Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:18

«Böyük qardaş»ın kiçik nümunəsi


Konstitusiyaya dəyişikliklərə etiraz, Moskva, 21 noyabr 2008

Konstitusiyaya dəyişikliklərə etiraz, Moskva, 21 noyabr 2008

«Yeni Müsavat» qəzeti:

...Budur, artıq rusiyalı deputatlar ölkə konstitusiyasına düzəliş qəbul ediblər, gələn dəfədən etibarən Rusiya Federasiyasının prezidenti öz postunda 6 il oturacaq. Bu, o deməkdir ki, Azərbaycan və onun cərgəsində olan ölkələrin «böyük qardaş»dan örnək götürmək ehtimalı birəbeş artıb.

Artıq Azərbaycanda prezidentin səlahiyyət müddətinin artırılmasına dair təşəbbüslərin yeni dalğası müşahidə olunmaqdadır. Əgər saraydan rüsxət olsa, çox qısa zamanda bu dalğa sunamiyə çevriləcək, ölkənin gündəmini altına alacaq…

Söz yox, bu təşəbbüsün tərəfdarları öz təkliflərini əsaslandırmaq üçün güclü arqumentlərə söykənmək, dünya praktikasına istinad etmək istəyəcəklər. Həmin arqumentlərdən biri də böyük ehtimalla belə olacaq:

«Fransa da, Türkiyə də demokratik dövlətdir, amma hər ikisində prezidentin səlahiyyət müddəti 7 ildir».

Elədir. Ancaq hamı onu da yadında saxlasın ki, bu ölkələrdə prezidentin ikinci müddətə seçilmək şansı yoxdur…

Prezidentin səlahiyyət müddətinin artırılmasının isə dövlətin qüdrətlənməsinə, iqtisadiyyatın güclənməsinə qətiyyən dəxli yoxdur. Bir neçə parlaq misalla bunu asanca sübuta yetirmək olar. Məsələn, iqtisadiyyatına görə dünyanın ən qüdrətli ölkəsi Yaponiyadır, Yer üzündəki bütün dövlətlərin ona borcu var, amma son 50 ildə Yaponiyada 25-dən artıq baş nazir dəyişib. Yəni faktiki olaraq iki ildən bir dövləti yeni iqtidar komandası idarə edib…

İndi bunun əksinə baxaq: Şimali Koreyada hakimiyyət bir ailənin (Kim İr Sen və oğlu Kim Çen İr) əlindən çıxmayıb, amma hər il ölkədə kütləvi aclıq təhlükəsi yaranır…


«Bizim yol» qəzeti:

Azərbaycanın «ağır çəkili» ziyalıları, intellektualları elə dalaşdılar ki, şou-biznesdəki qalmaqallar yalan oldu. İş hətta gəlib məhkəməyə çatdı. Əslində, buna qədər millətə parçalamağın bir neçə yolu «təklif» (yəni təlqin) olunmuşdu; Azərbaycanı etnik zəmində vilayətlərə bölmək istəyənlər də olmuşdu (təbii ki, xaricdən). Sonra «vəhhabi» məsələsi qızışdı və dini ortam o həddə qədər gərginləşdirildi ki, axırda paytaxtın mərkəzində - Allahın evində bomba kimi partladı. Bu da yetmədi, indi də «Bakılı-rayonlu» davası başlayıb. Bunlar hamısı təhlükəli məsələlərdir. Hərçənd, biz də plüralizm xatirinə bu polemikalara şərait yaratdıq… Əvvəllər hakimiyyətlə müxalifət, hətta Ermənistanla Azərbaycan arasında vasitəçilik etmək iddiasına düşən ziyalılar axırda elə toqquşdular ki, indi onların özlərinə vasitəçi lazımdır. Ziddiyyətə baxın: çoxlu körpülər tikərək iqtisadiyyatını inkişaf etdirməklə öyünən Azərbaycanda hər gün nə qədər körpü yandırılır - siyasi, dini, sosial, mədəni ortamlarda insanları bağlayan körpülər…

Əslində radioların bağlanması baş verməyəcək; bunu bir çox tanınmış ekspertlər də deyir... Radiolar məsələsi siyasi məsələdir. Bu, ABŞ-ın gedən deyil, gələn administrasiyasına mesajdır. Amerikalı diplomat deyir ki, bu, narahatlıq doğuran mesajdır. Azərbaycan isə, fikrimizcə, gələn ilin yanvarın sonuna qədər «taym-aut» götürüb...


«Ayna» qəzeti:

Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvü, millət vəkili Vahid Əhmədov bu qənaətdədir ki, dünyadakı qlobal maliyyə böhranı Azərbaycan iqtisadiyyatına ciddi təsir etməyəcək. O bunun səbəblərini də izah edir.

Millət vəkilinin arqumenti odur ki, Azərbaycan dünya maliyyə bazarlarına tam inteqrasiya olmayıb. Yəni son vaxtlar birjalarda qiymətli kağızların düşən indekslərinin bizə dəxli yoxdur:

«Bu böhranın bizə vura biləcəyi əsas ziyan Dövlət Neft Fondunun xarici banklarda saxlanılan vəsaitləri ilə bağlı ola bilər. Müxtəlif xarici valyutalarla saxlanılan vəsaitlərin miqdarında bir sıra dəyişmələr istisna deyil. Amma inanmıram ki, bu da elə bir ciddi səviyyədə olsun... Dünyadakı qlobal maliyyə böhranının bizim özəl banklara da ciddi təsiri ola bilər. Çünki bəzi bankların səhmlərinin bir hissəsi xarici banklara satılıb. Həmin özəl bankların xarici şəriklərində hansısa problemlər yaşanarsa, bunu biz də hiss edə bilərik. Amma mənə elə gəlir ki, bu da baş verməyəcək. Çünki son vaxtlar Milli Bank çox çeviklik nümayiş etdirir. Qısa müddət ərzində uçot dərəcələrində iki dəfə dəyişiklik edilib. Bu isə kommersiya bankları üçün normal mühitin yaradılması deməkdir»…

V.Əhmədov deyir ki, narahatlıq doğuran əsas məsələ dünya bazarlarında neftin qiymətdən düşməsidir:

«Bu baxımdan hesab edirəm ki, büdcədə neftin qiymətini müəyyənləşdirərkən çox ehtiyatlı davranmalıyıq. Gələn ilin büdcəsində neftin 1 barelinin qiymətini maksimum 60-65 dollar müəyyən etməliyik... Bundan əlavə, Dövlət Neft Fondundan büdcəyə transfertləri imkan daxilində azaltmalıyıq. Neftin qiymətlərindəki ucuzlaşma davam edərsə, gələn il başlanılması nəzərdə tutulan bir sıra layihələrin maliyyələşdirilməsi də təxirə salına bilər».

Günün bütün mövzuları

XS
SM
MD
LG