Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:28

«Bir-birimizin arxasından bıçaq vurmayaq»


Partiyaların yeni siyasi birliklə bağlı mövqelərində fərqlər var

Partiyaların yeni siyasi birliklə bağlı mövqelərində fərqlər var

«15 oktyabr prezident seçkisini boykot edən beş müxalifət partiyasının bir mərkəzdə birləşməyində fayda var». Bunu «Azadlıq» radiosuna qurumdakı partiyalardan birinin – AXCP-nin sədri Əli Kərimli deyir. Onun sözlərinə görə, cəmiyyət uzun müddət aralarında münasibət olmayan müxalifət partiyalarının birləşməsini müsbət qarşılayıb. Bu səbəbdən konkret olaraq prezident seçkisi ilə bağlı birləşən müxalifət qüvvələri yeni hədəflər seçməlidir:

Əli Kərimli: «Ortaq məqsədlərimizi bəyan edə bilərik. Bu, proporsional seçki sistemlərinin bərpası, seçki komissiyalarının tərkibinin dəyişdirilməsi, azad mətbuatın müdafiə olunması, siyasi məhbusların azadlığa çıxması uğrunda birgə mübarizə, siyasi partiyalara normal işəmək imkanının yaradılması və başqa məsələlər ola bilər. Yaxın hədəflərimiz həm də 2009-cu ilin bələdiyyə, 2010-cu ilin parlament seçkilərinə vahid seçki bloku şəklində qatılmaqdır».

Müsavat Partiyasının başqanı İsa Qəmbər isə Müxalifətin Əməkdaşlıq Mərkəzinin yeni siyasi güc mərkəzinə çevrilməsi üçün müzakirələrin davam etdiyini deyir. Onun sözlərinə görə, müzakirələrin gedişində indiki format dəyişə də bilər.

İsa Qəmbər: «Prinsipial mövqe bildirən, iqtidara real alternativ olan, iqtidarın legitim olmadığını qiymətləndirməyə özündə güc tapa bilən qüvvələrin işbirliyi daha realdır. Başqa siyasi qüvvələr real addımlar atdıqca, bizim sıralarımız genişlənə bilər».

Bir sıra yerli media orqanları isə iddia edirlər ki, qurumda birləşən partiyaların yeni siyasi birliklə bağlı mövqelərində fərqlər var. Elə bu səbəbdən də konkret addımların atılması yubanır. Qurumda təmsil olunan Milli Birlik Hərəkatının lideri Lalə Şövkət Hacıyeva düşünür ki, birlik yarana bilər. Ancaq bu, sadəcə birlik xatirinə olmamalıdır:

«Bu birlikdə ən əsası qarşılıqlı sayğı, etimad olmalıdır. Məcazi mənada bu yol 100 km-dirsə, heç olmasa onun 10 km-ni mərdanə gedək. Bir-birimizin arxasından bıçaq vurmayaq. Bu, çox önəmli məsələdir».

Lalə Şövkət deyir ki, müxalifətin yeni birliyi dəyərlər, konkret mövqe və məqsəd üzərində yaradılmalıdır. Belə olmasa, son məqamda hədəflərə çatmaq mümkün olmayacaq.

«Azərbaycan Naminə» İctimai Forumun rəhbəri Eldar Namazov isə deyir ki, onlar müxalifətin geniş koalisiyasının tərəfdarıdırlar. Ancaq bu o demək deyil ki, istənilən siyasi qüvvə burada təmsil oluna bilər:

«Ona görə ki, bizim öz prinsiplərimiz var. Biz real demokratik dəyişiklikləri arzulayan qüvvələri birləşdirmək istəyirik. Ancaq indi sinəsinə döyən, özünü müxalifət adlandıran xeyli qurumlar var ki, onların bir çoxunun tutduğu mövqe heç də müxalifətçi mövqeyi deyil».

E.Namazov bütün hallarda bu qurumların real müxalifət qüvvələrinin sıralarına qatılmasına qarşı olduğunu deyir. Onun sözlərinə görə, söhbət geniş koalisiyadan getsə də, hədəfdə say yox, keyfiyyət olmalıdır.

XS
SM
MD
LG