Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:19

«Hakimiyyət xaricdən gələn tənqidlərə də dözümsüzdür»


«Məqsəd avtoritarizmin ömrünü uzatmaq və daha çox sərvət qazanmaqdır»

«Məqsəd avtoritarizmin ömrünü uzatmaq və daha çox sərvət qazanmaqdır»

«Həm bu seçki, həm də seçkiyə beynəlxalq təşkilatların verdiyi rəyə kəskin münasibət göstərir ki, Azərbaycan hakimiyyəti Qərbə inteqrasiyada maraqlı deyil».
Xarici İşlər Nazirliyinin Avropa İttifaqı (Aİ) Sədrliyinin rəyi ilə bağlı bəyanatını şərh edən Müsavat başqanı İsa Qəmbər belə deyir. O bildirir ki, tək Aİ-nin yox, bütünlükdə Qərb təşkilatlarının rəyi Azərbaycan hakimiyyətini qane etməyib.
Beynəlxalq təşkilatların rəylərində əsasən qeyd edilirdi ki, bəzi irəliləyişlər olsa da, prezident seçkisi öhdəliklərə tam cavab vermir. İsa Qəmbər deyir ki, hakimiyyət tək ölkə daxilində səslənən tənqidlərə deyil, xaricdən gələn münasibətlərə də dözümsüzdür:
«Nəzərə alın ki, Xarici İşlər nazirinin müavinlərindən biri də bu günlər belə açıqlama vermişdi ki, Azərbaycan Avropa Birliyinə qəbul olunmaq niyyəti barədə qərar verməyib. Bu, onu göstərir ki, hakimiyyət seçkini saxtalaşdırmaqla kifayətlənməyib, sivil dünyada layiqli yer tutmaq haqqında niyyətdən də əl çəkib. Məqsəd avtoritarizmin ömrünü uzatmaq və daha çox sərvət qazanmaqdır».
İsa Qəmbər deyir ki, Azərbaycan Rusiyadan nümunə götürərək Qərb təşkilatlarına qarşı belə hücumlara keçir. Onun fikrincə, ancaq bununla hakimiyyət sivil dünyadan da uzaqlaşdığının fərqində olmalıdır.
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin sədr müavini Gültəkin Hacıyeva isə narazılıqla bağlı başqa səbəblərə toxunur. O deyir ki, Qərb təşkilatları Azərbaycanda keçirilən seçkiylə Ermənistan və Gürcüstanda keçirilən seçkini eyniləşdirir:
«Azərbaycanda İlham Əliyevin qələbəsinə heç kim şübhə etmir. Ermənistan və Gürcüstanda isə qələbənin qalibdən oğurlanması müzakirə predmeti ola bilərdi. Bunun əvəzində Azərbaycanda baş verən xırda qüsurları qabartmaq ədalətli mövqe deyil».

Xanım Hacıyeva deyir ki, hər hansı rəy, fikir Azərbaycanı Qərbə inteqrasiya yolundan döndərə bilməz. Ancaq onun sözlərinə görə, Azərbaycandan Qərbə inteqrasiya prosesində Gürcüstan yolu ilə gedəcəyini gözləmək də düzgün deyil.
Politoloq Rasim Musabəyov isə deyir ki, seçkiyə verilən qiymətlərdən razı qalıb-qalmamaq bir, beynəlxalq təşkilatlar qarşısında götürülən öhdəliklərə əməl edib-etməmək isə başqa məsələdir. Onun fikrincə, Azərbaycan söz güləşdirməkdənsə, ciddi dəyişikliyə getməlidir:

«Azərbaycan anlayırsa ki, onun yeri Qərbdədir, onda dəyişikliyə getməlidir».
R.Musabəyovun fikrincə, Azərbaycan hələ ki, ölkəyə gələn neft pullarının təsiri altındadır. Ancaq onun fikrincə, Bakı həqiqətən Qərbə inteqrasiya olunmaq istəyirsə, bu iradları qəbul etməli olacaq.

Şərhləri göstər

XS
SM
MD
LG