Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:01

Növbəti üz qarası örnəyi


90-cı illərin əvvəllərindən etibarən əzablı yaradıcılığa dəxli olmayan bir sürü adam «Dövlət» adını dilinə dolayaraq Kərbəla zəvvarları kimi «Dövlətim, ay dövlətim, mənim gözəl dövlətim» nəqəratları söyləməyə başladı

90-cı illərin əvvəllərindən etibarən əzablı yaradıcılığa dəxli olmayan bir sürü adam «Dövlət» adını dilinə dolayaraq Kərbəla zəvvarları kimi «Dövlətim, ay dövlətim, mənim gözəl dövlətim» nəqəratları söyləməyə başladı

«Olmaya cahanda dövlət» silsiləsindən

Tərlansan, göydən enməzsən
Torpaqlarda sürünməzsən
Mən dönsəm də, sən dönməzsən
Yaşa könül, yaşa könül

Mikayıl Müşfiq

Problem üzdə göründüyü kimi, Məclisi-xanəvadənin bir neçə üzvü ilə məmləkətin dünyada yaxşı tanınan yeganə ədəbiyyat və sənət adamı arasındakı mübahisə deyil-məsələ «Dünyadakı müəyyən qüvvələrin insan qorxusunu fürsət bilərək onu fərdi keyfiyyətlərdən və mənəviyyatdan məhrum etmək; təzyiq və qorxu yaradaraq onu düşünə bilməz kütlə halına gətirmək» (Uilyam Folkner) cəhdləri ilə bu cəhdlərə müqavimət göstərə bilənlər arasındakı mübarizənin bir təzahürüdür.

Qərb bu mübarizəni müvəffəqiyyətlə fikir hürriyyətinin lehinə nəticələndirərək dövlətlə yaradıcı adamın arasına incə bir cizgi çəkib; idarə edənlər bu cizgini keçib yaradıcı adama yaxınlaşanda bundan öz məqsədləri üçün istifadə edəcəkləri o dəqiqə bəlli olur. Yaradıcı adamın bu cizgiyə doğru yaxınlaşma cəhdləri onun yaratdıqlarının üzərinə «lənət» damğası asılması üçün kifayət edir.

XIX əsrin ortalarından etibarən Azərbaycanda başlayan fikir hürriyyəti mübarizəsi böyük ölçüdə cəhalətə və din ticarətinə qarşı mücadilə şəraitində keçmişdir. Din üzərində qurulan səltənətin yıxılmasını həzm edə bilməyənlər Axundzadənin və Sabirin cənazə namazının qılınmasını əngəlləməyə çalışmış, «Ölülər»in müəllifi Cəlil Məmmədquluzadə tapança gəzdirmək məcburiyyətində qalmışdır. Axundzadədən başlayan fikir hürriyyəti mübarizəsi Tadeuş Svyatixovskinin də sərrast ifadə etdiyi kimi, həm «Müsəlman icmadan milli kimliyə» keçməyə imkan yaratmış, həm də Şərqin ilk cümhuriyyətini özü ilə gətirib-gəlmişdir.

27 aprel 1920-ci il işğalı milli kimliyi aradan qaldırmaq üçün təxminən 20 il mübarizə aparmışdır. QULAQ Arxipelaqı siyasətinin cəmiyyəti saldığı vəziyyəti Cəlil Məmmədquluzadə 1927-ci ildə sosialist inqilabının 10 illiyinə həsr etdiyi «Dəli yığıncağı» tragikomediyasında dəqiq şəkildə əks etdirmişdir.

