Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:55

Mahnını kim sifariş etməlidir?


Ramiz Mehdiyev: «Artıq cəmiyyət çoxsaylı xırda, cılız partiyaları qəbul etmir»
Ramiz Mehdiyev: «Artıq cəmiyyət çoxsaylı xırda, cılız partiyaları qəbul etmir»
Siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsinin beynəlxalq təcrübədə müxtəlif metodları var. Bütün bunlar siyasi partiyaları xarici qurumların maliyyələşdirməsinin qarşısını almalıdır, «çünki pul verən musiqini də sifariş edir».

Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev «Azərbaycan» qəzetində dərc olunan məqaləsində belə yazır. Cənab Mehdiyevə görə, «Siyasi partiyalar haqqında» qanun Azərbaycanın bugünkü reallığına cavab vermir, demokratik inkişafa çətinliklər yaradır. Siyasi partiyaların isə yeni dövrə qədəm qoyması mütləqdir.

«Artıq cəmiyyət çoxsaylı xırda, cılız partiyaları qəbul etmir, konstruktiv, özünəməxsus ideologiyası olan bir neçə siyasi partiyanın fəaliyyətini zərurətə çevirir. Bu isə öz növbəsində yeni siyasi mədəniyyətin formalaşmasına bir töhfədir».

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə görə, neçə illərdir bu hökumət güclü siyasi partiyaları sıxışdırmaq, sıradan çıxarmaq istəyir:

«Onlar yeni siyasi partiyalar deyəndə hökumət tərəfindən idarə olunan, hökumətin əlinə baxan, psevdo-müxalifət partiyalarını nəzərdə tuturlar».

Əli Kərimlinin deməsinə görə, hakimiyyət real partiyalardan qorxduğuna görə bir dəfə də olsun demokratik seçki keçirə bilməyib.
Müstəqil təhlilçi Hüseynbala Səlimovsa yeni partiya ideyasını iri infrastruktur layihələrinə bənzədir:

«Partiyalar, müxalifət körpü deyil ki, neftdən gələn pullar hesabına yaradılsın. Partiyalar cəmiyyətin özündən gəlməlidir».

Ramiz Mehdiyevə görə, bu gün siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi məsələsi nəinki Azərbaycan, hətta Qərbin bir çox demokratik ölkələri üçün aktuallıq kəsb etməyə başlayır. O, partiyaların maliyyələşdirilməsi məsələsində Türkiyə, Fransa təcrübəsini misal çəkir. Yazır ki, geniş yayılmış təcrübəyə görə, dövlət maliyyəsi parlamentdə təmsil olunan bütün partiyaları əhatə etməlidir.

AXCP sədri Əli Kərimli deyir ki, söhbət hökumətin dolayısı ilə hansısa partiyanı maliyyələşdirməsindən yox, rəsmi dövlət büdcəsindən partiyalara ayrılan vəsaitdən gedir: «Ancaq burda da əsas məqsəd onsuz da zəifləmiş çoxpartiyalılığa zərbə vurmaq, tamamilə məhv etməkdir. Hakimiyyət özünün nəzarətində olan partiyaları gücləndirmək, həm də bunu dövlət hesabına etmək istəyir».

Təhlilçi Hüseynbala Səlimov deyir ki, müxtəlif modellər əsasında, bütün hallarda partiyaların dövlət tərəfindən maliyyələşməsi müsbət haldır, amma:

«Demək ki, bundan əvvəl musiqini guya xaric sifariş edirdi, indi isə hökumət sifariş etməyəcək, bu ziddiyyətlidir. Son seçkidə gördük ki, musiqini kim sifariş edir...»

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG