Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:22

«İstəyirəm elə dərman tapım ki, AİDS-i məhv etsin»


Azərbaycan hələ dünya əczaçılıq elminə hansısa yeni adda, yeni tərkibdə məhlul tanıda bilməyib

Azərbaycan hələ dünya əczaçılıq elminə hansısa yeni adda, yeni tərkibdə məhlul tanıda bilməyib

Azərbaycan Tibb Universitetinin əczaçılıq fakultəsinin 3-cü kursunda oxuyan tələbələrlə tanış oluram. İstəyirəm biləm ki, onların arasında əczaçılıq elmiylə məşğul olmaq, dünya əczaçılıq elminə töhfə vermək istəyənlər varmı?

Elçin Hacıyev cəsarətli çıxır. Deyir ki, təkcə dərmanların kimyəvi tərkibini öyrənmir, həm də bitkilərin xassələrini mənimsəyir ki, bəlkə yeni məlhəm icad edə bildi. Amma gələcəyin əczaçısı kimi onu «SPİD» adıyla tanınan AİDS virusu maraqlandırır:

- İstəyirəm elə dərman tapım ki, bu virusu məhv etsin.

- Bunun üçün laboratoriya varmı?

- Azərbaycanda belə bir laboratoriya yoxdur.

Azərbaycan hələ dünya əczaçılıq elminə hansısa yeni adda, yeni tərkibdə məhlul tanıda bilməyib. Heç sovet dövründə də azərbaycanlı əczaçılara belə uğur nəsib olmayıb. Bunu Tibb Universitetinin əczaçılıq kimyası kafedrasının müdiri, professor Hafiz Əliyev deyir.
Onun sözlərinə görə, dərman kəşf etmək bir-iki günün və ya ayın işi deyil. Bunun üçün illərin gərgin zəhməti, sınağı, həm də müasir laboratoriya olmalıdır:

- Hansı maddi bazadan danışırsız? Elə cihazlar var ki, qiyməti 500 milyon dollardır.

Amma heç pul olsa da, necə deyərlər, yara sağalmazmış:

- Məsələ tək pulda deyil, kadr lazımdır. Tribunada çıxış edənlər elə bilirlər substansiya (maddə) yaratmaq asandır. Bunun üçün tədqiqat işlərinə yararlı kadrlar olmalıdır. Rusiya kimi böyük dövlət ildə bir substansiya verə bilmir. Əvvəl sovet dövründə var idi. İldə bir-iki substansiya verirdi. Heç Türkiyə kimi ölkə də istehsal edə bilmir, hazır alır. İstəyirik olsun, amma hay-küylə iş keçməz axı. Gərək nəticəsi olsun.

Professor Hafiz Əliyev deyir ki, onlar diqqəti əsasən dərman preparatlarının tərkibinin yoxlanılmasına yönəldiblər və bu yöndə nailiyyətlərdən danışmaq olar. Yəni yerli əczaçı alimlərin dərman maddələrinin tərkibinin yoxlanmasında tədqiq etdiyi bir neçə üsul dünya tibb elminin diqqətini çəkib və dərs vəsaitlərinə salınıb:

«B 6 vitamini var. Bu, dərmanların keyfiyyətinin yoxlanılması məsələlərinə aiddir. Onun yoxlanılması üçün ən əlverişli üsulu biz hazırlamışıq. Dünyanın elə ölkəsi yoxdur ki, bu üsul üçün bizə müraciət etməsin».

Ölkədə əczaçılıq elmi-tədqiqat institutu olmasa da, gələcəyin əczaçıları xarici təcrübəni öyrənmək istəyirlər. İranlı tələbə Mehdi Vəlizadə deyir ki, əgər hökumət yerli əczaçılıq sənayesinin inkişafını istəyirsə, tələbələr mütləq bu sahənin inkişaf etdiyi ölkələrə göndərməlidir:

«Amerikaya, İngiltərəyə, İrana göndərilməlidir ki, oxuyandan sonra gəlib burda bu sahəni inkişaf etdirsinlər».

Əczaçılıq fakultəsi dərman preparatlarıın keyfiyyətinin yoxlanılması üsullarına diqqət yetirir. Amma heç yeni üsulların ixtirası üçün də mövcud laboratoriya şəraiti yetərincə müasir deyil. Mütəxəssislər deyirlər ki, yerli əczaçılıq sənayesini inkişaf etdirmək və bu sahədə elmi-tədqiqat işlərinin aparılması üçün mütləq hökumətin dəstəyi olmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG