Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:59
40 il göyləri dələ-dələ binalar ucaldan Fikrət dayının indiki yeri-yurdu göydələn qarşısında dayanmaqdır. Əvvəlki inşaatçı hazırda boyaq satmaqla məşğul olur. Deyir ki, rəngli boyaq maddələrini satmaqdan qazandığı pulla rəngarəng dərmanlarının haqqını belə ödəyə bilmir:

- Pulum çatmır almağa. 90 manat pensiya alıram, bilmirəm nəyə verim. Dərmanlar da hamısı baha.
- 60 dərman var ki, vətəndaşlara pulsuz verilməlidir, bununla maraqlanmısınızmı?
- Yox, utanmışam soruşmağa, bilmirəm verərlər, ya verməzlər.
- Resept varmı yanınızda?
- Olmalıdır.
- Bunları xəstəxanadan almısız?
- Yox, aptekdən pul verib almışam.

Əlindəki reseptdə yazılan dərmanların pulsuz dərman siyahısına daxil olub-olmadığını öyrənmək üçün 4 saylı xəstəxanaya üz tutdum. Elə həmsöhbətim Fikrət Səfərovla da onun yaxınlığında qarşılaşmışdım. Xəstəxananın baş həkiminin müavini Rauf Rzayev reseptdəki dərmanlardan yalnız birinin - prednizolonun pulsuz verildiyini bildirdi. Amma həmsöhbətim Fikrət Səfərov isə bu dərmanı da aptekdən pulla aldığını deyir.

«Tək-tük hallarda olur ki, bazada dərmanlar olmasın, lakin bu zaman həmin dərmanı başqası ilə əvəz edirik», - deyən Rauf Rzayev qeyd edir ki, əhalinin məlumatlı olması üçün hər şöbədə siyahı vurulub.

Bəs vətəndaşlar bundan xəbərdardırmı? Məsələn, 4 saylı xəstəxanadakı xəstə Şükufə xanım deyir ki, dərmanların çoxunu özü alır.

- Xeyr, öz pulumuzla gedib alırıq apteklərdən.
- (Həkim) Sizə gündə beş iynə vurulur, hardandır bunlar?
(Şükufə) Düzdür, onları vurursuz, qalanlarını özümüz alırıq.
- Çox iynələri öz pulumla alıram. Şprisə, spirtəcən özümüz almışıq.

Danışdırdığım Bakı sakinlərinin isə pulsuz dərman ifadəsinə reaksiyası belə oldu:

- Birinci dəfə sizdən eşidirəm.
- Pulsuz? Resept yazırlar gedib aptekdən alıram.
- Hər yerdə pulnandı da, Azərbaycanda belədir. Onsuz da həkimlər lap pulsuz dərmanlar olsa belə, reseptdə pulluları yazacaqlar.

Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini Nurməmməd Yarıyev deyir ki, əgər vətəndaşdan siyahıda olan dərmanları almağı tələb edirlərsə, onlara müraciət edə bilərlər:

«60 adda dərman preparatı və 23 adda müxtəlif tibbi materiallar var. Və bu siyahı artırılacaq. Siyahı yalnız stasionar müalicə alan xəstələrə aiddir. Xəstəxana şəraitində yatan vətəndaşlar həmin preparatlarla təmin olunurlar».

Bu siyahıda tibb ləvazimatlarından bint, şpris, spirt, dərmanlardan isə pensilin, aspirin, kardinalin, noşpa və sair öz əksini tapıb.

Tibb elmləri doktoru, professor Adil Qeybulla düşünür ki, bu mexanizmin effektiv işləməməyinin bir sıra səbəbləri var:

«İslahatlar başa çatmayıb. Burda müəyyən məsələlər vətəndaşın üzərinə düşür. Digər səbəbsə tibb işçilərinin əməkhaqlarının bazar səviyyəsinə uyğunlaşdırılmamasıdır».

Adil Qeybullanın fikrincə, problemlər vətəndaşların həm də öz hüquqlarını bilməməyindən, həm də bu mexanizmə prinsipial yanaşmamağından doğur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG