Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:51

«Bayrağın ucbatından işsiz qalacağıq»


Gəmi təmiri zavodunun işçiləri
Gəmi təmiri zavodunun işçiləri
- 21-ci əsrdə kimin ağlına gələrdi ki, sürgün olunacaq.
- Elə bilirlər ki, bura Qarabağ dəhlizidir. Ancaq bura Qarabağ dəhlizi deyil, İlham Allahverdiyev adına zavoddur. Bayrağın ucbatından işsiz qalacağıq.
- Bayrağı tikib 354 nəfəri işsiz qoyacaqlar.

Cəmi bir neçə həftədən sonra Bakı dünyada ən uzun bayraq dirəyinə sahib olacaq. Ancaq 162 metr uzunluğunda olacaq dirək artıq bir çoxları üçün problemlər yaratmaqdadır.

Məsələn, ötən həftənin sonundan etibarən İlham Allahverdiyev adına gəmiqayırma və gəmi təmiri zavodunun işçiləri iş yerlərinə daxil ola bilmirlər. Zavod işçiləri bildirirlər ki, zavod hərbçilər tərəfindən tutulub:

- Qarabağla buranı səhv salıblar.

- 6-cı gün səhər saat 7 radələrində zavod Silahlı Qüvvələrimiz tərəfindən zəbt olunub. Gəldik işə, gördük qapı bağlıdır, əsgərlər də içəri buraxmadılar.

Gəmi təmiri zavodu
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmi təmiri zavodu buna qədər Bayılda - bayraq dirəyi ucaldılacaq yerdə yerləşirdi. Ancaq ümumi sahəsi 2500 kvadratmetr olacaq bayraq kompleksi layihəsindən və Bakı Buxtasının təmizlənməsi ilə bağlı hökumətin qərarından sonra zavod və işçiləri öz iş yerlərini dəyişiblər. Ancaq bu yerdəyişmə digər zavodun ərazisinə zorla köçürülməklə həll olunub. Bunu zavodun işçiləri deyirlər. Zavodun direktoru Ağəmi Bəşirov isə bildirir ki, gəmiqayırma və gəmi təmiri zavodunun işçiləri iş yerlərini itirməyəcəklər və narahatçılığa heç bir əsas yoxdur:

«Müdafiə Nazirliyinin zavodunu sökürlər, bura verilir onlara. Bizdə köçürük o biri zavodumuza».

Bakının dünyada ən uzun bayraq dirəyinə sahib olmasının «əziyyətini» çəkənlər arasında Bayılda 128 qaraj sahibi də var. Qaraj sahiblərinə noyabrın 5-nə kimi vaxt verilib ki, qarajlarını könülü söksünlər. Əks təqdirdə, Bakı Şəhəri İcra Hakimiyyəti başçısının sərəncamına uyğun olaraq, qarajlar, üstəlik, 7-8 ev məcburi qaydada söküləcək. Qarajların yerini isə hökumət hərbi dəniz donanmasına verəcəyini bildirir:

Qaraj sahiblərinə noyabrın 5-nə kimi vaxt verilib ki, qarajlarını könülü söksünlər
- Bayrağa görə, bizi köçürürlər. Bizə kompensasiya versinlər ki, özümüzə şərait qura bilək.

- Bir qəpikdən də söhbət getmir, göstəriş veriblər ki, dağıdın başda-başa. Bu insanlar bəyəm çəyirtkədir, qurbağadır, bunları qovsunlar bir yerdən başqa yerə?
- Bizim qaraj 2007-ci ildə Bakı Şəhəri Dövlət Reyestr Xidmətində rəsmi qeydiyyatdan keçib. Mənə dedilər ki, bu sənədi tullayın getsin, onun heç bir əhəmiyyəti yoxdur.

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Qəzənfər Novruzov isə «Azadlıq» radiosuna deyir ki, dövlət əhəmiyyətli layihələri yerinə yetirən zaman hökumət qarajların sökülməsinə sərəncam verə bilər. Bu, labüddür:

«Əgər şəhər və ya rayon icra hakimiyyətləri sakinlərə qaraj istifadəsi üçün sərəncam verirsə, o müvəqqəti xarakter daşıyır. Sərəncamda da deyilir ki, hər hansı dövlət proqramı, dövlət layihəsi həyata keçirilərsə, qarajların sökülməsi labüddür».

7-8 ev məcburi qaydada söküləcək
Hüquqşünas İntiqam Əliyev isə bildirir ki, Azərbaycan qanunvericiliyi də, ölkənin qoşulduğu beynəlxalq müqavilələr də ictimai maraqlar naminə vətəndaşların mülkiyyətinə müdaxiləyə yol verir. Ancaq bu, hər zaman belə olmur:

«Bu cür söküntülərə bəraət qazandırmaq üçün dövlət ehtiyaclarını önə çəkirlər. İşin materialları ilə tanış olanda isə bəlli olur ki, heç bir dövlət ehtiyacından söhbət getmir. Məlum olur ki, sökülülərin yerində hansısa kommersiya təşkilatı bina ucaldacaq».

Elə qaraj sahibləri də hesab edirlər ki, ərazi hərbi dəniz donanması adı altında sökülsə də, bir-iki ilə orada göydələnlər ucalacaq.

Söküntü yerinin yaxınlığında ucaldılacaq bayraq dirəyi isə yaxın vaxtlarda açılacaq.

Layihə Azərbaycan hökumətinə 2-4 milyon dollara başa gəlsə də, qüllə rekordu yalnız bir neçə ay saxlayacaq. Artıq tikintini həyata keçirən «AZİNKO» şirkəti ərəb ölkələrinin birindən Bakıdakından cəmi 1 metr hündür olan bayraq dirəyinin sifarişini aldığını deyir.
XS
SM
MD
LG