Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:54
«Gördüm ki, həyətin qapısında bir nəfər dayanıb. Evdən çıxdığımı görüb, məni nalayiq söyüşlərlə təhqir etdi. Dedi ki, səni çoxdan gözləyirdim, gəl, sənin başını üzəcəyəm…»

«Zerkalo» qəzetinin müxbiri, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun əməkdaşı İdrak Abbasov «Azadlıq» radiosuna belə deyir. Onun sözlərinə görə, noyabrın 18-i, gecə saatlarında tanımadığı bir neçə şəxs Xocahəsən qəsəbəsi, Yuxarı Sulutəpə yaşayış massivindəki evinə basqın edib onu ölümlə hədələyiblər. Jurnalist deyir ki, evinin qapısını bağladığından basqınçılar niyyətlərinə çata bilməyiblər:

«Qapını bağladıqdan sonra işıqları da söndürtdüm ki, birdən silahlı olub, içəri atəş açarlar. Uşaqlar da ağlaşırdı. Onlardan biri başladı qapını təpikləyib ailəmi, uşaqlarımı söyüb-təhqir etməyə».

İdrak Abbasovun iki azyaşlı uşağı var. Qızı 4, oğlu isə cəmi 2 yaşındadır. Jurnalistin sözlərinə görə, basqınçılardan biri onun çölə çıxmadığını görüb daha sonra pəncərədən içəri girmək istəyib. Dəmir çərçivəni keçə bilmədiyindən qayıdıb, həyətdə zəncirə bağlanmış bir neçə aylıq küçüyü boğub öldürüb. Jurnalist deyir ki, bundan sonra polisə və yaxınlıqda yaşayan qardaşlarına zəng vurub. Qardaşlarının gəlməsindən sonra qaçmaq istəyən basqınçılardan birini tutmaq mümkün olub. İ.Abbasovun sözlərinə görə, yüngül sərxoş olan və özünü Əli kimi təqdim edən 40-45 yaşlı adam Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsində yenidən hədələrini işə salıb:

«Bu adam başladı dil-dil ötməyə. Mənə dedi ki, biz səni bir dəfə reklam etmişik, indi sən bir də reklam istəyirsən. Mən elə bilirdim ki, o, məni tanımır, küçədən keçən adamdır. Ancaq bu sözlər məni qorxutdu».

2005-ci ilin oktyabrında müxalifətin icazəsiz aksiyasını izləyərkən İdrak Abbasovu mülkü paltarlı şəxslər döyüblər. Həmin hadisədən sonra bir ay xəstəxanada yatan jurnalist iddia edir ki, onun döyülməsi Yeni Azərbaycan Partiyasının qərargahının düz qarşısında baş verib. Ancaq onu döyənlərdən kimsə məsuliyyətə alınmayıb. İ.Abbasov deyir ki, o vaxt Redaktorlar Birliyi ilə hökumət rəsmiləri arasında danışıqlardan sonra Azərbaycan sayağı barışıq əldə edildi:

«Dünən axşam qızım başlayıb ağlamağa ki, mən atamı istəyirəm. İşdən icazə alıb getdim. Mən çatana qədər ağlamağın kəsmirdi. Bərk qorxub. Elmarı öldürdülər, müqəssirlər hələ də tapılmayıb. Burada fakt ortadadır. Qoy araşdırsınlar. Heç olmasa, desinlər ki, araşdırdıq avaranın biri idi».

Faktla bağlı araşdırma Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsində aparılır. Ancaq hələ ki, cinayət işi açılmayıb. Bölmənin baş təhqiqatçısı Aftandil Bayramov «Azadlıq» radiosuna cinayət işinin açılmamasını belə izah edir:

- Cinayət işi nədən qaldırılsın? Bu, basqın deyil. Əlində silah olmayıb. İçkili vəziyyətdə gəlib söyüb-təhqir edib.
- İdrakın jurnalist fəaliyyəti ilə bağlı deyil ki?
- Yox, mən polis mayoruyam, heç İdrak adda jurnalist tanımıram. O naxçıvanlı fəhlə hardan bilsin İdrak kimdir. Bu məsələni şişirtməyə ehtiyac yoxdur.

Polisdən tutulan şəxsin adının Əli olduğunu, fəhlə işlədiyini bildirsələr də, onun soyadı və başqa məsələlərlə bağlı əlavə məlumat vermək istəmədilər.

Ancaq baş təhqiqatçının sözlərinə görə, Əli hadisədən bir neçə saat sonra sərbəst buraxılıb. Aftandil Bayramov deyir ki, araşdırma başa çatmadığından tutulan şəxsi üç saatdan artıq saxlaya bilməzdilər.

Şərhləri göstər

XS
SM
MD
LG