Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:39

Yenə qış gəlir…


Bakı əhalisi ümid edir ki, keçən qışda təkrarlanan bu qış təkrarlanmasın

Bakı əhalisi ümid edir ki, keçən qışda təkrarlanan bu qış təkrarlanmasın

Qış aylarında əhalinin ən çox ehtiyac duyduğu qaz və elektrik enerjisidir. «Azəriqaz» Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazov deyir ki, onların qışa hazırlığına şübhə ola bilməz:

«Biz qışa tam hazırıq. Yeraltı qaz anbarlarda bir milyard kubmetrdən çox qaz vurmuşuq. Bu vaxta kimi görünməmiş rəqəmdir. Qaz kəmərlərində təmir bərpa işləri aparmışıq. Qaz tənzimləyicilər qışa tam hazır vəziyyətə gətirilib. Bizim qışa hazırlığımız budur».

«Bakıelektrikşəbəkə» Səhmdar Cəmiyyətinin sözçüsü Tanrıverdi Mustafayev də qış mövsümü üçün bütün tədarükün görüldüyünü vurğuladı:

«Gücləndirilmiş iş rejimində çalışırıq. Çünki tələbat artır. Hava elektrik xətlərini yeraltı kabellə əvəz etmişik və bu iş davam etdirilir. Bakı küləklər şəhəridir və təbii ki, bu iş yenə davam etdiriləcək. O cümlədən ağacdan ibarət dayaqlar artıq tam dəmirlə dəyişdirilir. Əvvəlki qış aylarında olan problemlərin tam qarşısını almışıq. İnanıram ki, heç bir problem olmayacaq».

Tanrıvedri Mustafayev deyir ki, keçən il qışda əhalinin ən çox üzləşdiyi enerji kəsilmələri transformatorların köhnəliyi ucbatından baş verirdi. Onun sözlərinə görə bu problemi həll etmək üçün Bakıda 270-dən çox transformator quraşdırılıb.

Rəsmilər qışa tam hazır olduqlarını bəyan etsələr də, Bakı sakinlərinin hazırlıq haqqında fikirləri müxtəlif oldu.

«Qışın gəlməsinə heç bir hazırlıq görmürəm. Yağışlar yağır, küçələr dolur su ilə. Düzəlmə ehtimalı yoxdur hələ ki;

Məndə elə bir fəqrli gözlənti yoxdur. Mənə elə gəlir ki, bizim şəhəri bu ildə çətin qış gözləyir;

İşıq da, qaz da normaldır;

Qışda qazla bağlı problemimiz olmur;

Qışa nə hazırlıq görüb ki? Mənim evimdə heç isitmə sistemi yoxdur;

Mən Maştağada yaşayıram. Qazımız əla gəlir...»

Amma qazın yaxşı gəlmədiyi və heç gəlmədiyi yerlər də var. «Azadlıq» radiosunun qaynar xəttinə gələn şikayətlərdə elə bunu təsdiqləyir.

Şikayətçilər deyirlər ki, qaz ya közərə-közərə gəlir, ya da yerli-dibli gəlmir.

«Azəriqaz» Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazov isə belə problemlərin mövcudluğunu inkar etdi.
O ki, qaldı əhalinin ən çox narahat olduğu yolların buz bağlaması məsələsinə Nəqliyyat Nazirliyində katibliyin rəhbəri Namiq Həsənov deyir ki, artıq Bakıda qışın qarından yolları təmizləmək üçün onlar yeni işlər görüblər:

«Biz son körpülərdə artıq istilik qızdırıcı sistemlər qoyuruq ki, həmin körpülərin üstündə qar yağanda buz bağlamasın. Maşınlar rahat keçsin. Eyni zamanda yolları təmizləmək üçün xeyli maşınlar alınıb gətirilib. Xeyli sayda avadanlıq alınıb ki, keçən qışda təkrarlanan bu qış təkrarlanmasın». Namiq Həsənov deyir ki, qışda yaşana biləcək problemləri aradan qaldırmaq üçün imkanları var. Azərbaycan bu həftənin sonu qış mövsümünə keçir.
XS
SM
MD
LG