Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:09

«Azərbaycan Bakının boğazında qalıb»


Rəhman Bədəlov
Rəhman Bədəlov
«Bakı getdikcə Azərbaycanı udmaq istəyir. Azərbaycan elə bil Bakının boğazında qalıb, ərimir».

«Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı olan fəlsəfə doktoru, professor Rəhman Bədəlov belə deyir. Tanınmış yazıçı Rüstəm İbrahimbəyovun Bakının indiki vəziyyəti ilə bağlı fikirlərinə münasibət bildirən Bədəlov, Milli Məclisdə aparılan müzakirələri pisləyir:

«Rüstəm İbrahimbəyovun fikirlərini müzakirəyə çıxarmaq Milli Məclisin funksiyası deyil. Əslində, o, düz deyir. Regionlar getdikcə boşalır, mədəni həyatı tükənir. Hamı Bakıya axışır. Paytaxtın son 100 ildə tarixi xeyli faciəlidir. Bu illər ərzində regionlardan Bakıya gələnlər çox olduğu üçün şəhərdə normal urbanistik məkan yaranmayıb. Gələnlər həmin prosesin qabağını alıblar».

Müsahibimiz belə hesab edir ki, cəmiyyət sakit tərzdə, hay-küysüz Rüstəm İbrahimbəyovun dediklərini müzakirə etməli və nəticə çıxarmalıdır:

«Etiraf edək ki, Bakı son 15 ildə simasını dəyişib və kəndə daha çox oxşamağa başlayıb. Mənim evimin yanında toyuqlar qaçır. Əgər şəhərdə uşaq küçədə toyuq görə-görə böyüyürsə, onun şüuru da başqa cür formalaşır. Biz şəhərli psixologiyasını formalaşdırmalıyıq».

Azərbaycandan kənarda yaşamağa məcbur olmuş yazıçı Çingiz Hüseynov da Rüstəm İbrahimbəyovun fikri ilə razılaşır. Deyir ki, Rusiyada olduğu kimi, Azərbaycanda da elita yox dərəcəsindədir:

«Elita kəlməsi vicdan, ədalət sözlərinə bağlıdır. Elita - həqiqət naminə var-yoxundan keçməyə hazır olan deməkdir. Yəni, kütlə deyir belə olub, belə də olacaq. Elita isə deyir ki, belə olub, ancaq belə olmamalıdır».

Çingiz Hüseynov bu məsələnin Milli Məclisdə müzakirə olunmasını gülməli sayır. Hesab edir ki, bu, mübahisə icazəlidir:

«Məqsəd xalqın diqqətini əsas hədəfdən, ölkənin vacib problemlərindən yayındırmaqdır. Azərbaycanda söz, fikir azadlığı, sərbəstliyi əsaslı surətdə pozulub. Siyasi dustaqları olan, jurnalistləri qazamatda yatan cəmiyyət belə müzakirələri necə gündəmə çıxara bilər?»
XS
SM
MD
LG