Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:12

«Hamı «Azadlıq» radiosu ilə bağlı həyəcan keçirirdi»


Həmid Herisçi və İlhamiyyə Rzayeva, 19 noyabr 2008
Həmid Herisçi və İlhamiyyə Rzayeva, 19 noyabr 2008
Ötən həftəsonu Gürcüstanın paytaxtı Tbilisdə ATƏT-in təşəbbüsü ilə «İctimai yayımın problemləri və yayımın rəqəmsal formata keçidi» mövzusunda Cənubi Qafqaz ölkələrinin V konfransı baş tutub. Konfrans iştirakçıları İlhamiyyə Rzayeva və Həmid Herisçi «Azadlıq» radiosunun «Can Bakı» proqramında öz təəssüratlarını bölüşüblər. İlhamiyyə xanımın sözlərinə görə, konfransın birinci hissəsi rəqəmsal formata keçidə həsr olunub:

«Belə anladım ki, Azərbaycan, Gürcüstan və Ermənistanda rəqəmsal formata keçid tətbiq olunsa, artıq lisenziya almadan da yayıma başlamaq mümkün olacaq. Bilirsiz ki, tezliklər dövlət mülkiyyəti hesab olunduğundan, bundan istifadə etməkdən ötrü mütləq lisenziya almalısan. Amma rəqəmsal formata keçəndən sonra bu ehtiyac aradan qalxacaq».

İ.Rzayeva yeni formata keçidin də müəyyən problemlər yaratdığını vurğulayır:

«Konfransda erməni nümayəndəsi bildirdi ki, Ermənistanda lisenziyaların verilməsi dayandırılıb. Bunu yeni texniki formata keçidlə əlaqələndirirlər. Ümumilikdə konfrans iştirakçıları belə bir qənaətə gəldilər ki, bundan pis mənada sui-istifadə edənlər var. Lakin bütün hallarda rəqəmsal formata keçid olacaq. Bu, həm fikir plüralizmini təmin edəcək, həm də texniki nailiyyətdir».

«Konfransda «Azadlıq» radiosunu bağlamaq ideyası ilə bağlı xəbər geniş müzakirə olunmadı». Bunu da İlhamiyyə xanım deyir:

«Bu məsələ konfransın proqramına daxil olmadığından, Azərbaycan təmsilçiləri öz çıxışlarına keçməzdən öncə məsələ ilə bağlı fikirlərini səsləndirdilər. Amma müzakirə baş tutmadı».

Həmid Herisçi isə əlavə edir ki, müzakirə olmasa da, həyəcan hiss olunurdu:

«Həm Azərbaycan, həm də gürcü nümayəndələri, hətta ermənilər də «Azadlıq» radiosu ilə bağlı həyəcan keçirirdilər. Görünür, hesab edirdilər ki, növbəti zərbə onlara dəyə bilər».

Konfransda həmçinin Azərbaycanda həbsdə olan jurnalistlərlə bağlı məsələ qaldırılıb. Həmid Herisçinin sözlərinə görə, konfransın sonuncu günü verilən ziyafətdə Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı həbsdə olan jurnalistləri yada salıb.
XS
SM
MD
LG