Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:46
«Xəstəxanaya qarın nahiyəsindən dörd kəsilmiş-deşilmiş yara və kəskin qanaxma ilə daxil olub. Bir litrdən çox qan qarın boşluğuna yığılmışdı. Axşam reanimasiyada saxlanıb. Durumu çox ağır idi. İndi sabitdir».

Bu sözləri noyabrın 6-da Prezident Aparatının qəbul otağında özünə qəsd etmiş Rafiq Axundovun müalicə edən həkim Kamil İbişov deyir. Həkimin sözlərinə görə, xəstə hələ iki həftə klinikada müalicə almalıdır.

R.Axundov özü isə «Azadlıq» radiosuna bildirir ki, özünə qəsd etməsinin səbəbi neçə illərdir məhkəmələrdə süründürməçiliklə üzləşməsi, girov qoyduğu evinin əlindən alınmasıdır:

- Mən yalnız zamin dayanmışam. Ancaq bankdan sənəddə göstəriləndən artıq pul götürülüb. O səbəbdən də evimi əlimdən alıblar.

- Siz Prezident Aparatına kiminlə görüşməyə getmişdiniz?

- Hüquq şöbəsinin müdiri Fuad Ələsgərovla. Ancaq Azərbaycanda heç kim özü vətəndaşı sayıb onunla görüşmür, adamlarını göndərir. Mən getmişdim ki, onunla görüşüb hüquqlarımın bərpasına yardım istəyim. Artıq səkkiz ildir belə davam edir.

Rafiq Axundov deyir ki, onun əlində bankla imzalanan müqavilənin əsli var. Burada R.Axundovun bir şirkət üçün evini girov qoymaqla zamin dayandığı göstərilir. Bankdan götürülən kreditin dəyəri isə 25 milyon köhnə manat olub. Bank isə iddia edir ki, bu məbləğ 62 milyondur. Bu səbəbdən Rafiq Axundovun girov qoyduğu ev əlindən alınıb. Buna qədər Ali Məhkəmədə də həyatına sui-qəsdə cəhd göstərib. Dəfələrlə rəsmi şəxslərin qəbulunda olub. Ancaq şikayətlərini nəzərə alan olmayıb.

Jurnalist Şahvələd Çobanoğlu deyir ki, insanların öz həyatlarına sui-qəsd etmələri son müdafiə forması kimi üzə çıxır:

- İnsanlar ədalətli məhkəmənin olduğuna, haqlarının bərpa olunacağına inansalar, kim özünü öldürməyə qalxar? Haqsızlığın baş alıb getdiyi, günahkarların cəzalandırılmadığı ölkələrdə belə halların sayı durmadan artır.

Ş.Çobanoğlu deyir ki, belə olaylar oxşar durumda olan insanlara da ciddi təsir göstərir, onlarda millətə və dövlətə ciddi inamsızlıq hissi formalaşdırır.

Daxili İşlər Nazirliyində isə faktla bağlı hələ də cinayət işi qaldırılmayıb. Nazirlikdən «Azadlıq» radiosuna verilən xəbərə görə, hələlik polis hadisənin hansı səbəbdən və hansı şəraitdə baş verməsilə bağlı araşdırma aparır. Araşdırmalardan sonra faktla bağlı cinayət işinin qaldırılıb-qaldırılmayacağı bəlli olacaq.

Şərhləri göstər

XS
SM
MD
LG