Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:23

Olmaya dövlət cahanda.....


Demokratik seçkilər həm də ictimai vicdanı rahatlatmağın bir yoludur
Demokratik seçkilər həm də ictimai vicdanı rahatlatmağın bir yoludur
«Bu səri-çeşmə əzəldən bulanıb ey qafil
Gör kimə tabe olursan, sənə mövla kim idi?»
( Seyyid)

Demokratik ölkələrdə seçkilər xalqın iradəsini əks etdirməklə 4-5 illik hakimiyyət dövründə siyasi qüvvələr arasında dəyişən nisbətin növbəti 4-5 ilə hakimiyyət fəzasına daşınması üçün bir vasitədir.

Bu mənada demokratik seçkilər həm də ictimai vicdanı rahatlatmağın bir yoludur. Hakimiyyətdən narazı vətəndaş ya təsəlli tapır ki, mən bu iqtidara səs verməmişəm, ya da özünü qınayır ki, niyə səs verdim.

Çağdaş demokratik standartlar sadəcə hansısa ölkədə seçkilərin qaydalara uyğun şəkildə keçirilməsi ilə məhdudlaşmır – fundamental və bəşəri məfhum olan demokratiya seçki və ancaq seçki yolu ilə formalaşan hakimiyyətin mövcudluğunu və bu hakimiyyətin cəmiyyətin bütün təbəqələrini siyasi proseslərə cəlb edən siyasi iradəsini nəzərdə tutur.

Totalitar və avtoritar rejimlərdə isə seçkilərin nəticəsi qabaqcadan məlum olduğuna görə bu rejimlər altında yaşayan ölkələrdə bir qayda olaraq seçki həyəcanı yaşanmır.

Müxalifətin üstündən asfalt döşəyən maşın kimi keçilən bu tip ölkələrdə demokratiya görüntüsü yaratmaq üçün ortaya çıxarılan «cib müxalifət»ini isə nəinki sadə vətəndaşlar, heç iqtidarın özü belə ciddi qəbul etmir.

Seçki həyəcanının yaşanmadığı bu tip rejimlər öz varlıqlarını rahat etmək üçün müxtəlif bəhanələr altında siyasi rəqiblərini, müxalif jurnalistləri zindanlara təpir, ölkədə fərqli düşüncəni boğmaq üçün orta əsr despotlarının təcrübəsinə müraciət edirlər.

Namizəd və seçici həyəcanı ilə müşayiət edilməyən seçkilər dövləti əpridən və vətəndaşın dövlətə inamını sarsıdan önəmli faktordur. Bu tip seçkilər ictimai vicdani rahatlatmaq yerinə «Dövlət nədir?» sualını özü ilə gündəmə gətirir.

Seçki üçün həyəcanı qalmayan vətəndaş həyəcansız seçkidən sonra dövləti sorğulamaqda özünü haqlı görür.

Nədir dövlət?

Milli gəlirini vətəndaşları arasında ədalətli şəkildə bölüşdürməyi özünün başlıca vəzifəsi sayan bir idarə qurumumu, yoxsa yeraltı və yerüstü sərvətləri xoşbəxt azlığın əmrində olan bir şirkətmi?

Nədir dövlət?

İdarəsi altında olan vətəndaşlarının təhlükəsizliyini təmin etməyi öhdəsinə götürən və bunun üçün çalışan bir üsuli-idarəmi, yoxsa öz məmurlarının başçılıq etdiyi qanlı bandaları illərcə qoynunda bəsləyən çətə hamisi?

Nədir dövlət?

Vətəndaşlarının 5 faizini ağ insanlara, 95 faizini isə «sosial zəncilərə» bölən tayfa aparteid sistemi, yoxsa təbəələrinin hamısına eyni məsafədə olub «Fəratın sahilində itən qoyunun hesabı da dövlətdən sorulmalıdır»- şəklindəki Həzrəti-Ömər ədalətini tətbiq edən üsuli-idarəmi?

Nədir dövlət?

Vətəndaşlarına daha çox və daha dərin demokratiya verməyi özünə qürur sayan bir üsuli-idarəmi, yoxsa «Xalqım demokratiyaya hazır deyildir»- bəhanəsi ilə hər cür haqq və hürriyyəti toplumdan var gücü ilə əsirgəyən bir strukturmu?

Nədir dövlət?

Qanunvericilik, icra və məhkəmə orqanları arasındakı səlahiyyət bölgüsünü bacarıqla həyata keçirən bir üstqurum, yoxsa dövlətin əsası olan bu hakimiyyət qollarının hamısını bir rəhbərin gövdəsinə sarıyaraq onların fəaliyyətini iflic edən falaqqa?

Nədir dövlət?

İqtidara müxalif olanlara düşmən gözü ilə baxan bir ideologiya, yoxsa müxalifətinin dövlət protokolunun üst sıralarında yer aldığı bir yönətim tərzi?

Nədir dövlət?

Məmurları vətəndaşlara xidmət etmək üçün işə qəbul edilən bir idarəçilik, yoxsa yanacağı rüşvət, sürtgü yağı çirkli pul olan nəhəng ictimai maşın?

Nədir dövlət?

Bütün imkanlarından iqtidarın qorunması üçün istifadə edilən mühafizə şirkətimi, yoxsa hakimiyyət kürsüsünün səsvermə bülletenləri üzərində qurulduğu siyasi səhnə.

Eyni sualı doğuran səbəblər çoxdur və hər keçən gün özü ilə bu suala yeni bir səbəb gətirir.

Söhbət insan toplumunu idarə edən qurumdan gedirsə, vətəndaşların onları idarə edən sistemin mahiyyətini sorğu-suala çəkməsindən təbii heç nə ola bilməz. Təbəələri arasında ayrıseçkilik qoyan yapının adı keçən əsrdə Aparteid idi. Bu gün irqi zəmində ayrıseçkilik salan dövlət bəlkə də yoxdur. Amma ayrıseçkilik üçün o qədər əlamət tapmaq olar ki...
XS
SM
MD
LG