Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:17

«Əli Kərimlidən qisas almaq istəyirlər»


AXCP sədri hətta fiziki məhvinə sifariş verilə biləcəyini də istisna etmir

AXCP sədri hətta fiziki məhvinə sifariş verilə biləcəyini də istisna etmir

«Azadlıq» qəzeti yazır ki, ölkənin xüsusi xidmət orqanları Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə qarşı təxribat hazırlayır. Qəzetin son iki sayında dərc edilən məqalələrdə göstərilir ki, onlar bu barədə Türkiyədəki mənbələrdən məlumatlar alıblar. Həmin məlumatlara görə, xüsusi xidmət orqanları Türkiyədəki şübhəli mənbələrlə birgə Ə.Kərimlini radikal dini qruplarla bağlamaq istəyirlər.
«Azadlıq» qəzetinin direktoru Azər Əhmədov deyir ki, məqsəd qarşıdakı 3-4 ayda AXCP sədrini tamamilə sıradan çıxarmaqdır. A.Əhmədovun sözlərinə görə, hakimiyyət Əli Kərimliyə aparıcı müxalifət partiyalarının boykot qərarının təşəbbüskarı olmasını hələ də bağışlamaq istəmir:
«Hətta yeri gəldi-gəlmədi ondan qisas almaq istəyirlər. İndi də Əli bəyi radikal dini qruplarla bağlayıb qara piara başlamaq istəyirlər».
Əli Kərimli özü isə «Azadlıq» radiosuna deyir ki, hakimiyyətin böhtan və təxribatlarına çoxdan öyrəşib. Bu illər ərzində onu qanunsuz silah gəzdirməkdən tutmuş Ermənistan kəşfiyyatına işləməyə qədər müxtəlif məsələlərdə günahlandırıblar. AXCP sədrinin sözlərinə görə, haqqında yayılan iyrənc ittihamlar da hakimiyyətin sifarişi ilə ortalığa atılıb.
AXCP sədri hətta fiziki məhvinə sifariş verilə biləcəyini də istisna etmir. Bununla belə, Ə.Kərimli düşünür ki, onu qorxutmaq üçün belə məlumatları xüsusi xidmət orqanları yalandan da ortalığa ata bilər:
«Bundan sonra da bu adamların mənim haqqımda nə düşünməsindən, nə plan hazırlamasından asılı olmayaraq mübarizəmi davam etdirəcəyəm. Mən xalqa zülm edən hakimiyyətin demokratiyaya zidd, korrupsioner əməllərinin ifşa edilməsi, onların dinc və qanuna uyğun şəkildə devrilməsi üçün əlimdən gələni əsirgəməyəcəm».
Azərbaycanın hakimiyyət orqanları isə bu məsələyə hələ ki, münasibət bildirməyiblər. Milli Təhlükəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Arif Babayev isə deyir ki, onlar mətbuatda gedən yazılara münasibət bildirmirlər:
- Bizə bu barədə müraciət edilməyib.
- Olunsa araşdırılarmı?
- Hər bir vətəndaşın müraciət etmək hüququ var.
Əli Kərimli isə deyir ki, təxribatı məhz hüquq-mühafizə orqanlarından gözlədiyindən onlara şikayət etməyə ehtiyac görmür. AXCP sədrinin sözlərinə görə, düz 14 il əvvəl ona qarşı qanunsuz silah gəzdirmək ittihamı ilə cinayət işi qaldırılıb. Ancaq bu müddət ərzində cinayət işi xətm edilməyib. Halbuki, qanunvericiliyə görə, həmin cinayət işi sübut edilmədiyindən 5 il ərzində xətm edilməliydi. Ə.Kərimli deyir ki, nə qədər prokurorluq və məhkəmə orqanlarına şikayət etsə də, bu məsələ qanunu həllini tapmır.
Hakimiyyətyönlü Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Zahid Oruc isə deyir ki, istər Əli Kərimli, istərsə də digər müxalifət qüvvələri hakimiyyətə təhlükə yaratmadıqlarından onları sıradan çıxarmağa heç bir ehtiyac yoxdur. Üstəlik, onun fikrincə, hakimiyyət qanunsuz üsullarla yox, sivil yollarla bütün rəqiblərdən üstün olduğunu nümayiş etdirib:
«Bu, öz əhəmiyyətlərini artırmaq, ictimai-siyasi proseslərdə qalmaq üçün uydurulan versiyadır».
Politoloq Ərəstun Oruclu isə düşünür ki, indi Azərbaycanda qarışıq hadisələrin baş verməsi üçün əlverişli mühit var. Bir tərəfdən Qarabağ münaqişəsinin həlli sürətlənir, başqa tərəfdənsə Azərbaycan xarici siyasət kursunda dəqiq seçim etməlidir. Üstəlik, hakimiyyətin qarşıdan gələn parlament və prezident seçkiləri ilə bağlı xüsusi niyyətləri də var:
«Hər halda indiki durumda mən belə zorakılığı istisna etməzdim».

Ə.Oruclu deyir ki, ortalıqda hələ dəqiq fakt olmadığından bu məsələylə bağlı birmənalı hökm vermək düzgün olmazdı. Ancaq Azərbaycanın elə yaxın keçmişində baş verənlər həm müstəqil jurnalistlərdən, həm də əsl müxalif qüvvələrdən ehtiyatlılıq tələb edir.

Şərhləri göstər

XS
SM
MD
LG