Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 03:02

«Bəxtim gətirib ki, amerikalıyam»


«Biz Azərbaycan kimi öz müstəqilliyini əldə etmiş dövlətlərə öz dəstəyimizi əsirgəməyəcəyik»
«Biz Azərbaycan kimi öz müstəqilliyini əldə etmiş dövlətlərə öz dəstəyimizi əsirgəməyəcəyik»
«Amerika Birləşmiş Ştatlarındakı prezident seçkiləri bizim ölkənin daxilində qəbul olunmuş dəyərlərin bir növ təzahürü oldu. Biz bu dəyərlərlə yaşayırıq, eyni zamanda bütün dünyanın sülhsevər insanları ilə bu dəyərləri bölüşməyə hazırıq»-, ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders «Azadlıq» radiosuna müsahibəsində belə deyib.

Diplomat bu seçkilərdə Amerikanın tarixi anlar yaşadığını vurğulayır: «Birinci dəfə idi ki, Afrika məşəli Amerika vətəndaşı Birləşmiş Ştatların prezidenti seçilirdi. Eyni zamanda ilk dəfə idi ki, Respublikaçılar partiyası tərəfindən vitse-prezidentliyə qadının namizədliyi irəli sürülmüşdü. Hər şeydən öncə ABŞ-dakı seçkiləri onu nümayiş etdirdi ki, Amerika həqiqət də demokratiyanı, azadlığı sevən və bərabər imkanlar təqdim edən məmləkətdir. İstənilən vətəndaş əgər öz dövlətinə bağlılığı nümayiş etdirərsə, istedadı varsa, öz işində əzmkarlıq göstərirsə, bütün arzularını həyata keçirə bilər».

Enn Ders prezidentliyə hər iki namizədin – Obama və Makkeynin layiq olduğunu və onların hər birinin ölkəyə uzun illər xidmət etdiklərini, Amerikanın inkişafı üçün çalışdıqlarını deyir. «Amerika xalqı öz sözünü dedi - Barak Obamanı prezident seçdi. Azərbaycanda da ABŞ prezidentliyinə namizədlərin çıxışlarını dinləyiblər və bu insanlar inanırlar ki, Amerikadakı sistem böyük qüdrətə malik və sabit bir sistemdir».

Diplomat ölkəsindəki seçki kampaniyasının heç də asan keçmədiyini də vurğuladı:
Amerika Azərbaycanla təhlükəsizlik və enerji sahəsində olduqca vacib maraqları bölüşür. Lakin demokratiya və azadlığın inkişafı bu sırada istisna deyil
«Bu prezident seçkilərini yaxından izləyən azərbaycanlılar da o fikirlə razılaşarlar ki, son on doqquz ay ərzində seçki debatları çox çılğın şəkildə həyata keçirilirdi və namizədlər xalqla öz fikirlərini paylaşırdılar, öz mövqelərini bildirdilər. Məhz bunun sayəsində Amerika xalqı öz seçimini etdi. Demək istəyirəm ki, amerikalı olduğuma görə bəxtim gətirib».

Bir mühüm nüansı xüsusi qeyd olunmalıdır ki, məhz bu seçkilərdə seçicilərin fəallığı çox yüksək olub. Səfir deyir ki, bu seçkilər Amerika mediasının gücü sayəsində ərsəyə gəlib: televiziya, radiolar, qəzetlər, İnternet bu seçkilərə çox sıx şəkildə qatıldı: «Bu seçkilərdə gənclərin fəallığı daha çox özünü göstərib. Elə mən Azərbaycan gəncləri ilə də görüşəndə onlar Amerikadakı seçkilərə böyük maraqla izlədiklərini deyirlər».

Səfir yeni administrasiyanın Azərbaycan və Cənubi Qafqaz regionu ilə bağlı siyasəti haqqında mülahizələrini bildirib: «Amerika Azərbaycanla təhlükəsizlik və enerji sahəsində olduqca vacib olan maraqları bölüşür. Lakin demokratiya və azadlığın inkişafı bu sırada istisna deyil. Bu fikrə əlavə olaraq qeyd etmək istəyirəm ki, sabitlik bilavasitə siyasi sisteminin mövcudluğundan asılıdır. Söhbət o sistemdən gedir ki, onun daxilində insan hüquqlarına hörmətlə yanaşırlar və insanlar öz hüquqlarından faydalana bilirlər. Təcrübədə onu göstərir ki, dünyanın istənilən nöqtəsində ən yaxşı tərəfdaşlarımız məhz demokratik dövlətlərdir. Ümid etmək istərdim ki, Azərbaycan uzunmüddətli perspektivdə inkişaf etmiş demokratik, bazar iqtisadiyyatına malik olan və insan hüquqlarından faydalanan dövlətə çevrilmək niyyətindədir».

Rusiyanın regiona münasibətinə gəldikdə isə diplomat bunları deyib: «Sovet İttifaqı dağılandan sonra Rusiya Federasiyasına bərabər səviyyəli tərəfdaş kimi baxmaq ümidlərimiz vardı, elə indi də var. Amma Rusiyanın Gürcüstana müdaxiləsi, gücdən qeyri-mütənasib istifadə bizim ümidlərə zidd çıxdı. Biz düşünürük ki, Rusiyada həqiqətən də çox düşüncəli insanlar var, və bu insanlar uzunmüddətli perspektivdə Rusiyanın beynəlxalq icmanın məsuliyyətli üzv olması barədə fikirləşirlər. Biz səylərimizi davam etdiririk və ümid edirik ki, Rusiyanın hərbi gücləri Gürcüstandan çıxarılacaq və «status-kvo» bərpa olunacaq. Bir məqam da yenidən nəzərinizə çatdırmaq istəyirəm ki, biz Azərbaycan kimi öz müstəqilliyini əldə etmiş dövlətlərə öz dəstəyimizi əsirgəməyəcəyik. Və bu dövlətlərin suveren və müstəqil olma səylərini dəstəkləyəcəyik. Bu mövqe Amerikanın yeni administrasiyası tərəfindən də davam etdiriləcək».
XS
SM
MD
LG