Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:18

V.Quluzadə: «Bəyanatda təzə heç bir şey yoxdur»


Moskva. 2 noyabr 2008. Birgə bəyannamənin imzalanması mərasimi

Moskva. 2 noyabr 2008. Birgə bəyannamənin imzalanması mərasimi

«Ortalıqda heç bir şey yoxdur. Vəziyyət necə varsa elə həmin cür də qalır. Bu bəyanatda təzə heç bir şey yoxdur».

Söhbət Moskvaətrafı Mayndorf qəsrində görüşən Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin imzaladığı bəyannamədən gedir. Politoloq Vəfa Quluzadənin əhəmiyyətsiz hesab etdiyi bu sənəddə deyilir ki, tərəflər Cənubi Qafqazda daha sağlam ab-havanın yaranmasına, Dağlıq Qarabağ probleminin siyasi, təhlükəsiz yolla, qəbul edilmiş beynəlxalq hüquq normaları, əldə olunmuş sənədlər çərçivəsində həllinə səy göstərəcək ki, bu da bölgədə iqtisadi və hərtərəfli əməkdaşlığa təkan verəcək.

Bəyannamədə həmçinin ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyilə aparılan danışıqların davam etdirilməsinin və bundan sonra da münaqişənin siyasi prinsiplər əsasında həllinə dair aparılacaq görüşlərin vacibliyi vurğulanır. Qeyd olunur ki, probleminin sülh yolu ilə həlli üçün tərəflərin həll variantının bütün aspektləri və mərhələlərində hüquqi məsuliyyət daşımasına dair beynəlxalq zəmanət olmalıdır. Bundan başqa xarici işlər nazirlərinə ATƏT-in Minsk Qrupunun iştirakilə danışıqlar prosesini daha da fəallaşdırmaq tapşırılır.

«Rusiya iki prezidenti Moskvaya çağırıb yenə boş-boşuna buraxmaq istəmədi. Ona görə heç bir əhəmiyyəti olmayan bəyanat imzalatdırdı. Bəyanat heç kimi heç bir şeyə cavabdeh etmir. Bəyanatlar o qədər imzalanır ki, nə olsun...». Bu, politoloq Vəfa Quluzadənin fikirləridir.

«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu da deyir ki, tərəflərin üzərinə heç bir öhdəlik qoymayan bu sənəd heç də Dağlıq Qarabağ münaqişəsinin həllində hərbi yoldan istifadəni istisna etmir:

«Çünki hərbi yolu istisna edən bir neçə öhdəlik sənədlər var ki, onu tərəflər dəfələrlə imzalayıblar. Avropa Şurasının üzvü olarkən, Avropa Qonşuluq siyasəti çərçivəsində fəaliyyət proqramını imzalayarkən üzərinə belə missiya götürüb. Bu baxımdan bu sənədin də müharibənin qarşısını alacaq gücü yoxdur. Digər bir tərəfdən də Moskva görüşü belə bir deklorativ sənədlə yekunlaşırsa, bu da onun göstəricisidir ki, münaqişənin tez həll olunacağı haqqında optimist bəyanatların heç bir əsası yoxdur».

İki gün sonra Azərbaycan prezidentinin Türkiyəyə səfəri gözlənilir. İlham Əliyevi Türkiyəyə prezident Abdulla Gül dəvət edib. Dağlıq Qarabağ münaqişəsinin bu ölkədə də müzakirə olunacağı ehtimal olunur.

«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, rəsmi Ankara da çalışacaq ki, Bakını müəyyən güzəştlərə getməyə inandırsın. Amma ekspertə görə, bu səfərdən də münaqişənin həlli istiqamətində pozitiv nəsə gözləməyə dəyməz. Çünki bugünkü gündə həm Azərbaycanın dövlət maraqları, həm də hakimiyyətin siyasi maraqları baxımından hansısa güzəşt variantı mümkün deyil.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG