Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 10:13

«Hökumətdə dəyişikliklər gözləniləndir»


Hikmət Hacızadə
Hikmət Hacızadə
Yaxın günlərdə İlham Əliyev köhnə kabineti buraxıb yenisini formalaşdıracaq. «FAR Senter» Siyasi və İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Hikmət Hacızadə deyir ki, köhnə-yeni prezident yeni kabinetində dəyişiklik edə bilər:

«Bu barədə hamı və çoxdan danışır. Orda nazirlər var ki, artıq üçüncü müddətdir vəzifələrindədirlər. Ola bilər, İlham Əliyev atasının iqtidarından qalma bu şəxsləri öz yaxınları ilə əvəz edər. Onun demək olar, öz komandası formalaşıb. Bu komandada yaxınları, tələbə dostları var. Hər halda dəyişikliklər gözləniləndir».

Bununla belə, H.Hacızadə hakimiyyətin bütün komandanı yeniləmək üçün kadr potensialının olmadığını deyir. O, prezident seçkisinə qoşulan keçmiş namizədlərin yeni komandaya cəlb ediləcəyini də düşünmür. Deyir ki, ən yaxşı halda onlara deputat mandatı verilə bilər.

Bir zamanlar Heydər Əliyevin komandasında çalışan, indi isə siyasi fəaliyyətini müxalifət düşərgəsində davam etdirən «Azərbaycan Naminə» İctimai Forumun prezidenti Eldar Namazov da dəyişiklikləri mümkün sayır:

«Ancaq vətəndaşların gözlədiyi kadr islahatının da olacağına inanmıram. Kadr islahatı çox geniş anlayışdır. Bu dövlət siyasətinin yerinə yetirilməsi üçün oduqca vacib məsələdir. Aparılan siyasətə uyğun kadrlar yerləşdirilir. Əgər ölkədə demokratik islahatlar keçirməyə bu iqtidarın iradəsi olsaydı, çox geniş kadr islahatı da həyata keçirərdi ki, islahatları həyata keçirə bilən kadr potensialı formalaşdırsın. Bu yolla da o islahatların uğurla həyata keçməsini təmin etsin. Ancaq mən Azərbaycan hakimiyyətində belə bir iradə hiss etmirəm».

Müxalifətyönlü media isə İlham Əliyevin yeni komandasında öz mövqelərini saxlamaq üçün iqtidariçi qruplaşmaların rəqabəti bir qədər də gücləndirdiyini iddia edir. Media yazır ki, Daxili Qoşunlarda «dedovşina» ilə bağlı internetdə görüntülərin yerləşdirilməsi Daxili İşlər naziri Ramil Usubovun vurulmasına yönələn düşünülmüş hərəkətdir.

Siyasi şərhsi Rauf Mirqədirov isə düşünür ki, yeni kabinet formalaşdırılan zaman aparıcı fiqurlar arasında dəyişiklik gözlənilən deyil. Onların çoxu yerini qoruyub saxlaya biləcək:

«Kəmaləddin Heydərovun, Ziya Məmmədovun, Heydər Babayevin, Fazil Məmmdovun yerlərinin kiməsə veriləcəyi inandırıcı deyil. Ancaq İlham Əliyevin yenə də atasından qalma komanda ilə işlədiyini də düşünmürəm. Birinci prezidentliyi dönəmində bu şəxslər İ.Əliyevin komandasında olub və öz səlahiyyət dairələrini Heydər Əliyevin vaxtında olduğundan dəfələrlə genişləndiriblər».

Prezident seçkisində İlham Əliyevə böyük hesabla uduzan namizədlərin yeni komandada təmsil olunmasına gəlincə, R.Mirqədirov onlardan kimlərinsə Fövqəladə Hallar, ya da Nəqliyyat naziri olacağını düşünməyin sadəlövhlük olduğunu deyir. Siyasi şərhçinin fikrincə, onların prezident seçkisinə rəqabətlilik fonu verdikləri üçün mükafatlandırılması mümkündür. Ancaq öz xidmətlərinə layiq səviyyədə.
XS
SM
MD
LG