Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:54

Dünya gözünü Çinin 2 trilyon dollarına tikib


ABŞ-da böhrandır, dollar isə güclənir?

ABŞ-da böhrandır, dollar isə güclənir?

Dünya bazarlarında səhmlərin qiyməti nə qədər düşəcək? «Nyu York Taymz» qəzeti yazır ki, dünyanın ən varlı adamı Uorren Baffet səhm almağa başlayıb. Səhmlərin qiymətinin yaxın vaxtlarda düşəcəyi gözlənəndə Baffet heç vaxt səhm almır. Bu da belə yozula bilər ki, deyəsən, bazara qayıtmağın vaxtıdır.

Başqa bir arqument isə ondan ibarətdir ki, nisbi götürəndə səhmlərin qiyməti son 20 ildə ən aşağı həddə düşüb. Ancaq qəzet yazır ki, iki il bundan əvvəl dünyada maliyyə böhranı olacağını deyən Ceyms Melçer indi bildirir ki, səhmlərin qiymətinin ucuz olduğunu demək irrasional yanaşmadır.

Nyu Yorkdakı «Balestra Capital» irs fondunun prezidenti Melçerin fikrincə, səhmlər çox asanlıqla 20 faizlə 35 faiz arasında yenə düşə bilər. Qalxma ondan sonra başlanacaq.

Başqa göstəricilər də böhranın hələ güclənəcəyini göstərir. «Uoll Strit Cornal» yazır ki, Amerikada ev qiymətlərinin ən yüksək həddi 2006-cı ildə olub. ABŞ-da «S&P Case-Shiller» adında ev qiymətlərinin milli indeksi var. Bu indeks 2006-cı ildən bəri 18 faiz düşüb. «Goldman Sachs» şirkətinin iqtisadçıları Birləşmiş Ştatlarda ev qiymətlərinin daha 15 faiz düşəcəyini gözləyirlər.

Bəs evi nə vaxt almalı? «Goldman Sachs»ın iqtisadçısı Yan Hatzius deyir ki, bazarda qiymət düşsə də, ev satan, alandan çoxdur. Evlər 15 faiz də ucuzlaşandan sonra görsəniz ki, satanla alan bərabərləşdi, onda evi almağa dəyər.

Amerikada ev bazarından başlanan böhran o biri sahələrə, o cümlədən 2 milyon amerikalının işlədiyi avtomobil sənayesinə keçir. Hətta ABŞ-da deyirlər ki, banklardan sonra xilas olunmalı şirkətlər «General Motors», «Ford» və «Chrysler» olacaq. Bu üç şirkətin il başlanandan satışı 20 faiz azalıb, yaxın aylarda enişin güclənəcəyi gözlənilir.

Üç şirkətin borcu 75 milyard dolları keçib. Oktyabrın 29-da Ağ Evin mətbuat katibi Dana Perino deyib ki, sənaye şirkətlərinə hökumət yardımı ayrılması nəzərdə tutulmur. Ancaq avtomobil şirkətlərindəki vəziyyət Buş hökumətinin ən ciddi izlədiyi məsələlər sırasına daxildir.

Yəqin ki, belə vəziyyətdə dolların qalxması müəyyən suallar doğurur? ABŞ-da böhrandır, dollar isə güclənir? «Röyters» yazır ki, dolların qalxması hazırda neftin ucuzlaşması ilə bağlıdır. Neftlə bağlı proqnozlar isə hələ ki bədbindir. OPEK və Amerikanın enerji departamenti neftə tələbatın azalacağını proqnozlaşdırır.

Dünya liderləri isə böhranla mübarizəyə əlavə pul axtarırlar. «İndependent» qəzeti yazır ki, bütün nəzərlər Çinə və Körfəzin varlı ərəb ölkələrinə dikilib. Çinin xarici valyuta ehtiyatı 1 trilyon 900 milyard dollardır.

Atlantik okeanının o tayından başlanan maliyyə tufanı artıq Şərqi Avropaya da çatıb. Beynəlxalq Valyuta Fondu, Avropa Birliyi və Dünya Bankı Macarıstana 25 milyard dollar kredit veriblər. Macarıstanın baş naziri Ferents Dyurçan deyir:

«Kreditin məqsədi Macarıstan üçün nağd pul təhlükəsizliyi yaratmaqdır ki, ölkə iqtisadiyyatını və ailələrini qorumaq üçün əldə maliyyə imkanları olsun».

Macarıstan Polşa və Çexiya ilə yanaşı Şərqi Avropanın ən uğurlu iqtisadiyyatına malik idi.

Bəs, nə baş verdi? İndi məlum olur ki, Macarıstan bu vaxta kimi xaricdən 100 milyard dollar borc alıb. İqtisadi inkişafın belə sürətli olması həm də həmin borclarla bağlı imiş. Qlobal maliyyə böhranı ilə Macarıstanın milli pulu forintin dəyəri son bir ayda 20 faiz düşüb. Beynəlxalq Valyuta Fondu bildirir ki, indi Rumıniyadakı vəziyyəti çox narahatlıqla izləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG