Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:42

90 qəpiklik vəkil…


«Bizdə ancaq vəkilin prosesdə, yaxud dindirmədə işlədiyi saatları yazırlar»
«Bizdə ancaq vəkilin prosesdə, yaxud dindirmədə işlədiyi saatları yazırlar»
Ucuz ətin şorbasından atalar nə gözləyirsə, saatı 90 qəpik olan vəkildən də məhkəmədə təqsirləndirilən şəxslər onu umurlar. Azərbaycanın «Vəkillər və vəkillik fəaliyyəti haqqında» qanununa görə, hər bir vətəndaşın pulsuz hüquqi yardım almaq, dövlətin təyin etdiyi vəkillə məhkəmədə çıxış etmək haqqı var. Vəkil təqsirləndirilən şəxsi müdafiə edir, dövlət də vəkili. Necə? Gördüyü işin hər saatını 90 qəpiklə qiymətləndirməklə. Belə qiymətləndirmə isə Nazirlər Kabinetinin (NK) qərarına əsasən, 2001-ci ildə müəyyənləşdirilib. 2006-cı ildə isə bu qərara dəyişiklik edilərək məbləğ 90 qəpiyə qaldırılıb.
Vəkilin məsələn, Sumqayıtda yaşayıb Bakıda işləməsini təsəvvür etsək, o, bir saatlıq işi ilə ancaq yol pulu verəcək, yəni bu məbləğin üstünə 10 qəpik də qoyub bir günlük gediş haqqını ödəyəcək.
Bu vəkillərin pulsuz xidmətindən kim və necə istifadə edir?
2007-ci ildə qonşusu ilə mübahisəsi məhkəməyə qədər uzanan Sədaqət Əzimova istintaq zamanı dövlət tərəfindən onun müdafiəsi üçün təyin olunan vəkilin ancaq imzasını görüb:
- İstintaq gedəndə mən müstəntiqə dedim ki, bizə vəkil lazımdır. Dedi ki, vəkilə ehtiyac yoxdur. Biz işi elə edəcəyik ki, sizə bəraət veriləcək və iş xətm olunacaq. Belə dediklərinə görə də mən vəkil tutmadım. Amma demə bunlar gizlincə 12 nömrəli məsləhətxanadan bizə iki vəkil tutublar. Bunu məhkəmədən ittiham aktını alandan sonra bildim.
- Bəs vəkillər hansısa müdafiə fəaliyyəti yerinə yetirmişdilər?
- Müstəntiq onlara qol çəkdirib. Sonra da işin arasına yazıb atıblar ki, belə bir vəkil olub və guya bizi müdafiə edib. Biz nə vəkilin üzünü görmüşük, nə də adını eşitmişik.
Məhkəmədə də Sədaqət Əzimova pulsuz vəkil xidmətindən faydalana bilməyib:
- Dövlət tərəfindən təyin olunmuş vəkil bizdən çox pul istədi, imkanım olmadığına görə razılaşmadım. Qızımla mənim müdafiəm üçün hərəmizə hardasa 300-400 manat istəyirdilər. Dedim mən heç ayda 100 manat qazanmıram, gəlirim yoxdur. Ona görə də bir neçə dəfə məhkəmə prosesini təxirə saldım. Sonra xeyli vəkilin yanına getdim, ancaq çox pul istədilər.
2005-ci ildən bu günə kimi məhkəmələri dolaşan Elman Daşdanova üç dəfə dövlətin təyin etdiyi vəkil təklif edilib. Amma…
- Zəng vurdum neçə dəfə. Dedi böyrəyim ağrıyır. 15-20 gün keçdi. Yenə dedi xəstəyəm. Sabahı gün yenə zəng etdim. Gəlmədi. Dedim ki, mən müdafiəsizəm, mənə başqa bir vəkil verin. Esmiralda adlı vəkil də düz məhkəmənin zalında qışqıra-qışqıra dedi ki, sən mənə pul verməsən, işinə niyə baxım? Mən onu günahlandırmıram. O, məndən yalan olmasın, 500, yoxsa 1000 manat istədi. Dedim sənə o qədər pulu niyə verim? O da dedi ki, mən sənə bu başdan deyirəm, sənədlərə baxacağam, iştirak edəcəyəm, amma heç nəyə qarantiya vermirəm.
4 saylı hüquq məsləhətxanasında çalışan Famil Məmmədov 10 ilə yaxındır ki, vəkillik edir. İki ayda 4-5 dəfə məsləhətxana onu dövlət hesabına çıxış edənlərin siyahısına yazır. Dediyinə görə, iştirak etdiyi işlər də olub, etmədiyi də. İştirak etmədiyi hallar vətəndaş müqaviləli vəkillə məhkəməyə gələndə olub:
«Düzü, mən heç vaxt dövlətin verdiyi pulu almamışam. Yəni orda müəyyən formallıqlar var: vəkil hansı prosesdə dövlət təyinatı ilə iştirak edirsə, onu təsdiq edib Maliyyə Nazirliyinə göndərməlidir. Mən bu formallıqları heç vaxt etməmişəm. Çünki həm məbləğ çox az olduğuna görə marağım olmayıb, həm də əlavə vaxt itkisidir. Yalnız bildiyimə görə, mənə hansısa prosesə görə, 21 manat yazıblar. O da hələ gəlib çıxmayıb».
Azərbaycanda yaşayış minimumu 75 manatdır. Minimum istehlak səbəti qeyri-rəsmi hesablamalara görə, 150 manata yaxındır. Minimum əməkhaqqına gəlincə, son dəyişiklikdən sonra 65 manat müəyyənləşib. 270 manat da orta aylıq əməkhaqqının göstəricisidir. Vəkil bir ayda üç dəfə məhkəmədə dövlət hesabına çıxış etsə və ona yazılan saatların haqqını almaq imkanına malik olsa belə, onun qazancı bu rəqəmlərlə rəqabətə belə girə bilməz. Rəqəmlərdən ibarət bu portretə baxanda, Nazirlər Kabinetinin dövlət hesabına vəkillik xidməti göstərilməsinə görə, ödəniş taariflərini müəyyənləşdirərkən hansı meyarları əsas götürdüyü bəlli olmur. Məsələ ilə bağlı NK-ya göndərilən sorğumuz isə cavablandırılmadı.
Vəkil Famil Məmmədovun fikrincə, problem təkcə vəkilə ödəniləsi qonorarın məbləğində deyil, başqa bir məsələ də ona yazılan iş saatları ilə bağlıdır:
«Bizdə ancaq vəkilin prosesdə, yaxud dindirmədə işlədiyi saatları yazırlar. Dünyanın inkişaf etmiş ölkələrində isə bu fərqlidir. Yəni orada məbləğ hesablanarkən təkcə vəkilin prosesdə iştirakı deyil, onun hazırlığı, yolda vaxt itkisi və s.-də nəzərə alınır».
Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev isə deyir ki, 90 qəpiyə hər hansı vəkilin vətəndaşa göstərəcəyi xidmətlə bağlı şübhələri var. O, hesab edir ki, təqsirləndirilən şəxs kimi Sədaqət Əzimova və Elman Daşdanovun pulsuz vəkil xidmətindən yararlana bilməməsi tipik bir haldır və bu, vətəndaşların məhkəməyə çatımlılıq hüququnun pozulması deməkdir:
«Monitorinqlərin nəticələri onu göstərir ki, vəkillər onların üzərinə qoyulmuş bu vəzifəni – əksər hallarda vəkilləri buna məcbur edirlər – formal olaraq yerinə yetirirlər. Digər tərəfdən də hüquqşünaslar həmin o pulu ala bilmirlər. Dəfələrlə bununla bağlı məsələlər ən yüksək səviyyələrdə qaldırılıb və son nəticədə dövlət vətəndaşların pulsuz hüquq yardımı almaq hüququnu tanıyıb. Amma digər tərəfdən də vətəndaşlar bu hüquqdan faktiki olaraq istifadə edə bilmirlər. Dünyanın inkişaf etmiş ölkələrində pulsuz hüquq yardımına ayrılan vəsaitlərin həcmi Azərbaycanın dövlət büdcəsindən bir neçə dəfə böyükdür. Yəni buna çox böyük əhəmiyyət verirlər».
Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov da dövlət hesabına xidmət göstərən vəkilə verilən məbləğin daha yüksək olmasını istədiklərini deyir. Bu barədə Kollegiyanın 2005-ci ildə verdiyi təklifə uyğun dövlət qurumlarında baxıblar və bu qənaətə gəliblər ki, 90 qəpik bəs edər.
Saatı 90 qəpik olan vəkilin öz öhdəliyindən imtina etməsini F.Nəcəfov mümkünsüz sayır, çünki qanun buna icazə vermir:
«Vəkil üzərinə götürdüyü öhdəlikdən heç vaxt imtina edə bilməz. Bizim qanunda da bu göstərilib».
Vəkillər Kollegiyasından verilən məlumata görə, 2007-ci ildə cinayət işlərində təyinatla 5658, istintaq və təhqiqatda isə 5914 vəkil iştirak edib.
2007-ci ilin başqa bir göstəricisi isə odur ki, Azərbaycan vətəndaşlarının məhkəməyə çatımlılıq hüququnun pozulmasıyla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə 30-a yaxın şikayət göndərilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG