Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:20
Koxanəbi Tovuz rayonunun Ermənistan silahlı qüvvələri postundan cəmi 300 metrlik məsafədə yerləşir. Burda 5 il bundan əvvələdək min nəfərdən çox sakin yaşayıb. Sərhəd kəndin ağır şəraitinə çətinliklərinə dözməyib kəndi tərk edənlər də olub. Qorxu içində də olsa mübarizə edən 200 nəfərdən çox sakin hələ də burda yaşayır...

«-Mənim 16 yaşım var. Adım Səddam Hüseyndi.
-Nə?
-Səddam Hüseyn».

O da, Tovuzun Koxanəbi kəndində yaşayır. Mənə Ermənistan ordusunun kəndi aramsız atəşə tutması nəticəsində evlərin dam örtüyündəki güllə yerlərini, yandırılmış əkin sahələrini göstərir. Bələdçim deyir ki, adına görə tək kəndlərində deyil, elə hərdən-bir getdiyi orta məktəbdə də çox məşhurdur. Səddam Hüseyn adını isə ona babası verib. Səbəbini heç özü də bilmir.

Koxanəbinin digər sakini Elşənlə isə təpə başında rastlaşdım. Silahını kürəyinə aşırıb, belinə də bir daraq güllə dolayıb. Deyir anamı, bacımı qorumalıyam, əsgərliyi bitirsəm də mənim kimi oğullar bu kənddə hələ də əli silahlı gəzməlidir. Çünki bu kənddə hər gün atışmadır.

Kəndin başqa sakini 35 yaşlı Həqiqət xanımın möcüzə adlandırdığı əhvalatından söz açım. Həqiqət xanım 7 il bundan əvvəl 6 aylıq övladını və özünü güllədən qoruyan körpə bələyindən danışır. Bu kənddə onun kimi hər an balasını itirmək qorxusu ilə ürəyi səksəkədə olan çoxlu ana var:

«Belimdə bələkli uşaq su götürmək istəyirdim ki, birdən atəş açdılar. Elə bildim məni vurdular, yerə yıxıldım. Sonradan baldızım bələyi açanda gördülər ki, güllə yerə düşdü. Nə mənə, nə də uşağa bir şey olmuşdu».

Gülşən xalanın yaşı 70-i haqlayıb. Məni evinə dəvət etdi, dedi ki, onun mənzili qarşı tərəfdəki silahlı qüvvələrin 3 postundan görünür. İndi balaca daxmaya oxşayan ev bir vaxtlar kəndin ən əzəmətli evlərindən olub. Evin əzəməti də ev sakinlərinin şuxluğu da hər gün atılan güllə səslərinin əks sədasından, vahiməsindən sarsılıb. Divarın bir neçə tərəfdən dəlik-deşik olan köhnə ağ kərpicləri sanki bir-birinə birtəhər dayaq durur. Dam örtüyündəki güllə deşiklərinə parça tıxayıblar ki, yağış yağanda evə tökülməsin. Bu evdə 2 ay bundan əvvəl balaca bir körpə də doğulub.

Koxanəbililərin sosial problemləri…

Koxanəbi kəndinə heç vaxt su çəkilməyib. Qaz da yoxdur. Suyu gətirmək üçün «Bulağcan» bulağına gedirlər.
Kənd sakini Bilqeys Hüseynova deyir ki, mal-qara üçün aldığı yemlərin, yəni ot tayasının yerini 3-4 dəfə dəyişib
Sakinlərin dediyinə görə bu bulaq da düz silahlı qüvvələrinin postuyla üzbəüzdür. Bu kənd ancaq elektrik enerjisiylə təmin olunur. Sakinlər deyir ki, işıqpulunu ödəyə bilmədikləri üçün onsuz da qorxulu olan gecələrini qaranlıqda keçirməli olurlar.

«Cəmi bir elektrik lampası yandırırıq, aldığımız pensiyanı da ancaq işığa gedir. Qazımız yoxdur, odun gətirməyə də erməni qoymur. Ürəyimiz qopur, gecəmiz yox, gündüzümüz yox».

Hər bir Koxanəbilinin ucu-bucağı görünməyən neçə hektarlarla dəmyə torpağı, öz-özünə tozlanaraq yağış suyuna yetişən bir neçə meyvə ağacları da var. Amma kəndlilər deyirlər ki, Ermənistan ordusunun mövqelərindən atılan güllələrin qorxusundan nə bu ağacların bəhrəsini yeyə bilirlər, nə də torpağı rahat əkib-becərə bilirlər.

Tovuz rayon İcra Hakimiyyətinin başçısının müavini Bəhruzər Rüstəmov sərhəd kəndlərinin sosial problemlərinin həllinə çalışdıqlarını deyir. O, bildirir ki, bu kənddə su borularından söhbət gedə bilməz, qaz xəttinin çəkilməsi də hələlik mümkün deyil. Onun fikrincə, kənddəki problemləri həll etmək üçün əks tərəflə sülh sazişinin olması lazımdır:

«Müharibə vaxtı Tovuz rayonunun infrastrukturunun əsas hissəsi - yol, işıq, qaz rabitəsi, həmçinin sərhəd kənlərindəki evlərin 40 faizi sıradan çıxıb. Ötən il Tovuz-Əlibəyli yolunun təxminən 18 kilometri yenilənib. Biz sülhə nail olunmasını gözləyirik».

Koxanəbi sakinləri ümidlərini sülhə dikiblər

Koxanəbi sakinləri ümidlərini bir gün gələcək sülhə dikiblər. Amma bu, onların problem dolu həyatlarını o qədər də asanlaşdırmır. Bir həmsöhbət görən kimi, dərdlərini bölüşməyə başlayırlar. Di gəl ki, bu kəndə gedən yollara ayaq basmaq istəyən də çox deyil.

Koxanəbiyə yay fəslindən başqa heç vaxt maşın çıxa bilmədiyini desəm, yəqin kəndin yollarındakı vəziyyəti təsəvvürünüzə gətirərsiniz. Koxanəbinin girəcəyindən 1 kilometri keçən kimi başlayan yolu piyada getmək də hər adamın işi deyil. Əslində yolların çətin keçilməsinin bir səbəbi də kəndin dağlıq sahədə olmasıdır. Yol maşınları da ancaq Koxanəbidən 3 kilometr uzaqda olan Əsirlik kəndinə qədər gedir:

«Yollarımız pis gündə, maşın gəlib çıxmır. Rayondan gəlirsən bir taksiyə deyirsən 50 «şirvan» verirəm məni apar ora, deyir «atam-anam sana qurban mənə 100 «şirvan» da versən ora çıxmaram.
Kənd sakinləri deyirlər ki, hər gün atışma olduğundan, evləri xarabazara çevrilir
Əsirlikdən düşüb 3 kilometri piyada gəlirik. Bu kəndə bir maşın çıxmır. Mən öz vətənimi qoyub haraya gedəsiyəm».

Dağların başında gözdən uzaq, könüldən iraq bu kəndin bu günü kimi, gələcəyi də dumanlıdır.

Əli silahlı Elşən də yaxşı təhsil almaq, işləmək arzularının puça çıxdığından gileylənir.

Elşən deyir ki, müharibənin ilk qurbanları bu kənddən çıxıb. Onun bir neçə yoldaşı da erməni əsgərlərinin gülləsindən ölüblər.

«Deputatımız bizim kəndin yolunu belə tanımır»

Elşən kimi söhbətləşdiyim bütün sakinlər deyirlər ki, onların millət vəkili olmasa da, Qənirə Paşayevadan başqa, hətta rayonun İcra Hakimiyyətindən də heç kim qorxusundan bu kəndə çıxıb onların problemləri ilə maraqlanmırlar. Gədəbəy-Tovuz 104 saylı Seçki Dairəsindən seçilən deputatı belə tanımırlar. Deyirlər ki, elə deputat da bu kəndin yolunu tanımır:
«Deputatımız Nazim Məmmədov heç vaxt bu kəndə gəlməyib. Qənirə Paşayeva heç bizim deputatımız olmasa da bura gəlir. Nazimi isə bir dəfə görməmişik».

Deputat Nazim Məmmədov isə deyir ki təxminən 15 gün olar seçildiyi ərazidə olan bir çox sərhəd kəndlərə baş çəkib elə Koxanəbidə də olub. Deputat kəndlilərin sosial problemlərini həlli ilə bağlı planlarından danışdı:

«Məktəbin və bəzi evlərin dam örtüyündə Ermənistan ordusunun snayperlərinin atdığı güllə yerləri var. Onların təmir edilməsi vacibdir. Qaz məsələsinə gəldikdə isə Koxanəbiyə vaxtilə qaz çəkilib qaz xətlərinin 75 faizi qaydasındadır. Yerli qaz istismar idarəsinin və «Azəriqaz»ın köməkliyi ilə söz veriblər qışa kimi kəndə qaz çəkilməsini təmin etsinlər».

