Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 23:58

«Kimin ədaləti yoxdur, bayrağını uca edir»


Bayraq Meydanında ucaldılacaq bayraq bu boydadır

Bayraq Meydanında ucaldılacaq bayraq bu boydadır

Bakıda dünyanın ən böyük bayraq dirəyi ucaldılır. Xas poladdan olan dirəyin hündürlüyü 162 metr, çəkisi 300 ton olacaq. Kompleksin ümumi sahəsi isə 2500 kvadratmetrə yaxındır. «Azenko» şirkətinin həyata keçirdiyi layihəyə bir neçə xarici şirkət də cəlb edilib. Tikintini aparan şirkətlərdən biri mediaya layihənin təxminən 4 milyon dollara başa gələcəyini deyib.

Ancaq Bakı bu birinciliyi uzun müddət saxlaya bilməyəcək. Çünki şirkət artıq ərəb ölkələrinin birindən daha hündür bayraq dirəyi sifarişi alıb. Ərəbistan yarımadasının səmalarında dalğalanacaq bayraq Bayıldakı Azərbaycan bayrağından cəmi 1 metr hündür olacaq.

Azərbaycanda 4 milyon dollarlıq bayraq dirəyi layihəsinə münasibətlər birmənalı deyil. İqtisadçı Vüsal Qasımlı deyir ki, bayraq milli qürur mənbəyi olduğundan bu layihəyə 4 milyon dollar xərclənməsi normaldır:

«Bir zamanlar Məhəmməd Əmin Rəsulzadə deyirdi ki, biz milli istiqlal fikrini milli şüurun mərkəzinə gətirə bilmədik. İndi də xalqa milli istiqlal fikrinin aşılanması böyük önəm daşıyır. Millət olaraq formalaşmağımız həm də bayrağa, gerbə, dövlətə, onun atributlarına olan sevgimizlə ölçülür. Bayraq üçün 4 milyon da azdır».

Neft məsələləri üzrə ekspert İlham Şaban isə deyir ki, bahalı layihələr həyata keçirmək istəyi adətən rəqabətə davamlı məhsul istehsal edə bilməyən neft ölkələrinin özlərini başqa formada təsdiqləmək cəhdidir. Ekspert bildirir ki, Türkmənistanda neftdən gələn gəlirdən 1 milyard xərcləyib 50 otel tikiblər. Ancaq həmin otellərdə qalan yoxdur.

Politoloq Hikmət Hacızadə də Azərbaycan iqtidarının bayraq dirəyinin ucalığı ilə fəxr etmələrini başa düşmədiyini deyir:

«Bu görüntü vətənpərvərliyidir. Ən yoğun üzük məndə olsun prinsipidir. Belə işlərin əleyhinəyəm. Bu, demokratik və kapitalist yanaşma deyil. Bayraq qoy balaca olsun, ancaq ədalət böyük olsun. İndi kimin ədaləti yoxdur, bayrağını uca edir».

H.Hacızadənin fikrincə, Azərbaycan bayrağı hətta bundan iki dəfə də uca dirəkdən dalğalansa, bu, ölkədə heç də demokratik dəyərlərin, insan haqlarının uca tutulması anlamına gəlməyəcək.

Şərhləri göstər

XS
SM
MD
LG