Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:50
Bu il sayca 58-ci olan əmək yarmarkasına ziyarət, izdihamı yarmaqla başladı.

- Çoxdan gözləyirsiz?
- 3 saat olar, tanışlıqla buraxırlar, içəridən zəng gəlir keçirlər.
- Deyirdilər müharibə veteranları növbəsiz buraxılmalıdır, amma məni buraxmırlar.

Yarmarkanın keçirildiyi Əl oyunları idman sarayının qarşısında iş yerlərinin əks olunduğu lövhə qoyulmuşdu. Yeddi mindən artıq iş yeri təklif olunur. Həm bu lövhə qarşısında, həm də içəri keçmək üçün qapı önündə növbəyə durmalısan. Növbədə dayanan vətəndaşların qarşısında isə polislər cərgə ilə düzülüb, onların içəri keçməsini tənzimləyir. Bu tənzimləmə zamanı vətəndaş və polis arasında qarşıdurmalar da baş verir.

Görək, yarmarkadakılar nə təklif edir, vətəndaşlar nə deyir?

İş təklif edən: Texniki savadı və ən azı 3 il stajı olmalıdır.
İş axtaran: Deyirlər, yaş məhdudiyyəti var, iş təcrübəsi lazımdır.
İş təklif edən: İngilis və rus dilini bilənlərə üstünlük veririk, kompyuter bilgiləri mütləqdir.
İş axtaran: Nəyə görə, məndən xarici dil tələb etsinlər axı? Bu, şirkətlərin Azərbaycan dilinə hörmət etməməsidir. Oğlumun 28 yaşı var, iş tapa bilmirəm, hara gedirsən, kompyuter bilgiləri istəyirlər.
İş təklif edən: Kredit mütəxəssisi, əməliyyat sahəsi üzrə işçi lazımdır.
İş axtaran: Nə bilim, fəhləlik! Bir tikə çörəkpulu olsun.

Yaşlı insanlar da öz qayğılarından danışırlar:

«Qocasansa, ölməlisən? Pensiya vaxtına hələ var. İşi bacarmasam, desin ki, qaqaş, sənə yaxşı yol. Deyir ki, oğrunun dalınca qaça bilməzsən və götürmürlər».

Baş Məşğulluq İdarəsinin rəis müavini Şahbaz Xələfov deyir ki, yaşlı və təcrübəsiz insanların iş tapma problemi olduğunu onlar da bilir:

«Çalışırıq ki, qanunvericiliyimizdə də dəyişiklik edək, həmin müəssisələrə bəzi dotasiyalar verək, güzəştlər edək ki, onlar gənclərə üstünlük versinlər. Yəni onların heç olmasa müəyyən müddət əməkhaqqını ödəyək ki, müəssisələr onları işə götürsün».

Həmsöhbətlərim deyir ki, bu yarmarkada iş tapmaq şansları aşağıdır:

- Şirkətlərdə vəziyyət çox pisdir, məsələn, 300-400 manat bu işin qiymətidir. İndi istəyir ki, o adamı çıxarsın, burda 150-200 manata razı olana iş yeri təklif etsin.
- Gömrüyü qurtarmışam, deyirəm nə iş var, deyir ki, adi adam heç bu işə gəlmir, sən bura nəyə gəlmisən?

- Hara yaxınlaşırsan deyir ki, biz indi işçi götürmürük. Ehtiyacımız olanda sizə müraciət edəcəyik. Konkret deyillər.

- Maaş aşağıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elnur Kələntərli isə deyir ki, təklif olunan işlərin minimum əməkhaqqı 200-250 manat civarındadır. Amma nazirliyin onların nə maaş, nə də seçim kriteriyalarına müdaxilə etmək səlahiyyəti yoxdur. Vətəndaşın hüquqlarını qorumaq üçün isə bu addımı atırlar:

- Gələcəkdə vətəndaşların ixtisara düşməməyindən ötrü üç tərəfli müqavilə bağlanır.

Elnur Kələntərlinin sözlərinə görə, üçtərəfli müqavilə vətəndaş, sahibkar və nazirlik arasında bağlanır.

10 gün ərzində yarmarkanın nəticələriylə bağlı statistika tərtib olunacaq.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov da yarmarkaların keçirilmə modelindən narazıdır. O, bir qrup insanların iş təkliflərindən qıraqda qalmaması üçün təklif edir ki:

«Məktəb - istehsalat - ali məktəb - istehsalat arasında əlaqələr tənzimlənməlidir və şagirdlər istehsalata məktəbdən hazır vəziyyətdə gəlməlidir. Necə ki, Almaniyada bunu edirlər».

Yarmarka iştirakçıları təkcə bir yerə yox, eyni vaxtda 10-15 yerə müraciət edirlər. Həmsöhbətlərim arasında bütün şirkətlərə üz tutan da var idi. Yarmarkanın çölündə isə iş tapmaq ümidi ilə içəri keçmək istəyən insan izdihamı dayanmışdı. Kimi iki diplomlu, kimi də üst-başı toz-torpaqlı.

Noyabrın 21-i yarmarkanın sonuncu günüdür.

Şərhləri göstər

XS
SM
MD
LG