Koxanəbililər deyirlər ki, bu kənd Tovuzun açarıdır əgər onlar kəndi tərk etsələr, rayon işğal oluna bilər. Postdakı Azərbaycan əsgərləri ilə birgə sözün əsl mənasında kəndin qoruqçusu olduqlarını deyən Koxanəbililər hökumət işçilərindən diqqət və qayğı istəyirlər:

«Vətənimdən bezdiriblər…»

Problemlər çox olsa da, əlinə imkan düşən kimi kəndi tərk edəcəyini yalnız bir nəfər - 38 yaşlı köhnə polis işçisi Ələsgər deyirdi. Amma Koxanəbidə tərk edilmiş evlər də az deyil. Deyirlər ki, bu evlərin sakinləri qorxuya, çətinliyə dözməyib, mal-qarasını da satıb başqa yerə köçüblər:

20 yaşlı kənd sakini Elşən: «Anamı, bacımı qorumalıyam…»
«Dədəmə, anama görə qalmışam, yüoxsa mən mən burda yaşamaram. Əlbəttə buranı tərk etməyi fikirləşirəm. Gedib başqa yerdə küçə süpürərəm, amma, gəlib burda yaşamaram. Onsuzda imkanı olanların hamısı çıxıb gedib…»

Koxanəbi sakinlərinə torpaq islahatına əsasən əkib-becərmək üçün torpaq sahəsi verilib. Amma bunun üçün kəndli gərək 150 kilometr yol qət etsin. Ələsgər deyir ki, bu, kəndlini açıq-aşkar doğma yurdu tərk etməyə sövq edirlər. Kəndlilər hökumətin əkinlə məşğul olanlar üçün ayırdığı aylıq kompensasiyanı da ala bilmədiklərini deyirlər:

«Hökumətin verdiyi pay torpağına getmək üçün gərək Gürcüstandan keçəsən. Bu da faktiki mümkün deyil. Əkin-biçinlə məşğul olanlardan heç kimə heç olmasa traktoru işlətmək üçün belə pul vermirlər, Tovuzun digər kəndləri pulu alıblar, Koxanəbidən başqa».

Pay torpağı məsələsinə aydınlıq gətirən rayon icra başçısının müavini Bəhruzər Rüstəmov dedi ki, bu pay torpağı kəndlilərə əvvəldən verilmiş, islahatdan sonra sənədləşmiş sahələrdir. Yəni demək istəyirəm ki, bu kəndin dədə-baba torpaqları elə həmişə uzaq yerlərdə olub.

Erkən ərə gedən məktəbli qızlar

Kəndin gözəl qızlarından olan 16 yaşlı Zülfiyyə deyir ki, tərcüməçi olmaq istəyirmiş ingilis dilində kitablar da oxuyurmuş. Amma atası oxumağa qoymayıb, məktəbdən çıxardıb. Bu ildən artıq məktəbə getmir, kənddə toy, şadyanalıq olanda qonşu qızlarının saçını düzəldir, dırnaqlarını rəngləyir, gəlinlərə bəzək vurur. Kənd sakinləri deyir ki, məktəb uzaqda olduğundan və məktəbə gedən yol erməni əsgərlərinin mövqelərindən aydınca göründüyündən bir çox qızlar məktəbi yarımçıq atmalı olublar. Onların əksəriyyəti elə erkən yaşda ailə qururlar.

Zülfiyyənin bacısı Nuranə 7-ci sinifdə oxuyur. Nuranə isə deyir ki, kolların arxasında gizlənə-gizlənə getsə də, məktəbi çox sevir.

«-Məktəbə gedirsən…?
-Hə.
-Neçənci sinfdə oxuyursan?
-7-də
-Gedə bilirsən?
-Gedirik, amma güllə atanda gizlənirik.
-Harda gizlənirsiniz?
-Dərələrdə…
-Sən də Zülfiyyə kimi məktəbi yarımçıq qoyacaqsan?
-Yox istəyirəm ki, 11-ci sinfi qurtarır. Həkim olmaq istəyirəm…»

Kəndlilər yalnız səhər vaxtları bir qədər təsərrüfatla məşğul olur, hava qaralan kimisə atışma başlayır
Tovuz rayon Təhsil İdarəsinin rəis müavini Murğuz Əsədov deyir ki, sərhəd kəndi olsa da, Koxanəbidə şagirdlərin kütləvi dərsdən yayınması halı yoxdur:

«10 sərhəd kəndində yerləşən məktəblərimiz var. Orda bizim dərslər normal keçir. Dərs pozulması, dərsdən yayınma halları demək olar ki, yox səviyyəsindədir».

