Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:03

Fəallar hələ də Evin həbsxanasındadır


Beynəlxalq Amnistiya hüquq-müdafiə təşkilatıdır

Beynəlxalq Amnistiya hüquq-müdafiə təşkilatıdır

Tehranda iftar süfrəsində həbs olunanlardan dördü hələ də Evin həbsxanasındadır.

Beynəlxalq Amnistiya Təşkilatının oktyabrın 24-də yaydığı bəyanatda belə deyilir. Sentyabrın 10-da Tehranda bir azərbaycanlının evində verilən iftar süfrəsində saxlanılanlardan doqquzu Evin zindanında həbs çəkirdi. Onlardan beşi bir aydan sonra azadlığa buraxılıb.

Bəyanatda deyilir ki, haqqında həbs cəzası kəsilənlərdən beşi zəmanət haqqı ödənilməklə azadlığa buraxılsa da, jurnalistlər Səid Muğanlı və Əlirza Sərrafi, universitet müəllimi Mehdi Nəimi və azərbaycanlıların haqları uğrunda mübarizənin tanınmış simalarından olan Həsən Raşidi indiyə kimi həbsdədir.

Həbsdəki dörd nəfəri indi təkadamlıq kamerada saxlayırlar. Onlara ailələri ilə görüşməyə tutulandan bir ay sonra icazə veriblər. «Amnesty İnternational» deyir ki, onlar indiyə kimi vəkillə təmin olunmayıb.

Bəyanatda o da vurğulanır ki, fəallar milli təhlükəsizlik əleyhinə fəaliyyətdə günahlandırıb tutublar. «Amnesty İnternational» Beynəlxalq İnsan haqları təşkilatı hesab edir ki, hökumət bu həbslərlə etirazların qarşısını almaq istəyir. Təşkilat deyir ki, azərbaycanlı fəallar vicdan məhbuslarıdır. Onların fəaliyyəti milli təhlükəsizliyin əleyhinə yönəlməyib, onlar söz azadlığı və birləşmə azadlığından istifadə ediblər.

Hələ də həbsdə olan fəallardan biri Səid Muğanlı «Azadlıq» Radiosunun «Can Bakı» verilişinə bu ilin iyulunda müsahibəsi zamanı da elə bu hüquqlarından danışmışdı: «Yeni nəsil bir daha Güneydə oyanıb və öz kimliyini araşdırmaq istəyir. Yeni nəsil təhqir olmaq istəmi. İranda ömür boyu ərəblər, türkmənlər, kürdlər təhqir olublar yeni nəsil isə bunu istəmir. İstəyir vətənində insan kimi yaşasın. Bizdə bəzən belə şüarlar da delir ki, Azərbaycan dili türk dili dünyanın 3-cü dilidir. Mən deyirəm lap üçüncü də yox mininci dil olsun mən bu dildə təhsil alım, mən bu dildə məktəbə gedim. Uşaqlarımız məktəbə getsin televiziyalarımız olsun. Ən azı bizim musiqilərimizin səslənməsinə icazə verilsin. Yeni nəsil istəyir ki, öz hürriyyəti ilə kimliyi ilə yaşasın. 1 il, 2 il, 10 il, 100 il bunu sıxma-boğmada saxlaya bilərlər amma partlayış halına gəlib çıxacaq».
Beynəlxalq Amnistiya təşkilatı həbsdən azad olunmuş beş fəala qarşı qanunsuz davranıldığını da bəyan edir.

Buraxılan beş nəfəri - Əkbər Azadı, Hüseyn Heydari, Abbas Naimini, Səyyad Məhəmmədiəni Həsən Rahimi Bayatı zaminə buraxıblar. Onlar hərəsi təqribən 51 min dollar girov qoymalıdırlar. Zaminə götürən adamın məsuliyyəti var ki, fəallar ölkəni tərk etməsinlər. Fəallara deyiblər ki, tələb olunan pulu gətirə bilməsələr, həbsxanaya qayıdacaqlar. Akbər Azadı bir dəfə çağırıb pul istəyiblər, amma o hələ də nə zamin duracaq adam, nə də lazım olan pulu tapa bilməyib.

Əkbər Azad «Amnesty İnternational»a deyib ki, onu həbsdə ikən açıq havaya buraxmırdılar, axır iki gündə yarım saatlıq hava almağa icazə veriblər. Mədəsinin ağrımasına baxmayaraq, həkim çağırmayıblar. Bir dəfə kəskin ağrıları tutubmuş deyə, tibb bacısı göndəriblər. Əkbər Azad deyib ki, onu bəzən gecəyarısına qədər sorğu –sual ediblər. İstintaq vaxtı onu da, ailəsini də hədələyiblər. Azadlığa çıxandan sonra da hədələyici telefon zəngləri alır.

Beynəlxalq Amnistiyanın bəyanatında deyilir ki, bundan qabaq İrandakı azərbaycanlılar yeni dərs ilini boykot etmişdilər, nümayişlər keçirmişdilər ki, uşaqlarına ana dilində təhsil almağa imkan yaratsınlar. İranda dərs ili mehr ayının 1-ci günü, sentyabrın 23-ü başlayır. Fəalları da sentyabrın 10-da tutublar. Azərbaycanlılar İranda ən böyük etnik qrupdur. Onlar əsasən İranın şimalında yaşayırlar. Axır illərdə azərbaycanlılar ana dilində təhsil tələb edirlər. Səid Muğanlı da «Azadlıq» Radiosuna bu haqları alacaqlarına ümid etdiyini bildirmişdi:

«İranda da belə olmalıdır biz demokratiyaya inanmalıyıq. İnsanları azad buraxmalıyıq. Biz öz dilimizdə danışmaq, azad yaşamaq istəyirik».
XS
SM
MD
LG