Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:14

Jurnalistin nəyə görə həbs olunduğu bəlli deyil


Jurnalist Şahnaz Qulami noyabrın 9-dan 10-a keçən gecə həbs olunub

Jurnalist Şahnaz Qulami noyabrın 9-dan 10-a keçən gecə həbs olunub

İranda azərbaycanlıların milli hüquqları və qadın haqları uğrunda hərəkatların fəalı, jurnalist Şahnaz Qulami noyabrın 9-dan 10-a keçən gecə həbs olunub. Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası jurnalistin ailəsinə istinadən bildirir ki, Qulami həbs olunarkən evində axtarış aparılıb. Həbsxanaya salındıqdan sonra isə ona qohumları və vəkillə görüş imkanı verilməyib.

Qulaminin hansı ittihamla həbs olunduğu da bəlli deyil. İki ay əvvəl Təbriz İnqilab Məhkəməsinin 1-ci Şöbəsi Qulamiyə dövlət quruluşuna qarşı təbliğat ittihamı ilə 6 ay həbs cəzası vermişdi. Qulami hökmdən apellyasiya şikayəti verib. Hökmün qüvvəyə minməsi üçün ona apellyasiya məhkəməsində baxış başa çatmalıdır. Bunları «Azadlıq» radiosuna Təbrizli jurnalist Həsən Ərk deyib:

«Əgər qərar olsa bu hökmə görə tutardılar, bu cür getməzdilər. Ehtimal etmək olar onu başqa bir ittihamla həbsə salıblar».
Həsən Ərk deyir ki, Şahnaz Qulaminin həbsinə səbəb onun son zamanlar milli hüquqlar uğrunda hərəkatın fəalı Qulamrza Əmaninin avtomobil qəzasında ölümü ilə bağlı irəli sürdüyü ehtimallar ola bilər:

«Xanım Şahnaz Qulami belə düşünürdü ki, mühəndis Qulaminin düşdüyü avtomobil qəzası xüsusi adamlar, ehtimal ki, dövlət adamları tərəfindən təşkil olunub. Bizim də hökumətin nəzərincə, belə fikirlər söyləmək iğtişaş salmaq, ictimai fikrdə təşviş yaratmaq sayılır. Ola bilsin ki, Şahnaz Qulamini bu fikirlərinə görə həbs ediblər».

Şahnaz Qulami bu ehtimalları müəllifi olduğu «azarwomen» bloqunda da dərc edib.

Həsən Ərkin sözlərinə görə, ümumiyyətlə, Şahnaz Qulami fəal qadın olduğu üçün təzyiqlərə məruz qalır:

«Qadınların haqları uğrunda çalışır. Azərbaycan milli hərəkatı - bizim hürriyyətimiz, dilimiz, mədəni haqlarımızla bağlı yazılar yazır. Əsasən, jurnalist kimi fəaldır. Qadın məsələləri ilə bağlı bir veb-səhifəsi vardı, orda və müxtəlif qəzetlərdə yazır. Ümumiyyətlə çox çalışqan bir xanımdır. Ona görə də fəaliyyəti nəzərə tez çarpır».

Şahnaz Qulami Xalq Mücahidlər Hərəkatında siyasi fəaliyyətinə görə 1989-cu ildən 1994-cü ilədək həbsdə olub. 2007-cı ilin mayında isə o, «İran» qəzetində azərbaycanlıları təhqir edən karikatura ilə bağlı etirazların ildönümündə iştirakına görə də bir ay həbsdə saxlanılmışdı. Şahnaz Qulami «azarwomen» bloqunun yaradıcısı və İranda Qadın Jurnalistlər Assosiasiyasının («Roza») üzvüdür.

Şərhləri göstər

XS
SM
MD
LG