Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:38

Zəhərlənən uşaqların valideynləri məhkəməyə müraciət edəcək


E.Hüseynov alıcılar yararlılıq müddəti yarıdan keçmiş məhsulları almamağa çağırır

E.Hüseynov alıcılar yararlılıq müddəti yarıdan keçmiş məhsulları almamağa çağırır

Heç bir həftə deyil ki, Bakıda iki kütləvi zəhərlənmə hadisəsi baş verib, 20-yə yaxın adam zəhərlənib. Ancaq son zəhərlənmələr nə restoran və şadlıq evlərində, nə də dönərxanalarda deyil, məktəblərdə qeydə alınıb. Birində şagirdlər əmək təlimi dərsində hazırladıqları salatdan, ikincidə isə mağazadan alınan qənnadı məmulatından zəhərləniblər.

Zəhərlənmiş qızın atası Tahir:

«Məktəbdə uşaqlardan birinin ad günü idi, valideyn gətirib «Konti» firmasının «Bonjur» adlı məhsulunu paylayıb. Uşaqlar özlərini narahat hiss ediblər».

Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev deyir ki, Sabunçu və Xətai rayonlarında yerləşən məktəblərdə kütləvi zəhərlənmə hadisəsinə görə, artıq müvafiq tədbirlər görülüb. Salat olayına görə, məktəbin direktoru, tibb məntəqəsinin həkimi və müəllimə qarşı inzibati cəza tədbirləri görülüb və onlar cərimələniblər. «Bonjur» məhsulundan zəhərlənmə halında isə sahibkar 200 manat cərimələnib və dükanın fəaliyyəti dayandırılıb. İ.Abdullayev deyir ki, hadisəyə görə, «Bonjur»un da satışına qadağa qoyulub, ancaq məhsulun son satış taleyi ekspertizadan sonra bəlli olacaq.

İmran Abdullayev geniş ekspertizanın aparılacağını bildirir.

Ekspertizanın nəticələrinin nə zaman açıqlanacağına gəlincə, o, bunun 10 gündən bir az artıq çəkəcəyini deyir.

Son 10 ayda ölkədə 632 zəhərlənmə hadisəsi baş verib, 790-dan çox adam zərər çəkib. İlin əvvəlindən bu yana yalnız beş kütləvi zəhərlənmə olub ki, onlardan biri yayda, qalanı isə məişətdə baş verən zəhərlənmələrdir.

Ancaq Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, hər şeydən öncə məhsulun alıcısı diqqətli olmalı, malın saxlanma şəraitinə diqqət yetirməlidir. E.Hüseynov alıcılar yararlılıq müddəti yarıdan keçmiş məhsulları almamağa çağırır.

Ancaq Bakıda rəyini soruşduğum uşaqlar, eləcə də onların valideynlərinin əksəriyyəti bu məsləhətlərin əhəmiyyətinə varmadıqlarını deyirlər.

Ötən həftənin sonunda Xətai rayonunun 95 saylı məktəbində zəhərlənən məktəblilərin valideynləri isə bildirir ki, onlar zəhərlənməyə səbəb olan şirkəti məhkəməyə verib, təzminat ödəməsini tələb edəcəklər. Çünki qənnadı məhsulundan zəhərlənən şagirdlərin mədə suyunda stafilokok virusu aşkarlanıb.

Zəhərlənmiş qızın atası Tahir:

«Biz şirkəti məhkəməyə verməliyik ki, uşağın gələcək sağlamlığının təminatı üçün bankda hesab açıb ora pul köçürsünlər».

Ancaq Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, Azərbaycanda istehlakçıların hüquqları addımbaşı pozulur. Və əgər istehlakçı aldığı məhsuldan zərər çəkirsə, ona bunun müqabilində kompensasiya ödənilməlidir. Bu isə Azərbaycanda baş vermir:

«Mütləq məhkəməyə müraciət olmalıdır, ancaq Azərbaycanda qanunların zəifliyi üzündən yalnız müəssisələr 400 manat cərimələnir. Vəssalam».

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatında isə deyilir ki, ilin əvvəlindən bu yana 1400-dən artıq adam inzibati qaydada cərimələnib.

Onlardan 400-dən çoxu mağazalarında sanitar-gigiyenik normalara əməl etmədiklərinə görə, inzibati məsuliyyətə cəlb ediliblər.

Şərhləri göstər

XS
SM
MD
LG