Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:37

«Ekstazi» işi üzrə məhkəmə başladı


Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə proses noyabrın 19-da davam edəcək
Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə proses noyabrın 19-da davam edəcək
Noyabrın 17-də Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə hakim Azər Orucovun sədrliyi ilə «ekstazi» istifadə etdiklərinə və yaydıqların görə ittiham olunan 13 nəfərin məhkəməsi başlayıb.

İttiham aktında göstərilir ki, təqsirləndirilən şəxslər içərisində Mahir Mirsalamlı və Yalçın Həsənov psixotrop maddə sayılan «ekstazi»nin Azərbaycana gətirilməsi üçün mütəşəkkil dəstə yaradıblar. Bu məhkəmə prosesininə ictimai marağı şərtləndirən amil təqsirləndirilən şəxslərin bir sıra vəzifəli və populyar şəxslərin övladları olmasıdır. Belə ki, Mahir Mirsalamlı Bakı şəhərinin keçmiş prokuroru Ədalət Mirsalamlının, Yalçın Həsənov isə Bakının Əzizbəyov rayonunun keçmiş prokuroru Rəşid Həsənovun oğludur.

Prosesin başlanğıcında müttəhimlərin hamısı ittiham aktında yazılanlarla qismən razı olduqları bildirdilər. Orxan Nadirov isə özünü heç nədə suçlu bilmədiyini dedi. Daha sonra təqsirləndirilən şəxslərin sərbəst ifadələri dinlənildi.

Mahir Mirsalamlı dedi ki, onu yaşadığı binanın qarşısından MTN əməkdaşları başına torba keçirib döyə-döyə nazirliyin binasına aparıblar. Mahir iddia edir ki, istintaqdakı ifadələrini ondan döyə-döyə alıblar. Maşınından «ekstazi» çıxmasını isə təzyiq altında deyib. O, indiyə qədər «ekstazi» istifadə etmədiyini dedi.

Daha sonra Yalçın Həsənov ifadə verdi. Bildirdi ki, qız dostlarından biri ilə şəhərdə gəzərkən onun başına arxadan torba keçirib qolunu burub maşına oturdublar. MTN-ə gətiriləndən sonra ona psixoloji təzyiq göstərilərək ifadə alınıb. Yalçın Həsənov deyir ki, onun qız dostunu da MTN-ə gətiriblər: «Mən dedim ki, qızı buraxın nə deyirsiniz mən özüm yazacağam və altından imza atacağam. Orda mənə bildirdilər ki, sənin atanla danışılıb, nə deyirik yaz, 3-4 günə buraxacağıq. Mən də deyilənlərin hamısını yazdım».

Yalçın Həsənov deyir ki, o doğrudan da «ekstazi»dən istifadə edib. Ancaq istintaq materiallarında göstərildiyi kimi onun satışı ilə məşğul olmayıb. Həsənovun sözlərinə görə, onun pula heç bir ehtiyacı yoxdur. «Ekstazi»ni ona Türkiyədəki tanışları göndərib, o da yaxın ətrafındakı dostlarına verib. Bakıda isə «ekstazi»ni «Avropa» otelindəki barda Anar adlı şəxsdən bir həb 50 manat olmaqla alırmış. Yalçın Həsənovun sözlərinə görə, istintaq materiallarında göstərildiyi kimi onun Mahir Mirsalamovla birgə dəstə yaratması əsassızdır. Onların arasında bununla bağlı heç bir söhbət olmayıb. Yalçın Həsənov «ekstazi»nin Avropada açıq şəkildə satıldığını və narkotik, ya da psixotrop maddə sayılmadığını dedi. Təqsirləndirilən şəxs hüquqşünas olduğunu xatırladaraq bildirdi ki, o, Azərbaycanda «ekstazi»nin psixotrop maddə sayılması ilə bağlı heç bir sənədə rast gəlməyib.

Təqsirləndirilən şəxslərdən biri Ruslan Zalyevin vəkili Əlövsət Atamoğlanov da bildirir ki, istintaq materialları saxtakarlıqla tərtib olunub. Məhkəmə prosesində isə hələlik heç bir qanun pozuntusu baş verməyib:

«Prosessual qaydalar pozulmur. Hələlik bir narazılıq yoxdur. İstintaqdan isə narazıyıq. Ona görə ki, Ruslan Zalıyevin cinayəti düzgün tövsif edilməyib. İstintaq ona qarşı qərəzli mövqe tutub. Ruslan həbləri yalnız qəbul edib. Ancaq istintaq materiallarında onun həbləri həm də satdığı göstərilib».

Proses noyabrın 19-da davam edəcək.

Ekspert Əlövsət Əliyev və deyir ki, «ekstazi»nin adı Azərbaycanda istifadəsi və dövriyyəsi qadağan olunmuş maddələr siyahısında yoxdur. Ancaq «ekstazi»nin psixotrop maddə olduğunu müəyyən etməyin yolları da yox deyil:

«Bunun üçün məhkəmə ekspertizası təyin oluna bilər. Əgər ekspertiza «ekstazi»ni psixotrop maddə kimi tanısa, o zaman onun istifadəçiləri cinayət məsuliyyətinə cəlb edilər bilər».

Əlövsət Əliyev deyir ki, yalnız bundan sonra bu şəxslərin tutulmasının onların ailələri ilə kiminsə şəxsi münasibətləri, ya da gerçəkdən narkotik dövriyyəsi ilə mübarizə tədbirləri çərçivəsində baş verdiyi bəlli olacaq.
XS
SM
MD
LG