Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:29

«Uşaq hüquqları ilə bağlı komissiyalar çox zəif işləyirlər»


Bakının 4 məktəbində, həmçinin Goranboyda uşaq hüquqlarının qorunması ilə bağlı dinləmələr və təlimlərin keçirilməsi nəzərdə tutulub

Bakının 4 məktəbində, həmçinin Goranboyda uşaq hüquqlarının qorunması ilə bağlı dinləmələr və təlimlərin keçirilməsi nəzərdə tutulub

«2005-ci illə müqayisədə 2008-ci ildə Azərbaycanda uşaq müdafiəsi daha yaxşı təmin edilib». Uşaq Hüquqları üzrə QHT Alyansının milli əlaqələndiricisi Nabil Seyidov «Azadlıq» radiosunun «Can Bakı» proqramına belə deyib. Onun sözlərinə görə, bu işdə BMT-nin Uşaq Hüquqları Komitəsinin də böyük rolu var:

«2006-cı ildə Komitə uşaqların vəziyyətinə dair verdiyi hesabatı Azərbaycan hökumətinə təqdim etdi. Azərbaycan hökuməti üç il ərzində bu tövsiyələri yerinə yetirməyə çalışıb. Düzdür, bütün tövsiyələr yerinə yetirilməyib. Həm qanunvericilikdə boşluqlar çoxdur, həm də uşaq hüquqlarının müdafiəsi təminatında müxtəlif addımlar atılmalıdır. Amma bir sıra sahələrdə, məsələn, kimsəsiz və valideynlərini itirmiş uşaqların problemlərinin həlli, əlilliyi olan uşaqların təhsilə çıxışının təmin edilməsi istiqamətində xeyli addımlar atılıb».

N.Seyidov deyir ki, hazırda Azərbaycanda 1 milyondan çox uşaq var. 20 mindən çox uşaq valideyn himayəsindən məhrumdur. Qeyri-rəsmi məlumata əsasən isə ölkədə 50 mindən çox sahibsiz uşaq var.

Nabil Seyidov onu da deyir ki, icra hakimiyyətləri nəzdində Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyalar fəaliyyət göstərir. Amma bu komissiyalar çox zəif işləyirlər.

Bakı Şəhəri İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın üzvü Teymur Rzayev isə bu fikirlə razılaşmır. Bildirir ki, 2008-ci ilin mayında komissiyaların tərkibi təyin edilib və işə start verilib:

«Bu komissiyalar uşaqların problemləri və hüquqlarını qorumaqla məşğuldur. Komissiya tərəfindən bununla bağlı proqram hazırlanır və Milli Məclisə təqdim olunacaq».

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq şöbəsinin müdir müavini Ceyran Rəhmətullayeva isə deyir ki, Bakının 4 məktəbində, həmçinin Goranboyda uşaq hüquqlarının qorunması ilə bağlı dinləmələr və təlimlərin keçirilməsi nəzərdə tutulub.

Şərhləri göstər

XS
SM
MD
LG