Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:55

«Dövlət başqanı olmaq istəyirəm»


«Can Bakı» verilişinin qonağı olan türk müğənnisi Çelik Erişçi

«Can Bakı» verilişinin qonağı olan türk müğənnisi Çelik Erişçi

«Bakıya ilk dəfə gələndə, məni ən çox təəccübləndirən insanların konsertdəki geyimləri idi. Hər kəs gecə geyimində, qalstukda idi. İlk konsertdə mənə salon dolusu gül verdilər. Azərbaycanda musiqi dinləmək mədəniyyəti var».

Bunu «Can Bakı» verilişinin qonağı olan türk müğənnisi Çelik Erişçi deyir.

O bildirir ki, altı il bundan əvvəl gördüyü Bakı ilə indiki arasında çox böyük fərq var:

«Müdhiş, təxmin etməyəcəyiniz dərəcədə dəyişiklik var. Bakının içində yaşadığınız üçün bəlkə də sizlər bunu hiss etmirsiniz».

Müğənni əmindir ki, 5-10 ildən sonra Bakı Qafqazın Parisinə çevriləcək. Elə bu səbəbdən də Çelik Bakının mərkəzində açdığı restorana məhz «Paris» adını verib.

Çelik siyasətdən də gen gəzmir. O, Azərbaycanın dövlət siyasətini izləyir və bəyənir:

«Mən Qarabağı kəsin olaraq Azərbaycanın olaraq görürəm. Mən Azərbaycan siyasətinin yanındayam».

Çelik yaxın vaxtlarda Bakıda klip çəkməyi də planlaşdırır:

«Artıq klipin çəkiləcəyi mahnı da müəyyənləşib. Mahnının ifası, səslənməsi və klipi burda olacaq. Sonra Kanal D-də Bəyazın proqramında nümayiş etdiriləcək. Həmin proqram üçün burdan canlı bağlantı qurulacaq. Türkiyədə heç kəs mənə «Bakıda çəkdiyin klipi göstərmə» sözünü söyləməyə cəsarət etməz».

Hazırda İstanbul Texniki Universitetinin tələbəsi olan Çelik Erişçi özünə çox güvəndiyini söyləyir:

«İdealda dövlət başqanı olmaq, ölkəni yönəltmək istəyirəm. Bu, ola da bilər, olmaya da».

Artıq 25 ildir səhnədə olan Çelik deyir ki, bu yaxınlarda böyük proyekt hazırlayır. O, məşhur «Hərcai» mahnısının üzərində simfoniya yazmağı planlaşdırır.

Çelik «Can Bakı»ya ilk zəng edib ona sual verən dinləyicini ailə üzvləri ilə birlikdə sahibi olduğu restoranda axşam yeməyinə dəvət etdi.

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG