Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:16

Azərbaycanı ərəb dövlətlərinin taleyi gözləyə bilər


Neftlə bağlı bir sıra sahələrdə hələ də tənəzzül davam edir
Neftlə bağlı bir sıra sahələrdə hələ də tənəzzül davam edir
«Bu gün bütün telekanallarda, küçələrdə Azərbaycanda istehsal edilən bircə şirənin reklamı var. Mənim yadımdadır, 5 il öncə isə tamamilə başqa bir şirə reklam olunurdu. Bizdə heç zaman iki məhsulun yanbayan dayanan reklamını görmürük. Rəqabət olmayanda isə istər-istəməz ən yaxşı məhsul belə öz istehlakçısını itirir».

İqtisadçı İlham Şaban belə deyir. Onun sözlərinə görə, rəqabətə davamlı məhsul buraxılsa, məmurlar müəyyən malları nəzarətdə saxlamasa, onda həmin məhsullar əvvəl-axır rəqabətə dözməyib bazardan çıxacaq. Ancaq reallıqda hələlik monopoliya və məmurların himayəsi bunun qarşısını almaqdadır:

«Son illər Azərbaycan sənayesi dövlət məmurlarının dili ilə desək, «çiçəklənən dövrünü» yaşamaqdadır».

Ancaq İqtisadçı Bloqqerlər Mərkəzinin rəhbəri Natiq Cəfərli deyir ki, ötən 5 ildə iqtisadi artım birbaşa - neft istehsalının, ixracın artması və neftin qiymətinin bahalaşması ilə bağlı olub.

İqtisadçı hesab edir ki, artımın bütün iqtisadiyyatda baş verdiyini demək düzgün deyil və bu cür terminologiya əslində cəmiyyətdə çaşqınlıq yaradır. Onun fikrincə, ötən illərdə heç bir keyfiyyət dəyişikliyi olmayıb, əksinə həcm artımı baş verib. Üstəlik, yenə də sənayenin qeyri-neft sektoru inkişaf etməyib. Regionlara səfər edən prezidentin hər dəfə bölgələrdə yeni müəssisələr açmasına gəlincə, N.Cəfərli hesab edir ki, dövlətin əsas vəzifəsi zavod-fabrik açmaq olmamalıdır. Məqsəd iqtisadi şəraiti yaxşılaşdırmaq olmalıdır:

«Prezidentin regionlara səfəri ərəfəsində region rəhbərləri məhz ölkə başçısına xoş gəlsin deyə, bəzi istehsal sahələrinin yaranmasını özləri təşkil edir, heç bir iqtisadi əsaslara, hesablamalara söykənməyən müəssisələr açırlar. Prezidentin səfəri başa çatandan sonra isə həmin müəssisələrin əksəriyyətinin taleyi qaranlıq qalır. Bu gün regionlarda ancaq iri holdinqlər fəaliyyətlərini davam etdirir».

Ekspertlər hesab edirlər ki, son illər ölkədə 1-2 müəssisə istisna olmaqla, ümumilikdə iri sənaye müəssisəsi açılmayıb.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Ədalət Abbasov isə şikayətlənir ki, dövlətin dəstəyini az hiss edirlər, banklardan kredit götürə bilmirlər. Digər tərəfdənsə, idxala köklənmiş Azərbaycanın gömrük sistemi sahibkarlıq fəaliyyətinə ciddi zərbə vurur:

«Gömrük sistemində malın gətirilməsi və rəsmiləşdirilməsi ilə bağlı problemlər qalmaqdadır».

Məsələylə bağlı nə İqtisadi İnkişaf Nazirliyindən, nə də «Azpromo»dan (Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan) münasibət ala bilmədik. Ancaq Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev bu yaxınlarda yazdığı məqaləsində bildirirdi ki, son 5 ildə sənaye sahəsində həm keyfiyyət, həm də kəmiyyət baxımından sıçrayış olub. Azərbaycanda sənayeləşmənin bu cür yüksək templə davam etməsinə ölkənin zəngin valyuta ehtiyatları əlverişli impuls verir. R.Mehdiyev yazır ki, 2008–2013–cü illər güclü sənaye istehsalının yaradılması və sənayenin şaxələnməsi dövrüdür. Növbəti 5 ildə də hökumət sənayeləşmənin inkişafına ən azı 3 milyard dollar kapital yönəltməyi nəzərdə tutur. Növbəti illəri əhatə edən Dövlət Proqramına görə, əsas hədəf alüminium, polad, maşınqayırma, yeyinti və yüngül sənaye obyektlərinin yaradılmasından ibarət olacaq.

İqtisadçı İlham Şaban isə deyir ki, büdcəsini neft üzərində quran Azərbaycanda, neftlə bağlı bir sıra sahələrdə hələ də tənəzzül davam edir. Məsələn, neft-kimya sənayesi, ya da keçmiş SSRİ-nin təxminən 2/3-nin tələbatını ödəyən Azərbaycanın neft-maşınqayırma zavodları demək olar ki, tamamilə sıradan çıxıb.

İqtisadçılar hesab edirlər ki, Azərbaycan artıq 10 ildən sonra bölgədə neft ixracatçısından daha çox, karbohidrogen ehtiyatlarının başlıca tranzit bölgəsi kimi yadda qalacaq. Ölkəni ərəb dövlətlərinin taleyi gözləyə bilər. Çünki Dubay, Küveyt, Suriya kimi ölkələr neft bumu yaşasalar da, bundan yararlanmayıb və 30 il ötməsinə baxmayaraq, hələ də idxaldan asılı ölkə olaraq qalmaqdadır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG