Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:15

«Şəkər» xəstəliyi cavanlaşıb


Diabet Liqasının sədri Yeganə Sultanova və həkim-endokrinoloq Fərhad Qurbanov «Can Bakı»nın qonaqlarıdır
Diabet Liqasının sədri Yeganə Sultanova və həkim-endokrinoloq Fərhad Qurbanov «Can Bakı»nın qonaqlarıdır
Son illər şəkərli diabet xəstəliyi cavanlaşıb - «Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı, həkim-endokrinoloq Fərhad Qurbanov belə deyir. Onun sözlərinə görə, əvvəllər bu xəstəliyə əsasən 50-60 yaşlı insanlarda rast gəlinirdisə, indi vəziyyət dəyişib:

«Son illərdə 35-40 yaşlı insanlar şəkərli diabet xəstəliyinə tutulurlar. Bu xəstəliyin iki tipi var. Birinci şəkərli diabet zamanı orqanizmdə mədəaltı vəzin «betta» hüceyrələri lazım olan miqdarda və ya tamamilə insulin hasil etmir, nəticədə insulin çatışmamazlığı yaranır. 1-ci tip şəkərli diabetin yeganə müalicə üsulu gündəlik insulin inyeksiyası və əlbəttə ki, onunla birlikdə ciddi pəhriz və düzgün qidalanma rejimidir. İkinci tip şəkərli diabet isə geniş yayılanıdır. Qanda şəkərin yüksəlməsi iri arteriyalarda xolesterin yumaqcıqlarını yaradır, bu da damarların keçiriciliyinin pozulmasına səbəb olur. Nəticədə qanın axını zəifləyir, toxumalarda qan dövranı çətinləşir».

Həkim deyir ki, şəkərli diabetdən qorunmaq üçün düzgün qidalanmaq, fiziki hərəkətlər etmək, bədənin çəkisini normada saxlamaq, stress, əsəbdən uzaq olmaq lazımdır. Azərbaycanda bu xəstəliklə bağlı kitabların, internet saytlarının olmadığını, qəzetlərdə çox az məqalələr yazıldığını deyən Fərhad Qurbanov özü sayt yaratmaq qərarına gəlib. Şəkər xəstəliyi haqda bütün məlumatları, Rusiya mətbuatında yer alan maraqlı məqalələri tərcümə edərək, burada yerləşdirib.

Hər il noyabrın 14-də Ümumdünya Diabet Gününü qeyd etdiklərini deyən Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova 2007-ci ilin statistik göstəricisinə nəzər saldı: «Ötən il Azərbaycanda 75 min şəkərli diabet xəstəliyinə düçar olan insan qeydiyyatdan keçib. Amma hamı bilir ki, bu, real rəqəm deyil. Bütün dünyada şəkərə tutulan xəstələrin təqribən 50 faizi haqda məlumat var. Bu da ondan irəli gəlir ki, ya xəstənin öz xəstəliyindən xəbəri yoxdu, ya da o, qeydiyyata alınmayıb».

Yeganə xanım güman edir ki, bu il şəkərdən əziyyət çəkən insanların statistik göstəricisi ötən illə müqayisədə yüksək olacaq. Çünki diabetli xəstələr dövlət tərəfindən qlukometrlə (qanda şəkəri ölçmək üçün aparat) təmin olunublar. Bu səbəbdən də onların qeydiyyata düşmə həvəsləri artıb: «Güman olunur ki, gələn ilin əvvəlində açıqlanacaq statistik rəqəmlər 100 mini ötəcək».

Buna da bax:

XS
SM
MD
LG