Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:15

Arif Əliyev: «Mən nikbinəm, jurnalistlərin buraxılacağına inanıram»


Hər üç jurnalist rəsmi ittihamlarla razılaşmırlar və həbslərinin peşə fəaliyyəti ilə bağlı olduğunu iddia edirlər

Hər üç jurnalist rəsmi ittihamlarla razılaşmırlar və həbslərinin peşə fəaliyyəti ilə bağlı olduğunu iddia edirlər

«Mən nikbinəm, jurnalistlərin buraxılacağına inanıram. Bu dəfə şans var və həbsdəki jurnalistlərin məsələsi birdəfəlik həll edilə bilər».

«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev «Azadlıq» radiosunun «Xəbər-ətər» proqramına müsahibəsində belə deyib. A.Əliyev «prezident jurnalistləri əfv edə bilərmi» sualını belə cavablandırıb:
«Bu sual son vaxtlar mənə dəfələrlə ünvanlanmışdı. O zaman deyirdim ki, seçkilərədək jurnalistlərin azadlığa buraxılmasını düşünmürəm. Amma artıq bu məsələnin reallaşması mümkün görünür».

«Media işçilərinin əfvini real göstərən səbəb nədir» sualına gəlincə isə o, bildirir ki, bu, yalnız hüquq məsələsi deyil, prezidentdən asılıdır:
«İkincisi üç jurnalist artıq yetərincə həbsdə yatıb. Üstəlik də seçkilərdən sonra dəyişiklik ehtimalı böyükdür. Məndəki məlumatlara görə, jurnalistlərin əfvinin istənilməsi prosesinə xeyli qurumlar cəlb olunub və proses sakit şəkildə gedir və məncə şans var ki, məsələ birdəfəlik aradan qaldırılsın».

Amma Arif Əliyevi narahat edən başqa məqamdır. Jurnalistlərin əfvini istəməyən, buna əngəl yaradan qüvvələr də var:
«Həbsdəki jurnalistlər ətrafındakı təxribatçı hərəkətlər və əsasız qaldırılan hay-küylər əfvin qarşısını ala bilər. Əslində bütün bunlar əks effekt yaratmaq üçündür».

Hazırda Azərbaycanda üç jurnalist həbsdədir. «Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev terrorla hədələmədə, milli ayrı-seçkilik salmaqda və vergidən yayınmada günahlandırılaraq 8 il yarım cəza alıb.

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid xuliqanlıqda günahlandırılıb, 4 il həbs cəzası alıb. Onun qardaşı, satirik-şair Mirzə Sakit narkotik saxlama ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hər üç jurnalist rəsmi ittihamlarla razılaşmırlar və həbslərinin peşə fəaliyyəti ilə bağlı olduğunu iddia edirlər. Beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycan hökumətindən onun və həbsdə olan digər iki jurnalistin azadlığa buraxılmasını tələb edirlər.
XS
SM
MD
LG