Yeni cəmiyyətin gənc yazıçısı Əli Vəliyev isə Cəlil Məmmədquluzadənin əlindən Yazıçılar İttifaqının biletini «Ver, dınışkanı ver» sözləri ilə almışdır. 1937 milli şəxsiyyətin sındırılması yolunda qara il olmuş, milli kimliyin önəmli simaları olan Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Salman Mümtaz, Yusif Vəzir Çəmənzəminli və onlarla başqa güclü sima ortadan qaldırılmışdır. «Bu şəxsiyyətlərin yerlərini kimlər aldı» sualına Əkrəm Əylislinin 977-ci ildə Riqada çıxan Azərbaycan poeziyası antologiyasına yazdığı ön sözdən bir təsbitlə cavab vermək daha doğru olacaqdır məncə: «1938-ə gələndə jurnal səhifələrində Məmməd Rahimin «Məmələr» şeirini görürük. Adamda elə təsəvvür yaranır ki, bu şeirin müəllifi 1937-ci ili görməyib, 1936-cı ildən birbaşa 1938-ə keçib» ( sitatın məzmunu budur, olduğu kimi yaza bilmədiyimə görə, hörmətli Əylisli məni bağışlayar).1937-ci ildən sonra məmləkətdə dövlət-yaradıcı adam münasibətləri iç-içə keçdi - əli qələm və fırça tutan, musiqi bəstələyən, səhnədə qabiliyyətini nümayiş etdirə bilən bir qrup insan «dövlət» adlı qurumdan «şirkət» kimi istifadə etməyə başladı. 50-ci illərin axırlarında cəmiyyətə verilən nəfəs ədəbiyyat və sənətdə də öz əksini tapdı. 70-80-ci illərin Azərbaycanındakı fikir hürriyyətinin aynası Əkrəm Əylislinin «Azərbaycan»ı, Anarın «Qobustan»ı və Yusif Səmədoğlunun «Ulduz»u idi (əslində adı çəkilən ədəbiyyat və sənət jurnallarını 70-80-ci illər Azərbaycanının ən böyük sərvətləri də adlandıra bilərik). Müstəqillik dövrünün Azərbaycanında fikir və düşüncə azadlığının sərhədləri genişlənmək əvəzinə hər keçən gün daraldı.

90-cı illərin əvvəllərindən etibarən əzablı yaradıcılığa dəxli olmayan bir sürü adam «Dövlət» adını dilinə dolayaraq Kərbəla zəvvarları kimi «Dövlətim, ay dövlətim, mənim gözəl dövlətim» nəqəratları söyləməyə başladı. 37-də «Yeni cəmiyyət naminə» üzə duranların 50 il yediyi torta 90-cı illərdə yeni şəriklər peyda oldu - bunun üçün «Dövlət» sözünü daha bərkdən bağırmaq, «Rəhbər»i Peyğəmbərə bənzətmək kifayət etdi. Ancaq bu nərələr «Dövlətlər içində tək dövlətin» güclü olub 12 ballıq zəlzələyə davam gətirməsinə kifayət etdimi, burası şübhəlidir. Məmləkətin Oskar mükafatı alan yeganə adamına qarşı Məclisi-xanəvadə kürsüsündən səslənən ittihamların təməlində də bu zehniyyət durur - 15 ildə qapılmış tortu nəyin bahasına olursa-olsun əldən çıxarmamaq.

Rüstəm İbrahimbəyov o torta heç vaxt tamah salmadığına görə tarixi açıqlamaları ilə önəmli qırılma nöqtəsi yaradıb. Açıqlamalarına görə, İbrahimbəyovu xalqdan üzr istəməyə dəvət etmək - müasir türk ədəbiyyatının önəmli siması Çetin Altanın sərrast ifadəsi ilə desək, «Zart-zurtçu şovinizm»dən başqa heç nə deyildir.

1968-ci ildə Rusiya Yazıçılar İttifaqından xaric edilən Aleksandr Soljenitsın qərarı imzalayanlara belə demişdi: «Bir üzüqaralıq sizə kifayət etmirdimi – indi ikinci üzüqaralığa imza atırsınız?». Rüstəmə qarşı bunu deyə bilənlər - Axundzadəni, Mirzə Cəlili, Sabiri də dərsliklərdən çıxarın, Cavidin adının qabağına bəri başdan «Səfeh» yazın, nə durmusunuz?

Ömrünün sonuna yaxın prezident Kennedi Nobel mükafatı laureatı Uilyam Folkneri Ağ Evə nahara dəvət edəndə yazıçının cavabı belə olmuşdu:

«Buradan Vaşinqtona 150 mildən artıq yoldur, bir nahar üçün getməyə dəyməz».

Hansı ölkə daha güclüdür? Dünyanın tanıdığı yaradıcı adamını bir anda «vətən xaini» elan edən, yoxsa dövlət başçısının ziyafət təklifini rədd edən bir məmləkət? Hansı? Eşitmirəm, bərkdən bağırsana ay qağa? Biləcəriyə qədər yaxşı ol, ay qağa! «Qaqa» da deyə bilərsiniz, çox da fərq etməz!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG