Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:43
Bakının yaxınlığında yaşayan Ziyafət İbrahimova deyir ki, onun hələ 20 il əvvəl Rusiyaya bazarda işləməyə getmiş ərinin, sonra da atasının ardınca taksi şoferliyinə getmiş oğlunun indi evə göndərdiyi pul azalıb.

Eyni fikri «Azadlıq» radiosunun Moldova, Qırğızıstan və Əfqanıstanda keçirdiyi sorğularda da deyirlər.

Səbəb maliyyə böhranıdır. Söhbət isə ölkələrin gəlirləri ilə müqayisədə böyük məbləğdən gedir. Dünya Bankının hesablamasına görə, Rusiyada işləyən taciklərin evə göndərdiyi pul Tacikstanın daxili məhsulunun təxminən yarısıdır. Moldovada təxminən 40 faizi. Özü də bu, bank yolu ilə göndərilən pulların hesabıdır. Nə qədər pulsa tanış-bilişlə göndərilir!

Əfqanıstana dünyanın ən varlı ölkələri yardım edir. Keçən il bu ölkəyə 13 milyard dollar yardım veriblər. Xaricdə işləyən əfqanların evə göndərdiyi pul isə yarım milyard dollardır.

Dünya Bankı deyir ki, inkişaf etməkdə olan ölkələrin xaricdə işləyən vətəndaşları hər il evlərinə 280 milyard dollar pul göndərirlər.

Ancaq bu rəqəmlər artıq keçmişdə qalıb. Çünki maliyyə böhranıdır, yüksəliş dövründə yaxşı gəlir gətirən sahələr isə, (məsələn, tikinti) böhrana çox həssasdır. Xaricə işləməyə gedənlər də ilk növbədə tikinti kimi sahələrdə çalışırlar.

Qırğızıstanın İqtisadi İnkişaf naziri Akılbek Caparov keçən həftə deyib ki, Rusiyada böyük tikinti şirkətləri iş yerlərini bu il 30 faiz ixtisar ediblər. Gələn ilsə ixtisarlar 50 faizə çata bilər.

Nazir bunu ona görə deyirdi ki, qırğızların işləməyə ən çox getdiyi ölkələr Rusiya və bank böhranı keçən il başlanmış Qazaxıstandır. Caparovun sözlərinə görə, bu iki ölkədə iqtisadi vəziyyətin pisləşməsi qırğızların evə göndərdiyi pulu əhəmiyyətli dərəcədə azaldır. Nazir xəbərdarlıq edir ki, bu, Qırğızıstanın iflasına gətirə bilər.

Dünyada ümumi vəziyyət isə belə dramatik olmasa da, pisləşməyə doğru gedir. Keçən həftə BMT-nin ticarət və inkişaf üzrə bölməsinin rəhbəri Supaçai Panitçpakdi deyib ki, bu il işçi miqrantların evlərinə göndərdiyi pullar 6 faiz azalacaq.

Şərhləri göstər

XS
SM
MD
LG