Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:33

Avropa qaz axtarır


Enerji təhlükəsizliyi ilə bağlı sonuncu sammit bu il mayın 23-də Kiyevdə keçirilib

Enerji təhlükəsizliyi ilə bağlı sonuncu sammit bu il mayın 23-də Kiyevdə keçirilib

Noyabrın 14-də Bakıda keçiriləcək və sayca dördüncü olan enerji sammitinə Gürcüstan, Ukrayna, Polşa, Türkiyə, Estoniya, Litva, Latviya və Rumıniya prezidentlərinin də qatılacağı gözlənilir. Ukrayna prezidenti Viktor Yuşşenko, artıq Azərbaycana səfərə hazırlıqla bağlı tədbirlər planının hazırlanması barədə sərəncam verib və planının hazırlanması Nazirlər Kabinetinə tapşırılıb.

«Trend kapital» agentliyinin direktor müavini Seymur Əliyev bu sammitin regionun enerji resurslarına sahib olan ölkələr üçün mühüm olduğunu hesab edir:
«Bakıda belə bir sammitin keçirilməsi özü də bir siyasi iradədir. Yəni indi Avropaya nəql olunan enerji daşıyıcılarının çoxu Rusiyadan göndərilir. Rusiyadan asılı olmadan hansısa bir enerji dəhlizini yaratmaq yəni Transqafqaz Avropa enerji dəhlizinin yaradılması məsələləri burada müzakirə oluna bilər».
Seymur Əliyevin sözlərinə görə Avropa Birliyi Xəzər qazından asılı olmasa da, bu qazın alınmasında çox maraqlıdır. Lakin o, bildirir ki, tək Azərbaycan qazı Avropaya yetməyəcək bunun üçün də Birlik qaz resursuna malik bütün Xəzəryanı ölkələrlə əməkdaşlıq etməkdə maraqlıdır.
İqtisadçı Kənan Aslanlı deyir ki, bu sammitdə müəyyən qərarların qəbul edilməsi gözlənilir:
«Artıq bəzi qərarların qəbul olunması vaxtı gəlib çatıb. Bu, həm tranzit kəmərlər, həm də tərəflərin uzun müddətdir ki, mövcud olan qeyri müəyyən mövqelərinin ortadan qaldırılması ilə bağlıdır».

Kənan Aslanlı bildirir ki, Azərbaycan Avropa Birliyinin növbəti on il üçün nəzərdə tutulmuş illik yüz milyard kub metr civarında olan tələbatının ən yüksək halda 6 və ya 6.5 milyard kub metrini verə bilər. Beləliklə də Avropa Birliyi regiondakı qaz ehtiyatına malik digər ölkələrlə də işləməkdə maraqlıdır, eləcə də Rusiya ilə. Bununla da Avropa Birliyi bu məsələlərin bir-birinə mane olmadığını əsaslandırır. Lakin bu qurum Türkmənistan, Azərbaycan və daha çox İranla işləməkdə maraqlıdır. Ona görə də Azərbaycanın burada rolu resurs mənbəyindən daha çox tranzit ölkəsi kimi önəmlidir.

Bir neçə gün öncə «Azadlıq» radiosuna müsahibə verən Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Andris Piebalqs deyib ki, Birliyin Azərbaycandan birbaşa qaz almaqda böyük marağı var və bunun üçün lazım olan bəzi şərtlər Azərbaycan rəhbərliyi ilə müzakirə olunub. O, ümid etdiyini bildirib ki, «Nabucco» qaz boru kəməri layihəsi ilə bağlı hökumətlərarası razılaşma artıq gələn ilin əvvəlində imzalana bilər.

Enerji məsələləri üzrə ixtisaslaşmış jurnalist Kəmalə Mustafayeva isə bildirir ki, qazı satan və alan ölkə onu vasitəçi olmadan birbaşa almaqda maraqlıdır. Buna görə də Azərbaycan öz təbii sərvətini Avropa Birliyinə satmaqda qərarlıdır. Onun sözlərinə görə, əgər bu sahədə siyasət düz qurularsa və hər hansı kompromis tapılsa, Azərbaycandan qaz almaqda maraqlı olan Rusiya və İran bu məsələdə daha sakit davranacaq.

Xəzər, Qara və Baltik dənizi regionunda enerji təhlükəsizliyi məsələləri üzrə birinci sammit Polşanın Krakov şəhərində 2007-ci ilin mayında, ikinci sammit Vilnüsdə 2007-ci ilin oktyabrında, sonuncusu isə Ukraynanın paytaxtı Kiyevdə bu il mayın 23-də keçirilib. Sonuncu sammitdə 10-a yaxın ölkənin prezidenti iştirak edib.

Şərhləri göstər

XS
SM
MD
LG