Koxanəbidə qızların erkən ərə verilməsi nadir hal deyil. Elə həmsöhbətlərimdən biri Gülşən xalanın gəlininin 17 yaşı olsa da, qucağında 2 aylıq körpəsi vardı. Bu tələskənliyin də öz səbəbləri var. Gəncə Regional Qadın Mərkəzinin rəhbəri Məleykə Əlizadə bu barədə belə danışır:

«Biz araşdırdıq, məlum oldu ki, Tovuzun sərhəd kəndlərində erkən evlilik halları digər rayon mərkəzinə nisbətən daha çoxdur. Valideynlər deyirlər ki, artıq bir az böyüyən kimi qız uşaqlarının bir növ həyatını sığortalamaq üçün onları tez ərə verirlər. Digər səbəb həmin kəndlərdə əkin-piçin aparmaq mümkün olmadığından validenlər istəyirlər ki, qızlar tez ailə qurub kənddən çıxsınlar».

Məleykə Əlizadə deyir ki, erkən nikahların əsas səbəbi olmasa da, ənənələr də öz rolunu oynayır. Kənd ağsaqqaları isə deyirlər ki, Koxanəbidə toy ənənələri artıq unudulmaq üzrədir. Burada neçə illərdir doğru düzgün toy səsi eşidilmir, vağzalı çalınmır. Kəndin ağbirçəyi Tamilə nənə deyir ki, qız-gəlinlərin arzuları ürəyində qalır. Bir neçə adam bir yerə yığılan kimi qarşı tərəfdəki postlardan güllə yağışı başlayır. Sakinlər deyir ki, neçə-neçə toylar elə başlanan kimi də bitib.

«Alaqaranlıq düşən kimi bulaqdan su gətirməyə gedirik»

Kəndin hansı döngəsindən keçirdiksə yanmış otlaq yerləri görürdük. Kəndlilərin sözlərinə görə, bu otluğu erməni əsgərləri tank mərmisi ilə atıb külə döndərirlər. Bir oğlan külə dönmüş mal qara yemlərinin altından tapdığı gülləni göstərib deyir ki, onda belə güllədən 6 dənədir. Kənd sakini Bilqeys Hüseynova da deyir ki, mal-qara üçün aldığı yemlərinin yəni ot tayasının yerini 3-4 dəfə dəyişib.

Koxanəbi kəndinin sakinlərin deyirlər ki, sosial yardım üçün rayon Sosial Müdafiə Fonduna dəfələrlə müraciət etsələr də, müvafiq sənədləşmə aparılmayıb. Çünki, rüşvət istəyiblər:

Koxanəbi camaatı sosial yardım almaq üçün müraciət etsələr, də buna nail ola bilmirlər
«Sosial yardım üçün müraciət edirik vermirlər. Mən müraciət eləmişəm sosial yardıma elə bil 6 ay verirlər sonra… gərək 3 ayın pulunu da onlara verməsən sosial yardım almaq mümkün deyil».

Tovuz rayon Sosial Müdafiə Fondunun rəis müavinin Mahmud Hüseynov deyir ki, sakinlərin heç birindən rüşvət alınmır. Təsərrüfatlarına və pay torpaqlarından gələn gəlirlərinə uyğun onlara sosial yardım verilir:

«Müraciət edən ailələrin bütün növ gəlirləri mal-qarasından, o cümlədən pay torpağından gələn gəlirləri hesablanır ehtiyac meyarından çıxılır və onlara verilir».

Mahmud Hüseynov Koxanəbililərdən rüşvət istənilməsi ilə bağlı deyilənləri qəbul etmir: «Elə şey ola bilməz. Sərhəd kəndlərə diqqət daha çoxdur».

Bu kənddə hər gün atışmadır. Sakinlər deyir ki, gülləni sərhədin hər iki tərəfindən atırlar.

Kənddə şəfalı bulaqlar var. Kəndlilər alaqaranlıq düşən kimi bulaqdan su gətirməyə gedirlər. Bir iki adam həyətin yaxınlığına boruyla su çəkib. Sakinlər deyirlər yalnız gecə yarısında bir-iki vedrə su gətirə bilirlər…
Kənddə içməli su kəməri yoxdu, suyu ancaq gecə saatlarında daşıyırlar


Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG