Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:35

Bakıda qışın əbədi problemi – istilik sistemi…


Sakinlər evlərindəki «otoplenya» sisteminin işləməməsindən narazıdırlar

Sakinlər evlərindəki «otoplenya» sisteminin işləməməsindən narazıdırlar

Noyabrın 15-dən ölkədə qış rejiminə keçilsə də, paytaxtın bəzi yaşayış massivlərində təkcə qazın zəif verilməsindən narazılıq eşidilmir. Bakının Nərimanov rayonu, Əliəşrəf Əlizadə 35, 37, 39 saylı binalarda yaşayanlar həm də evlərindəki eldə daha çox «otoplenya» kimi tanınan istilik sisteminin işləməməsindən narazıdırlar. Bu ərazidə yaşayan Arif Muradov deyir ki, iki il əvvəl Azəristiliktəchizat Səhmdar Cəmiyyəti təsis olunanda sevincləri yerə-göyə sığmayıb ki, elektrik enerjisinə nisbətdə xeyli ucuz istilik ala biləcəklər. Soyuqda-boranda mənzillərində üşüməyəcəklər.

Amma sakinlərin ümidləri özünü doğrultmayıb: «Qazanxananı dəyişdilər. Yeni tipli qurğu qoydular. Amma qaz boruları köhnə olduğundan zəif veriləndə təzyiq az olur. O aparat da elədi ki, təzyiq az olanda işləmir. Qış vaxtı burda elə dözülməz şərait yaranır ki…»

Azəristiliktəchizat Səhmdar Cəmiyyətinin müştəri və abonent şöbəsinin rəhbəri Rafiq Əliyev deyir ki, onlar yalnız qazanxanaları müasirləşdirirlər. İstiliyi mənzillərə daşıyan avadanlıq köhnə olduğundan belə problemlə yaranır:

« 60-70-ci illərin borulardı, heç vaxt əsaslı təmir olunmayıb. İstismar müddəti keçdiyindən boruları içi kəc bağlayır. Həmin binalarda dik qalxan dayaqlar dəyişdirilməlidir. Boruların mənzillərdən keçən hissəsini isə sakinlər təmir etdirməlidirlər».

Rafiq Əliyev deyir ki, onlar balanslarında olan 3 mindən çox binadan 2 minə qədərinin qazanxanasında yenidənqurma işləri apara biliblər. Eləcə də paytaxtdakı bütün məktəblərin istilik sistemiylə təmin olunacaqlarına söz verirlər. Amma Rafiq Əliyev deyir ki, şəhərin mərkəzindəki bəzi memarlıq əhəmiyyətli yaşayış binalarında, bir də mikrorayonlarda yerləşən 150 binanı istilik sistemiylə təmin edə bilməyəcəklər:

«Şəhərin mərkəzindəki bəzi binalarda istilik mənbələri sıradan çıxıb, yenidənqurma işləri aparılıb. Orda da artıq qazanxana tikməyə yer yoxdur. Onlara istilik vermək problem olacaq. Bir də mikroraoynlarda 150-yə qədər binada istilik sisteminin bərpa olunması üçün gərək yeni sxem işlənə, yəni kiminsə döşəməsi sökülə, ya tavanı. O da mümkün deyil».

Uzun müddət istilik sistemi işləmədiyi üçün bəzi sakinlər mənzillərini təmir elətdirərkən «otopleni»yaları söküb atıblar. Rafiq Əliyev deyir ki, bu binalarda qazanxanalar qurulanda mənzil sahibləri istilik sistemini özləri almalıdırlar.

Dövlət büdcəsindən İki il əvvəl yaradılan Azəristiliktəchizata üst-üstə 30 milyon manatdan çox vəsait ayrılıb. Bəzi iqtisadçılar hesab edirlər ki, qoyulan investisiya öz səmərəsini hələ göstərməyib. İqtisadçı İlham Şaban deyir ki, onun da mənzili mərkəzi istilik sisteminə qoşulub, amma soyuq aylarda onun istiliyinə qızına bilmirlər.

İlham Şaban deyir ki, əslində bu xidmət bir Səhmdar Cəmiyyətinin ixtiyarına verilməməlidir. Onun fikrincə, bir neçə şirkətin mənzillərin qızdırılması üçün xidmət təklif etməsinə şərait yaradılsaydı, əhali daha keyfiyyətli istilik dala bilərdi və elektrik enerjisinə də qənaət edilərdi.

Yeri gəlmişkən, bu sistemdən istifadəyə görə, qış mövsümündə 1 kvadratmetr mənzil sahəsi üçün qiymət 5 qəpikdir. Məsələn, 100 kvadratmetrlik yaşayış sahəsi üçün, yəni 5 ay ərzində hər aya 5 manat ödəmək lazımdı. Büdcə təşkilatları 1 kvadrata 12, təsərrüfat hesablı idarələr isə 22 qəpik ödəyəcək.

Şərhləri göstər

XS
SM
MD
LG