hamısı dağıdılıb. Bundan başqa, idarənin özünün sənədləri də dağıdılıb».

Hadisə ilə bağlı məhkəməyə müraciətə gəlincə, baş həkim deyir ki, Səhiyyə Nazirliyinin hüquq şöbəsi bu işdən xəbərdardır və məsələnin hüquqi həlli perspektivi də onlardan asılıdır.

Hadisədən dərhal sonra Nizami rayonu 23-cü Polis Bölməsinin əməkdaşları poliklinikaya gəliblər və baş verənləri tam aktlaşdırıblar. Baş həkimin dediyinə görə, poliklinikanın boşaldılmasıyla bağlı edilən xəbərdarlıq zamanı onlara alternativ yer veriləcəyi bildirilsə də, sonradan bu, baş verməyib.

Pasiyent Behbud Məmmədov
Hazırda poliklinikanın bütün əməkdaşları uçurulmayan bir otaqda fəaliyyət göstərirlər. Həkimlərin dediyinə görə, iki gündür ki, xəstələri elə dəhlizdə, uçurulan otaqlarda qəbul edirlər. Baş tibb bacısı Zemfira Səlimovanın dediyinə görə, onlara bazar günü poliklinikanın uçurdulacağı barədə xəbərdarlıq edilsə də, buna elə də ciddi yanaşmayıblar. İnanmayıblar ki, onlara yer təklif edilmədən və poliklinika boşaldılmadan belə bir hal baş verə bilər.

Hadisə yerində olan Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəsmisi Nurməmməd Yarıyev isə hesab edir ki, baş verənlər olduqca xöşagəlməz haldır. Onun sözlərinə görə, Nazirlər Kabinetinin hansısa qərarı verməsi o demək deyil ki, fəaliyyət göstərən tibb müəssisəsi traktorla uçurulmalıdır:

«Biz hamımız hökumətin verdiyi qərarlara hörmətlə yanaşırıq, amma bu, o demək deyil ki, belə özbaşınalığa yol vermək olar».

Keşlə Maşınqayırma Zavodunun ərazisində yerləşən 17 saylı poliklinikanın ərazisi 2007-ci ildə Nazirlər Kabineti və Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamıyla inzibati bina və yarımstansiya tikilməsi üçün «Azərenerji» Səhmdar Cəmiyyətinə verilib.

«Azərenerji»nin Mətbuat Xidmətinin rəisi Ələkbər Baxşəliyevin dediyinə görə, artıq həmin yerdə ərazinin təmizlənməsinə və hasarlanmasına başlanılıb. Qaldı ki, poliklinikanın sökülməsinə bunu onlar yox, digər qurumlar edib:

«Biz söküntü işinə baxmırıq, poliklinikanı aidiyyatı qurumlar söküb».

Poliklinikanın uçurulmasını Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi də öz üzərinə götürmür. Komitənin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, «Ərazi «Azərenerji»nindir və poliklinikanın sökülməsində Komitə iştirak etmir».

Şərhləri göstər

XS
SM
MD
LG