Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:50

Belə getsə, broyler şirkətləri tənəzzülə uğrayacaq


Sahibkarlar xaricdən gətirilən quş əti ilə rəqabətə tab gətirə bilmədiklərini deyirlər

Sahibkarlar xaricdən gətirilən quş əti ilə rəqabətə tab gətirə bilmədiklərini deyirlər

Bir müddətdir Azərbaycanın quşçuluq fabriklərindən bir neçəsi öz fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Fabrik rəhbərləri daxili bazarda rəqabətə davam gətirə bilmədiklərini söyləyirlər.

Quşçuluq Cəmiyyətinin rəhbəri Aydın Vəliyev deyir ki, yerli broyler şirkətləri vergi ödəyicisi olmasalar da, istehsal üçün lazım olan xammalı xarici ölkələrdən gətirdiklərinə görə Əlavə Dəyər Vergisi ödəyirlər:

«Avadanlıq bahadır, yerli damazlıq baza da yoxdur. Hamısı xaricdən gəlir. Belə şəraitdə yerli şirkətlər nəinki inkişaf edə bilmir, heç yerində də saya bilmir. Hamısı ziyanla işləyir. Xaricdən quş əti gətirib doldururlar mağazaları, yerli quş əti satılmır».

Aydın Vəliyev deyir ki, yerli məhsulun maya dəyərini baha edən əsas amillər xam malın xaricdən gətirilməsidir. Onun sözlərinə görə, daxili bazarda az-çox özünə yer eləmiş irili-xırdalı broyler şirkətləri belə gedişlə tənəzzülə uğraya bilər.

Müsahibimiz bildirir ki, quşçuluq sahəsinin iflasa uğramaması üçün onlar hökumətə təkliflər hazırlayıblar. Sahibkarlar broyler şirkətlərinə güzəştlərin tətbiqi, Əlavə Dəyər Vergisinin ləğvi kimi təklifləri irəli sürürlər.

«Turan» informasiya agentliyinin iqtisadçı-tədqiqatçısı Hafiz Babalı isə deyir ki, quşçuluq sahəsindəki problemlər 2006-cı ildə ölkədə «quş qripi» virusu tapılandan sonra yarandı:

«Bəzi müəssisələrdə «quş qripi» tapıldı, quşlar tamam qırıldı. Bəzilərində sanitar-gigiyenik tədbirlər həyata keçirildi. Bunun da nəticəsində xərclər gəliri üstələdi».

Hafiz Babalı deyir ki, eyni tədbirlər sonrakı illərdə də baş verdiyi üçün bir çox broyler şirkətləri dayanmaq təhlükəsiylə üzləşdi. Yaranmış problemlərin sırasında ekspert həm xammallın xaricdən gətirilməsini, həm də müəssisələrin öz fəaliyyətində menecment xidmətinin düzgün qurulmadığını sadalayır. Amma o hesab edir ki, hökumət yerli bazarın, o cümlədən kiçik və orta sahibkarlıqda az-çox işləyən quşçuluq sahəsinin qorunması üçün güzəştli addımlar atmalıdır.

Bəzi iqtisadçılar isə hesab edirlər ki, bir neçə broyler müəssisəsinin iflası dünya iqtisadi böhranının Azərbaycana təsiri nəticəsində baş verib. Bu təsir təkcə quşçuluq sahəsiylə ötüşməyəcək, digər sahələri də ciddi problemlər gözləyir. Millət vəkili Pənah Hüseyn də parlamentin ötən iclasında problemə bu aspektdən yanaşıb:

«İqtisadi böhran barədə optimist danışmağa məncə ehtiyac yoxdur. «Mərdəkan broyler» bağlandı. Niyə bağlındı? Maşınqayırma sahəsində işçilərin sayı azaldı? Əgər dünya iqtisadi böhranının bizə təsiri yoxdursa, onda bunu nəyələ izah etmək olar?»

Nazirlər Kabinetindən də hələlik heç nə demirlər. Hökumətin mətbuat xidmətindən bildirilir ki, hələ onlara bu məsələylə bağlı hər hansı informasiya daxil olmayıb. İqtisadi İnkişaf Nazirliyindən də bir cavab öyrənə bilmədik. Onlar da hələlik quşçuluqla məşğul olan sahibkarların probleminə münasibət bildirmək istəmirlər. Amma yeni iqtisadi inkişaf naziri Şahin Mustafayev təyinatından az sonra mətbuata açıqlayıb ki, nazirliyin əsas fəaliyyəti sahibkarlara əməli yardım göstərməkdir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG