Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:23

«Hər yer saxta dərmanlarla doludur»


Son 5 ildə 2 milyona yaxın saxta dərman preparatı müsadirə olunub

Son 5 ildə 2 milyona yaxın saxta dərman preparatı müsadirə olunub

«Belə bir dərman var - «interferon», ampulada toz şəklindədir. Su tökəndə onun rəngi çəhrayı olmalıdır. Mən körpə üçün aldım. Su tökdüm rəngi sarı oldu. Dərmanın əslini tapana qədər bəlkə də 10 aptek gəzdim. Həm pulum getdi, həm də vaxtım…»
Bakı sakini İlahə Səmədova apteklərdə saxta dərmanların satılmasından gileylidir. Digər həmsöhbətimiz Səbinə Kərimova isə deyir ki, o, adətən, xəstələnəndə dərmansız ötüşməyə çalışır, çünki qorxur:
«Özüm üçün də, ailəm üçün də qorxuram. Hər yer saxta dərmanlarla doludur. Ehtiyatlı olmağa çalışıram».
Şəhər apteklərinin birində söhbət etdiyim Azər Məlikov isə deyir ki, dərman alanda onu həkiminə göstərir:
«Aparıb göstərirəm ki, saxtadır, ya yox. Amma çalışıram inanılmış aptekdən alam».
Həmsöhbətimin sözləri aptekin satıcısının narazılığına səbəb olur. O deyir ki, həkim dərmanın saxta olub-olmadığını müəyyənləşdirə bilməz, çünki, dərmanı ekspertizadan keçirmək üçün laboratoriya lazımdır.
Bəs aptek rəhbərliyi saxta və ya lisenziyasız dərmanların aptekə yol tapıb-tapmadığını müəyyənləşdirə bilərmi?
Satıcı deyir ki, onlar yalnız lisenziyası olan firmalarla işləyirlər. Əgər aptekdə saxta dərman aşkar olunarsa, həmin preparatı onlara verən firma məsuliyyət daşıyır:
«Ölkəyə gətirilən və ya satışına icazə verilən dərmanlar Səhiyyə Nazirliyindən qeydiyyatdan keçirlər. Hər hansı dərmanın satışına onların icazəsi olmalıdır».
Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin dərmanların keyfiyyətinə nəzarət şöbəsinin müdiri Pərviz Əzizbəyov deyir ki, bu ilin mart ayından ölkəyə qeydiyyatsız dərman gətirilməsinə qadağa qoyulub. Hazırda nazirlikdə üç min addan çox dərman preparatı qeydiyyatdan keçib. Müsahibimin sözlərinə görə, bu ilin əvvəllərində onlar 10 mindən çox saxta dərman preparatını məhv ediblər.
Bəs bu dərmanların mənbəyi hardandır?
Pərviz Əzizbəyov:
«Onların mənbəyini müəyyənləşdirə bilmədik. Amma belə dərmanları satdığı üçün aptek məsuliyyət daşıyır. Ölkə üzrə 283 aptekin fəaliyyətini dayandırmışıq».
P.Əzizbəyovun sözlərinə görə, indi onlar daha çox aptekləri yoxlasalar da, yaxın vaxtlarda topdansatış məntəqələrində də yoxlama aparacaqlar. Müsahibim məsləhət görür ki, vətəndaşlar aptekdən dərman alarkən onun qoruyucu nişanına baxsınlar, əgər holoqram yoxdursa, bu, artıq şübhələnməyə əsas yaradır:
«Bizim qaynar xəttə - 596-07-12 - zəng edib həmin dərmanın seriyasını desinlər. O zaman bu dərmanın bizim ekspertizadan keçib-keçmədiyi məlum olacaq».
Söhbətləşdiyim bəzi həkimlər isə bu fikirdədirlər ki, saxta, keyfiyyətsiz dərmanların bir qismi ölkəyə qanunsuz yollarla gətirilsə də, bir qismi elə ölkədə istehsal olunur. Məsələn, diş həkimi Namiq Cabbarov deyir ki, o, öz sahəsində istifadə etdiyi dərman preparatlarını aptekdən yox, fəaliyyətinə tam əmin olduğu firmadan alır. N.Cabbarovun sözlərinə görə, saxta dərmanlar bir çox hallarda ucuzluğuyla diqqəti cəlb edir. Yəni qiyməti hər yerdə məsələn, 9-10 manat olan eyni adlı dərman preparatının hansısa aptekdə 5 manat olması artıq onun keyfiyyətinə şübhə yaradır.
Yeri gəlmişkən, ötən il MTN-in keçirdiyi əməliyyat zamanı Lənkəranda kustar üsulla dərman hazırlayan yerli sakin məsuliyyətə cəlb olunmuşdu. Bəzi söhbət etdiyim həkimlər isə hesab edirlər ki, yerli saxta dərman istehsalçılarının və ya distribüterlərinin arxasında yüksək vəzifəli şəxslər dayanır. Əks halda, Azərbaycan kimi kiçik ölkədə bu problemi həll etmək çətin olmazdı. Səhiyyə məsələləri üzrə ekspert Süleyman Cəbrayılov da hesab edir ki, Səhiyyə Nazirliyinin qeydiyyatsız dərmanlarla mübarizəsi kampaniya xarakteri daşıyır:
«Mən ardıcıl, hazırlanmış konsepsiya görmürəm».
İqtisadi Əməkdaşlıq Təşkilatının ötənilki məlumatına görə, dünyada saxta dərman preparatlarının illik istehsal dövriyyəsi 32 milyard dollar təşkil edir. Bu da il ərzində 1 milyon adamın ölümünə səbəb olur. Azərbaycanda isə belə bir statistika aparılmır. Yalnız Gömrük Komitəsinin ötənilki məlumatına görə, son 5 ildə 2 milyona yaxın saxta dərman preparatı müsadirə olunub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG