Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:08

ABŞ-da seçkini Berlin divarlarının dağıdılmasıyla müqayisə edirlər


Seçkini Keyptaunda izləyən Cesika adlı bir nəfərsə yazıb ki, ilk dəfə küçələrə çıxıb «Mən amerikalıyam» deyə qışqırmaq istəyir

Seçkini Keyptaunda izləyən Cesika adlı bir nəfərsə yazıb ki, ilk dəfə küçələrə çıxıb «Mən amerikalıyam» deyə qışqırmaq istəyir

Barak Obama ABŞ-ın ilk qaradərili prezidenti oldu. Bu fikri indi çox eşidir və çox oxuyuruq. Bəlkə də etik deyil, amma fikrin dəfələrlə vurğulanmasının səbəbi var. Axı 50 il qabaq Amerikada qaradərililər ağlarla bir yerdə otura bilmirdi. Düz 50 il əvvəl - 1958-ci ildə Şimali Karolinada bir balaca ağ qız qaradərili dostuna - oğlan uşağına yaxınlaşıb onu öpdüyü üçün oğlanı tutmuşdular. 9 yaşlı oğlanı hətta qızı zorlamağa cəhddə günahlandırıb, 12 il həbs cəzası da vermişdilər. Ancaq böyük səs-küydən sonra uşağı buraxdılar.
«Nyu-York Times»da Nikolas Kristof adlı müəllif yazır ki, amerikalılar bərabərlik ideyasına tez-tez xəyanət ediblər. Amma noyabrın 4-də keçirilən prezident seçkisində Birləşmiş Ştatlar bərabərlik ideyasını yenidən dirçəltdilər. Müəllif Obamanın seçilməsini öz bloqunda müzakirəyə çıxarıb. Seçkini Keyptaunda izləyən Cesika adlı bir nəfərsə yazıb ki, ilk dəfə küçələrə çıxıb «Mən amerikalıyam» deyə qışqırmaq istəyir.
Seçkini İsveçrədə izləyən bir amerikalı isə yazır ki, onu tərif atəşinə tutublar. Birləşmiş Ştatlarda bu seçkini Berlin divarlarının dağıdılmasıyla müqayisə edirlər. Kenyada Tom adlı bir amerikalı Obamanın şəkli olan köynək geyib, deyir işə bir saata gedib çıxıb, çünki hər addımbaşı onu saxlayıb təbrik edirlərmiş.
Leonardo adlı biri isə Tanzaniyadan yazıb ki, B.Obamanı seçməklə Amerika demokratiyanı elə təbliğ etdi ki, Birləşmiş Ştatların gördüyü heç bir iş, heç bir söz demokratiyaya bu qədər kömək olmamışdı.
Barak Obama və onun ailə üzvləri, Çikaqo, 4 noyabr 2008
Reaksiyalar göstərir ki, B.Obamanın seçilməsinin Birləşmiş Ştatlara xeyri var. Səkkiz ildir könüllü şəkildə təcrid olunan ölkəyə münasibət dəyişir. Amma Obama özünü tez təsdiq etməli olacaq.
Müəllif Nikolas Kristof yazır ki, 11 yaşlı qızı dostlarıyla birləşib, şirə və şirmiyyat satıb ki, Obamanın təbliğat kampaniyasına pul yığsın. Seçki günü də qaydaları pozub, gecəni yatmayıb və seçkini izləyib. İndi də məktəbdən çıxmağa hazırdır, deyir cəbr ona lazım deyil, icma təşkilatçısı olacaq. B.Obama karyerasına icma təşkilatçılığıyla başlayıb. Müəllif hesab edir ki, Obama seçki kampaniyası zamanı əhalini çox ruhlandırıb və indi onun birinci vəzifəsi cəmiyyətdə yaranan enerjidən istifadə etməkdir.
B.Obamanın seçilməsi təsadüf deyil. Prezidentlik Obamaya göydən düşmədir. «Financial Times» belə yazır. Obama və onun komandası çox cəsarətli və nöqsansız kampaniya apardı. Və bu komandanın ən böyük gücü Obama özü idi. Sakit, möhkəm temperamentli Obamanın dəyişiklik barədə çağırışları sakitləşdirici effekti verirdi. Qəzet yazır ki, bu adam təbliğat mətnlərini təzədən yazdı, xərcləri inanılmaz dərəcədə artırdı. İki güclü rəqibinə - Hillari Klintona və Con Makkeynə qalib gəldi. İndi bu səs-küydən, bayramlardan sonra Obamanı çətin sınaqlar gözləyir. Ölkə iqtisadi böhran içindədir, səhiyyədə islahatlara ehtiyac var, terrorla müharibə davam etdirilməlidir və s. Ən böyük sınaq odur ki, Obama öz partiyasına bütün ölkənin prezidenti olduğunu xatırlatmalıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG