Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:23

Əli Kərimli ümidini üzmür, İsa Qəmbərsə medianı ittiham edir


«Potensial elektorata malik müxalifətin resursları gündən-günə məhdudlaşdırılır»

«Potensial elektorata malik müxalifətin resursları gündən-günə məhdudlaşdırılır»

Seçki ərəfəsində Azərbaycanın müxalifət partiyaları bir araya gələrək ölkədəki siyasi situasiya ilə bağlı birgə qərarlar verdilər. Prezident seçkisinə eyni mövqedən qiymət verən partiyalar «bundan sonra da işbirliyini davam etdirəcəyik və genişləndirəcəyik» dedilər. Daha sonra partiyalarda inteqrasiya prosesinin necə davam etməsilə bağlı məsləhətləşmələr başladı. Son günlər Azərbaycan mediasında müxalifətin bir araya gələ bilməyəcəyi ilə bağlı fikirlər səsləndirilir. AXCP sədri Əli Kərimli isə deyir ki, beş müxalifət partiyasının birləşdiyi Müxalifətin Əməkdaşlıq Mərkəzi kimi tanınan qurumun formalaşdırılmasını başa çatdırmaq vacibdir:

«Biz indiyə qədər yalnız funksional əməkdaşlıq edirdik. Ancaq düşünürük ki, daha sıx inteqrasiyaya nail olmalıyıq, cəmiyyəti bir il sonra keçiriləcək bələdiyyə seçkilərinə səfərbər etməliyik. Bələdiyyə və parlament seçkiləri ərəfəsində siyasi durumun bütünlükdə dəyişməsi üçün də bu birlik olduqca vacibdir».

AXCP sədri deyir ki, əgər müxalifət dərhal Seçki Məcəlləsinin demokratikləşməsi, bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi, siyasi məhbusların azad olunması və söz azadlığı uğrunda mübarizəyə başlasa, ölkədəki siyasi situasiyanı daha tez dəyişə bilər.

Ə.Kərimli müxalifətin bir araya gəlməsi prosesinin uğurla başa çatacağına ümid etdiyini bildirir.

Müsavat başqanı İsa Qəmbər də deyir ki, müxalifət partiyaları arasında müzakirələrdə bir sıra prinsipial məsələlərlə bağlı fikir birliyi var. Ancaq müəyyən detallar ətrafında müzakirələr davam edir. İ.Qəmbəri narahat edən məqam mediada müxalifətin birliyilə bağlı müzakirələrin dəqiq işıqlandırılmamasıdır:

«Bütünlükdə normal proses gedir, sadəcə bunun mediada əks olunması bərbad durumdadır. Məncə, prosesləri nə xüsusi olaraq ləngitməyə, nə də süni olaraq sürətləndirməyə heç bir ehtiyac yoxdur».

Danışıqların daha bir iştirakçısı Milli Birlik Hərəkatının lideri Lalə Şövkət Hacıyeva da deyir ki, müxalifət partiyaları zaman itirmədən ölkədəki siyasi situasiyanı dəyişmək və hədəflərə çatmaq üçün bir araya gəlməlidir.

«Ayna-Zerkalo» qəzetinin siyasi şərhçisi Rauf Mirqədirov isə deyir ki, ölkədə siyasi dəyişikliklərə nail olmaq üçün müxalifətin birləşməsi əslində əsas şərt deyil. Əsas müxalifət partiyalarının resursları ilə bağlıdır. Siyasi şərhçinin fikrincə, müxalifətin indiki durumu və imkanları ilə ölkədə siyasi dəyişikliklərə nail olunacağı böyük şübhə altındadır:

«Ənənəvi adlandırdığımız, yetərincə potensial elektorata malik müxalifətin resursları gündən-günə məhdudlaşdırılır. Düşünürəm ki, iqtidar bu yöndə işini bundan sonra da davam etdirəcək. Ancaq müxalifətin öz içində də baxışlarda birlik yoxdur. Onların bir hissəsi eyni zamanda, iki stulda otura biləcəyini düşünür. Belələri həm müxalifətçi simalarını qoruyub-saxlamalarını, həm də iqtidarın yarada biləcəyi cib müxalifəti müstəvisində oynamağı özünə mümkün sayır».

Siyasi şərhçinin dediyinə görə, belə bir halda gedən siyasi proseslərə münasibət baxımından müxalifətin ortaq məxrəcə gələcəyinə inam çox azdır.

Şərhləri göstər

XS
SM
MD
LG