Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:23

«Müddətin artırılması ölkənin imicinə zərbə olardı»


Xalq şairi, millət vəkili Vaqif Səmədoğlu, 16 aprel 2006

Xalq şairi, millət vəkili Vaqif Səmədoğlu, 16 aprel 2006

«Yeni Müsavat» qəzeti:

«ABŞ prezidenti İlham Əliyevi növbəti dəfə prezident seçilməsi ilə əlaqədar təbrik edib. Bu, çox yaxşı haldır. Yəni ölkənin imici yüksəlməyə doğru gedir. Lakin bundan sonra ölkədə 3 hadisə baş verdi ki, bunlar əsasən adamda narahatlıq yaradır».

Xalq şairi, millət vəkili Vaqif Səmədoğlu «Yeni Müsavat» qəzetinə müsahibəsində belə deyib:

«Birincisi, ölkədə fəaliyyət göstərən xarici radiostansiyaların – «Amerikanın səsi», BBC və «Azadlıq»ın bağlanacağı haqda yayılmış söz-söhbətdir. İkincisi, tanınmış yazıçımız Rüstəm İbrahimbəyovun məlum müsahibəsi ilə bağlı yaranan məsələdir. Görünməmiş bir haldır ki, hansısa bir yazıçının qəzetə verdiyi müsahibə parlament tribunasında müzakirə olunur. Bu, absurddur. Bəli, Rüstəm İbrahimbəyova qarşı çıxış edən deputatların haqqı, ixtiyarı var ki, öz fikirlərini bildirsin. Ancaq bunun da həddi var. Qanunvericilik orqanında belə çıxışlar tamamilə yolverilməzdir. Hətta, mən bu çıxışlardan sonra gözləyirdim ki, kimsə təklif edəcək ki, Azərbaycan Konstitusiyasına və ya Cinayət Məcəlləsinə bir maddə salınsın ki, Rüstəm İbrahimbəyov bundan sonra danışa bilməz.

Məni narahat edən üçüncü hadisə ölkə prezidentinin səlahiyyət müddətinin artırılması ilə bağlı ortaya çıxan məsələdir. Bunun özü də Azərbaycanın demokratik imicinə zərbə vuran bir məsələdir. Mən özüm bu gün nə müxalifət, nə də iqtidar düşərgəsində İlham Əliyevə alternativ görmürəm. Ancaq seçkilərdə barmağımıza vurulan o rəngin mürəkkəbi qurumamış bu məsələni ortaya atmaq düz deyil. Yəni İlham Əliyevdən ağıllısınız? O bilmir ki, bu, onun son prezidentlik müddətidir? Öz yerinə adam hazırlamır? Və yaxud bu haqda düşünmür? Bax, məni narahat edən məsələlər, hadisələr bunlardır. Bunlar çox ciddi və absurd məsələlərdir. Bir daha qeyd edirəm, şəxsən mən özüm bütün həyatım boyu «Azadlıq» radiosuna qulaq asmışam. Bu radionun səsini bizim dağ rayonlarında batıra bilməyiblər. İndi sən bunu bağlaya bilərsən?...».


«Bizim yol» qəzeti:

Dünya iqtisadi böhranının Azərbaycanda da əlamətləri sezilməkdədir. Böhran konkret hansı sahələrə və necə təsir göstərir? Bu barədə «Bizim yol»un suallarını iqtisadçı-ekspert Rövşən Ağayev cavablandırır:

«Son illər neft pullarının iki gözə görünən müsbət təsiri var idi: ölkəyə ciddi şəkildə çoxlu pullar gəlmişdi və bu, cəmiyyətdə öz təsirini göstərirdi. Gəlirlər nə qədər korrupsiyanın «yeminə» çevrilsə belə, əhalinin müəyyən hissəsinin yaşayışına təsir edirdi. İkincisi, böyük tikintilər hesabına mövsümü də olsa iş yerləri yaradılırdı. Biz 2009-10 illərdə böyük pulların gələcəyinə ümid edir və bunun hesabına iqtisadiyyatımızı «ayaqda» saxlayacağımızı düşünürdük. İndi məlum olur ki, ən «pik» dövrdə belə büdcəmizi normal vəziyyətə gətirmək üçün problem yaranacaq. Hökumət gözləmirdi ki, bu cür hasilatın artdığı dövrdə neftin qiyməti belə azalsın. Beləliklə, ilk fəsad həddən artıq neft gəlirlərini itirəcəyimizdən ibarətdir. Artıq tikinti sektoru iflic duruma düşüb və tikinti «bum»unun üstündən tamamilə xətt çəkilib. Kənd təsərrüfatı kifayət qədər bərbad vəziyyətdəydi və indi-indi ümid yaranırdı ki, neft gəlirlərinin hesabına nəsə dəyişiklik etmək olar. Amma bunlardan «gözümüzü» çəkəcəyik... Ən ciddi məsələ odur ki, işsizliyin miqyası durmadan artacaq. 2009-12-ci illər arasında kütləvi işsizlik olacaq».


«Yeni Azərbaycan» qəzeti:

«Azercell» şirkəti neçə ildir ki, müştərilərinə daha keyfiyyətli rabitə xidməti göstərəcəyini, tariflər paketini ucuzlaşdıracağını vəd etsə də, bu istiqamətdə heç bir dəyişikliyin işartısı belə görünmür...

Ötən ilin sonunda «Azercell» abonentlərinin sayı 3 milyonu keçib, hazırda müştərilərin sayı 3 milyon 55 min nəfərə yaxındır... Dünyanın rabitə bazarına nəzər salsaq görərik ki, müştərilərin sayı artdıqca, mobil rabitə operatorları danışıq qiymətlərini aşağı endirirlər. Amma «Azercell»in fəaliyyətində bu hiss olunmur...

Gəlirlərinin artması müqabilində «Azercell» sərmayələrini xidmətin səviyyəsinin yaxşılaşmasına da yönəltməkdə xəsislik edir. Əslində, «Azercell»in təqdim etdiyi rabitə xidmətinin keyfiyyəti beş il əvvəlkindən heç də fərqlənmir...

Bu gün vətəndaşların ən çox aldadıldığı və mənəvi zərbəyə məruz qaldığı amillərdən biri telekanallarda nümayiş olunan SMS «al-ver»inin genişlənməsidir. Müxtəlif əyləncəli verilişlər vasitəsilə guya hədiyyə təqdim edən SMS oyunun məqsədi tamaşaçını aldadıb, konturlarını mənimsəməkdir. Məsələ ondadır ki, hansısa şou-oyunda göndərilən mesaja görə abonentin balansından çıxan konturların sayı verilişdə qeyd olunan konturlardan iki dəfə çox olur. Bu, artıq soyğunçuluq əlamətləri sayla bilər...

Günün bütün mövzuları

XS
SM
MD
LG