Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:40

Deputat Təhsil Nazirliyini ittiham etdi


«Problem bu vəsaitlərin düzgün xərclənməməsi, düzgün paylanmaması və öz ünvanına adekvat çatdırılmamasıdır»

«Problem bu vəsaitlərin düzgün xərclənməməsi, düzgün paylanmaması və öz ünvanına adekvat çatdırılmamasıdır»

«2009-cu ilin dövlət büdcəsində Azərbaycan elmi üçün nəzərdə tutulan vəsait bu sahəni inkişaf etdirməyə qadir deyil». Milli Məclisin Elm və Təhsil Məsələləri Daimi Komissiyasının üzvü Cəmil Həsənli belə düşünür. O deyir ki, dünyada büdcə sisteminin formalaşmasında ümumi götürülmüş qaydalar var. Elm xərcləri ümumi büdcə xərclərinin 2 faizindən aşağı olan ölkələrdə bu sahənin inkişafından söhbət gedə bilməz. Gələn il üçün təqdim olunan büdcə layihəsində isə elmə ayrılan vəsait nəinki 2 faizə, heç 1 faizə də çatmır. C.Həsənli noyabrın 7-də parlamentin komissiyaları büdcə layihəsini müzakirə edərkən Maliyyə naziri Samir Şərifovdan buna aydınlıq gətirməsini istədi:
«Sizin gələn il üçün təqdim etdiyiniz layihədəki artımı da ötən il elmə ayrılan xərclərin üzərinə gələndə, bu xərclər ümumilikdə 0,9 faiz edir. Yəni heç 1 faiz də etmir. Azərbaycanın yaxşı elmi potensialı var. Xahiş edirəm onun qorunması üçün büdcədə şərait yaradasınız və niyə belə olduğunun izahını verəsiniz».
Maliyyə naziri Samir Şərifov isə deyir ki, büdcədə elmə ayrılan xərclər, elmdə həyata keçirilən islahatlarla, elmin maliyyələşməsi mexanizmi ilə bağlıdır. Amma buna baxmayaraq son iki il ərzində dövlət başçısı ilk növbədə Milli Elmlər Akademiyası işçilərinin əməkhaqlarını əhəmiyyətli dərəcədə artırıb. Həmçinin cari ildə Akademiyaya müvafiq avadanlıqlar alınması üçün vəsait ayrılıb. Növbəti il üçünsə bu vəsait 5 dəfə artırılır. Amma nəzərə almaq lazımdır ki, Azərbaycanın son üç ildəki büdcəsi sırf inkişaf büdcəsidir. Burada əsaslı xərclər, investisiya xərcləri böyük çəkiyə malikdir. Ona görə də elmə ayrılan vəsaiti büdcə xərclərinin ümumi çəkisi ilə ölçmək düzgün yanaşma deyil. Nazirin sözlərinə görə, prezident 2008-ci ildə elmin inkişafı Dövlət Proqramının hazırlanması üçün Baş nazirin rəhbərliyi ilə müvafiq hökumət komissiyası yaradıb:
«Hazırda bu komissiya işləyir. Komissiyaya MEA-nın, elm ictimaiyyətinin nümayəndələri daxildir. Bu proseslər gedir. Dövlət proqramı qəbul edildikdən sonra müvafiq vəsaitlər ayrılacaq. Və bu vəsaitlərin ünvanlılığı da təmin ediləcək».
Deputatlar Asim Mollazadə, Qüdrət Həsənquliyev və bəzi başqaları isə təhsil üçün nəzərdə tutulan xərclərin konkretləşməsini istəyirlər. Cənab Mollazadə gənclərin xaricdə təhsil alması işini sürətləndirməyi, Həsənquliyev isə imkansız gənclərə pullu təhsil üçün büdcədə kreditlərin nəzərdə tutulmasını tövsiyə edirlər.
Millət vəkili Gültəkin Hacıyeva isə hesab edir ki, vəsaitlərin ayrılması hələ hər şey demək deyil:
«Təhsilin problemi əslində bu sahəyə ayrılan vəsaitlərin azlığında deyil. Problem bu vəsaitlərin düzgün xərclənməməsi, düzgün paylanmaması və öz ünvanına adekvat çatdırılmamasıdır. Keyfiyyətin yaxşılaşdırılması üçün Təhsil Nazirliyinin strukturlarında da islahatlara, dəyişikliklərə ehtiyac var».
O ki qaldı bəzi deputatların elmi xərclərin büdcədə az nəzərdə tutulması barədə iradlarına, xanım Hacıyeva deyir ki, elmi xərcləri artırmaq lazımdır. Ancaq bununla yanaşı elmin strukturu da dəyişdirilməlidir. Strukturun indiki səviyyədə qalması Azərbaycanın elmi potensialının açılmasına, realizə edilməsinə imkan vermir.
Mütəxəssislər isə hesab edirlər ki, elə strukturun dəyişdirilməsi üçün də xeyli vəsait tələb olunur.

Şərhləri göstər

XS
SM
MD
LG