Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:12

Köhnə xəstəxanalar uçurulacaq


Dövlət büdcəsindən gələn il üçün səhiyyəyə 500 milyondan çox vəsaitin ayrılması nəzərdə tutulur

Dövlət büdcəsindən gələn il üçün səhiyyəyə 500 milyondan çox vəsaitin ayrılması nəzərdə tutulur

«Uşağın istiliyi 40-a çatmışdı, təcili yardıma zəng etdik, deyir ki, şəhərə xəstə aparıb. İki saatdan sonra gəlib çıxdı. Bizdən qabaq başqalarına getmişdi. Bir zəhərlənmə də varıymış…»

Bakının Müşfiqabad qəsəbəsinin sakini Əminə Sadıqova danışır ki, onlar belə hallarla tez-tez üzləşirlər. Xüsusilə, gecə vaxtı şəhərdən 20 km uzaqda yerləşən qəsəbədə iki-üç nəfərin canı birdən ağrıyanda həkim tapılmır. Ə.Sadıqova qəsəbədəki poliklinikanın şəraitindən də gileylidir:

«Uşağı aparmışdım həkimə. «Şkaf»ları açır. Həkim də deyir ki, onsuz da boşdur. Doğrudan da «şkaf»ların elə qaraltısı var, içi bom-boşdur. Allahın bir dərmanı da yoxdur. Gündə bir xəstəxana açırlar. Olmazmı ki, pulu camaatın ehtiyacı olan yerə xərcləsinlər».

Yasamal rayonu ərazisində yerləşən 19 saylı poliklinikada isə texniki avadanlıq Nuh əyyamından qalıb:

«Diş kabinetidir, bor maşını köhnədir. Fizioterapiya kabinetindəki bu aparat 1969-cu ildən qalıb».

2008-ci ildə dövlət büdcəsindən səhiyyəyə üst-üstə 300 milyondan çox vəsait ayrılıb. Bu vəsaitin xərcləri sırasında əməkhaqqı, mal və xidmətlərin alınması, kommunal xərclər, cari təmir işləri var. Eyni zamanda, 100 milyondan çox da investisiya xərcləri üçün vəsait ayrılıb.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev
Səhiyyə nazirinin müavini Elsevər Ağayev «Azadlıq» radiosuna deyir ki, onlar bir çox bölgələrdə yeni tibb müəssisələri tikirlər. Onun fikrincə, hökumət sosial sahəyə xüsusi diqqət yetirdiyindən təkcə Səhiyyə Nazirliyinin xəttiylə yox, başqa resurslar hesabına da tikinti işləri həyata keçirirlər. İnvestisiya xərclərini yönəldərkən isə ehtiyacları qiymətləndirirlər:

«Rayon icra hakimiyyətlərindən, regionlardan müraciətlər olur. Bizim mütəxəssislərimiz də araşdırma aparırlar, daha vacib olanlar önə çəkilir».

Elsevər Ağayev deyir ki, Dövlət Neft Şirkətinin xəttiylə hətta mərkəzi rayon xəstəxanaları da tikilir. «Bəs əvvəlki xəstəxanaların taleyi necə olacaq» sualına nazir müavini belə cavab verir:

«Azərbaycanın müasir xəstəxanalara ehtiyacı var. Həmin köhnə xəstəxanalar isə ya səhiyyə mərkəzləri kimi qalacaq, ya da uçurulacaq. Amma kənd səhiyyə sisteminin inkişafına böyük ehtiyac var».

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlunun fikrincə isə, ehtiyacların qiymətləndirilməsi sistemsiz aparılır. O, hesab edir ki, regionlarda əhalinin müalicə-diaqnostika mərkəzinə daha çox ehtiyacı olmasının, yoxsa ilkin tibbi yardımın yaxşılaşdırılmasının vacibliyi kriteriyası arasında fərq qoyulmur:

«Semaşko» xəstəxanası
«Dağ kəndlərində səhiyyə müəssisələri əhalinin yaşadığı yerdən uzaq olur. Burda daha çox ehtiyac səhiyyə məntəqələrinədir. Məsələn, Qəbələdə onkoloji xəstəxana açılması daha vacibdir, nəinki Diaqnostika Mərkəzi. Çünki böyük məbləğlərdən söhbət gedir. Məsələn, bir diaqnostika mərkəzinin tikintisi təxminən 10 milyon manata başa gəlir».

Q.İbadoğlu deyir ki, son illər səhiyyəyə ayrılan vəsait altı dəfə artırılsa da, tibbi xidmətin keyfiyyətinin altı dəfə artmasından danışmaq olmaz:

«Azərbaycanda hələ də tibbi yardımın əlçatımlılığıyla bağlı problemlər var. Ölkədə getdikcə ödənişli tibbi xidmət növləri artır. Dövlətin pulsuz müayinə və müalicə təminatı özünün əhəmiyyətini çoxdan itirib. Araşdırmalar göstərir ki, əhalinin ödənişi xərclərin 75 faizini əhatə edir».

Qubad İbadoğlu hesab edir ki, büdcə vəsaitinin 60 faizdən çoxunun əməkhaqqına yönəldilməsi nə tibb işçilərinin gileyli maaş problemini həll edib, nə də səhiyyə xərclərinin effektiv bölüşməsinə səbəb olub.

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə deyir ki, investisiya xərcləri həm də mütəxəssis hazırlığına yönəldilməlidir.

Dövlət büdcəsindən gələn il üçün səhiyyəyə 500 milyondan çox vəsaitin ayrılması nəzərdə tutulur. Bundan başqa, investisiya xərcləri bölümündə də səhiyyənin öz payı olacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG